Dördüncü pərdə
Səhifə 4 / 4 · 75%
Bənövşə
Çox gözəl, bilirdim ki, siz belə cavab verəcəksiniz. Əl-ələ verib işləyərik.
Yusif
Mənim istədiyim də odur. Ayrı bir sözünüz yoxdursa, gedək, həm maşınlara baxın, həm də yeni düzəltdiyimiz karkasları sizə göstərim. Onları quraşdırdıq, bir neçə saata bütün mərtəbə hazır oldu. Bu saat elektriklə qaynaq edirlər. Bir görün, elə bil ildırım çaxır.
Bənövşə
Bəzi yoldaşlar inanmırdılar, indi gəlib görsünlər. Gedək.
Qəmər gəlir.
Bənövşə
Qəmər nə vaxt gəlmisən?
Qəmər
Çoxdan. Sənin xahişini yerinə yetirdim, tibb məntəqənizi yoxladım, səliqəyə saldım, indi getmək istəyirdim ki, burada olduğunu dedilər.
Bənövşə
Çox sağ ol, Qəmər can, mən sənin tibb məntəqəsində olduğunu bilmirdim.
Qəmər
Nə olar? Sənsiz də mən öz işimi gördüm. İndi daha gedirəm.
Bənövşə
Dayan... Yusiflə balaca işimiz var, bu saat qayıdıram, məni gözlə. Gedək, Yusif!
Bənövşə və Yusif gedir.
Qəmər (Camalın kədərli oturduğunu görüb)
Nə olub, Camal qardaş, nə üçün belə fikirlisiniz?
Camal
Fikirli olmayım, neyləyim, doktor?! Xoşbəxtlik gözlədiyi halda bədbəxtliyə rast gəlmiş bir adam şən ola bilməz ki!
Qəmər
Mən sizin sözlərinizi başa düşmürəm. Nə üçün bədbəxtlikdən danışırsınız?
Camal
Bənövşə mənimlə çox ağır rəftar elədi, doktor! O bura bilirsiniz necə gəldi?
Qəmər
Necə gəldi?
Camal
Barmağında mənim nişan üzüyüm, ürəyində isə Yusifin məhəbbəti.
Qəmər
Kimin məhəbbəti?
Camal
Yusifin.
Qəmər
Bu nə sözdür, Camal qardaş?
Camal
Bəli, bəli! Son zamanlar mənim başıma gələn bütün işlərin səbəbi odur, Yusifdir.
Qəmər
Yusif, səbəb? Bəlkə yanılırsınız?
Camal
Mən də yanılmağımı istərdim, ancaq təəssüflər ki, artıq bütün məsələlər aydındır. Bir yaxşı məsəl var, doktor!
Qəmər
Mis düşməsə, cingildəməz?
Camal
Ya da ki, od yanmasa, tüstü çıxmaz. Bənövşə gəldiyi gündən mənim ürəyimi yandırmağa başlayıb.
Qəmər
Bu xəbər mənə sizdən daha çox təsir elədi.
Camal
Əlbəttə. Bu cür xəbərlər səmimi dostları sevindirməz. Ancaq mən bunu belə qoymayacağam, doktor! Ürəyə vurulan zərbə çox ağır nəticə verir. Onun cavabı da ağır olmalıdır.
Qəmər
Dözmək və səbir ilə gözləmək daha yaxşıdır.
Aslan içəri girir.
Aslan
Bir zəhmət çəkin, yoldaş baş mühəndis! Bir-iki məsələ var, sizdən asılıdır.
Camal
Mən artıq baş mühəndis deyiləm.
Aslan
Deyilsiniz? Səhərdən baş mühəndis idiniz, indi deyilsiniz?
Camal
Hər saatın bir hökmü var.
Aslan
Əcəb işdir. Bəs baş mühəndis kimdir?
Camal
Yusif. Tanıyırsan?
Aslan
Yaxşı tanıyıram. İndicə Bənövşə xanımla həyətdə dayanmışdı, söhbət eləyirdi. Yanlarından ötüb keçdim, bir söz demədim. Gör ha, heç bilməmişəm. (Çıxır)
Qəmər
Deməli, Yusif baş mühəndis təyin olundu?
Camal
Bəli, doktor. Hadisələr çox qəribə sürətlə dəyişir.
Bənövşə, Yusif qayıdırlar.
Yusif
Qəmər xanım, gərək siz də baxaydınız.
Qəmər
Yox, Yusif, mən daha baxmamışdan da görürəm. Azca da olsa, təcrübəm var. (Bənövşəyə) Bənövşə, səndən heç gözləməzdim.
Bənövşə
Nəyi gözləməzdin, Qəmər?
Qəmər
Özün çox gözəl bilirsən. Sən bura ev tikməyə gəlmisən, ürək sındırmağa yox.
Bənövşə
Mən səni heç anlamıram, Qəmər! Nə olub? Kimin ürəyini sındırmışam? Sənin gözlərin nə üçün qızarıb?
Qəmər
Heç... Tale adamlarla çox qəribə oyun oynayır.
Bənövşə
Tale... Oyun... Bu nə sözlərdir? Sən taleyə inanırsan?
Qəmər
Mən daha heç bir şeyə, heç bir kəsə inanmıram. (Çıxır)
Bənövşə
Qəmərə nə oldu? Niyə belə ikimənalı danışır.
Yusif
Heç nə başa düşmürəm. Gedim soruşum, deyim, Bənövşə xanım maraqlanır.
Bənövşə
Məndən çox siz özünüz maraqlanırsınız. Görün, nə üçün pərt getdi?
Yusif
Bu saat gedib öyrənərəm. Rəisin baş mühəndisə birinci tapşırığı ürəyəyatandır.
Bənövşə
Ancaq bütün günü bu tapşırıqla məşğul olmayın... Təzə briqada sizi gözləyir.
Yusif çıxır. Camal əsəbi hərəkətlərlə bloknotunu çıxarır, ərizə yazıb Bənövşəyə verir.
Bənövşə (ərizəni oxuyub)
Deməli, tamam getmək istəyirsən?
Camal
Neyləyim? İş belə gətirdi.
Bənövşə
İş necə gətirdi, açıq danış?!
Camal
İş belə gətirdi ki, sən məni öldürdün.
Bənövşə
Necə? Sən mühəndisliyi özün üçün ölüm hesab eləyirsən?
Camal
Məsələ təkcə vəzifədə deyil ki! Səni itirirəm. Bu mənim üçün ölümdən də betərdir.
Bənövşə (təəccüblə)
Məni itirirsən? Əgər mən itirəmsə, bəs bu saat səninlə danışan kimdir?
Camal
Mənimlə danışan? Mənimlə danışan öz nişanlısını ayaqları altında tapdalayan, onu yüngül, karyerist bir adama dəyişən daşürəkli bir qızdır. Vot!
Bənövşə
Ayıb olsun, Camal! Sən artıq məni təhqir eləməyə başlayırsan.
Camal
Təhqir nə üçün? Sözün düzünü deyəndə niyə inciyirsən?
Bənövşə
Mən səni kimə dəyişmişəm?
Camal
Hər şeyə dözərdim. Bu cür işdən götürülməyimə də, sənin tərəfindən bu cür soyuq qarşılanmağıma da, hər şeyə dözərdim. Ancaq məni Yusifə dəyişməyinə dözə bilmirəm. O mənim düşmənimdir.
Bənövşə
Yusif nə zamandan sənin düşmənin olub? Sən ki, onu özün bura çağırmısan?
Camal
Mənim əsas səhvim də ondadır. Mən bura dost, köməkçi yox, öz məhvimi çağırmışam. O məni hörmətdən salıb, o mənim əleyhimə böyük bir kampaniya açıb. O iclas olmayıb ki, məni biabır eləməsin. Məqsədi rəis olmaq idi, baş mühəndis oldu. Nə olar, bu daha yaxşı. Bənövşə xanımın yanında baş mühəndis də işləmək pis deyil.
Bənövşə (son dərəcə pərt halda)
Bu nəyə işarədir, Camal?
Camal
Bu cür işarələri izah eləməzlər.
Bənövşə
Onu başa düşürsənmi ki, sən məni çox ağır təhqir elədin?
Camal
Mən ürək sözümü dedim.
Bənövşə
Sənin ürəyin çox qaradır.
Camal
Ona görə ki, dünəndən bəri mənim ürəyimdən qara qanlar gedir.
Bənövşə
Sən burada sıravi mühəndis də işləmək istəmirsən?
Camal
Yusifin rəhbərliyi altında? Çox sağ ol!
Bənövşə
Bəlkə bu idarədən tamam getmək fikrindəsən?
Camal
Bəlkə tamam bu rayondan getməyimi istəyirsən?
Bənövşə
O öz işindir. Hara istəyirsən, gedə bilərsən.
Camal
Hara gedəcəyimi özüm bilirəm, sizdən icazə istəməyəcəyəm.
Stulu çırpıb qalxır, sükut olur, qapıdan Mindillinin başı görünür.
Mindilli
Deyəsən, yenə stulu tərpətdiniz, yoldaş Camal?
Bənövşə
Gedəndə bu dostunu da özünlə aparmağı yadından çıxartma.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-nisanli-qiz-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Beşinci şəkilİstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.*
Yalan3 pərdəli, 14 şəkilli komediya*İştirak edənlər
Birinci pərdəBirinci şəkilKüçə. Aslan gəlib ətrafa diqqətlə baxır, heç kimsənin olmadığını görüb fit çalır, əlində portfel olan Fərman tələsik səhnəyə çıxır.*
İkinci pərdəDoqquzuncu şəkilFabrikin qabağındakı bağça. Saleh səhnədən keçib fabrikə tərəf gedir. O gedən kimi Aslan ağacın dalından çıxır, fit çalır. O biri ağacın dalından Fərmanın başı görünür.*
Başqa şairlərin şeirləri
Hicran xəstəsiyəm dərdə giriftar,Mənim bu dərdimin nə loğmanı var.
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Hicran ilə kim, daməni-qəm dəstrəsimdirHicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.