Məzmun
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Səhifə 1 / 5

Doqquzuncu şəkil

Fabrikin qabağındakı bağça. Saleh səhnədən keçib fabrikə tərəf gedir. O gedən kimi Aslan ağacın dalından çıxır, fit çalır. O biri ağacın dalından Fərmanın başı görünür.

Aslan

Gördün?

Fərman

Gördüm. Fabrikə getdi.

Aslan

Burada gözləyək, çıxan kimi işini bitirək. Mən onu bilirsən neyləyəcəyəm? Öldürəcəyəm, dirildəcəyəm. Sonra yenə öldürüb, yenə dirildəcəyəm.

Fərman

Lap qurtarmaq istəyirsən?

Aslan

Lap.

Fərman

Sonra sənin özünü də “lap” eləyərlər, qorxmursan?

Aslan

Fərqi yoxdur. Mən canımdan keçmişəm.

Fərman

Şef, yazığın gəlsin.

Aslan

Üz vurma, əl çəkən deyiləm. Ancaq qabaqcadan sənin işini bitirmək istəyirəm.

Fərman

Mənimlə işin olmasın, hələ muradım ürəyimdədir.

Aslan

Yenə hirsim başladı tvist oynamağa. Nə söz qanmayansan? Sənin məhəbbət məsələn qurtarsaydı, arxayın gedərdim.

Fərman

Sağ ol, mənə ürəyi yanan bircə sənsən. (Birdən səhnə arxasına baxıb çığırır) Gəlir.

Aslan

Hansı, mənimki?

Fərman

Yox, mənimki. Amma, hayıf tək deyil.

Aslan

Bir yanda gözləyək, quyruğu qırılsın, sonra mən onunla hesabı çürüdərəm.

Fərman

Şef, mən ölüm, onunla incə rəftar elə. Hirsinə de bu dəfə tvist oynamasın.

Aslan

Deyirəm, gəl!

Gizlənirlər. Xumarla Kəklik səhnədən keçib getmək istədikdə Zəki onların qarşısına çıxır.

Zəki

Xumar, sənə iki kəlmə sözüm var.

Kəklik

Zəki, sən yenə bir bəhanə tapıb gəldin?

Zəki

Xumar, mən səninlə tək danışmaq istəyirəm.

Kəklik (küskün)

Çox lazımdır, gedərəm. (Getmək istəyir)

Xumar

Gizlin sözdür?

Zəki

Gizlindir. Təzə pyes tapmışam. Səninlə məsləhətləşmək istəyirəm.

Kəklik (bu sözü eşidib geri qayıdır)

Təzə pyes? Bəs niyə mənimlə məsləhət eləmirsən?

Zəki

Xumar, ona de ki, bir adam ki, mənim üzümə belə baxmaq istəməyə, mən onunla necə məsləhət eləyə bilərəm?

Xumar

Özü eşitdi, cavabını versin.

Kəklik

Zəki, de görüm, necə pyesdir, mənə rol var?

Zəki

Mənim bütün tamaşalarımda baş rol həmişə sənin olacaq.

Kəklik

Sən nə yaxşı oğlansan! Gəl gedək! Gəl! Məni evə qədər ötür, danış. (Gedir)

Zəki (Kəkliyin arxasınca getdikdə Xumara)

Mizanı necə qurdum?

Xumar

Böyük rejissorsan, Zəki Səməndəroviç!

Qəhqəhə ilə gülüb geri döndükdə pusqudan çıxmış Fərman və Aslanla toqquşur.

Fərman

Qonşu qızı, bir dəqiqəliyə ayaq saxla!

Aslan

Bacıqızı!

Xumar

Fərman, utanmırsan, yenə buna qoşulub mənim yolumu kəsirsən?

Fərman

Sənin yolunu kəsənin qolunu kəsərəm.

Aslan

Bizdən qorxma, qənfet qız, biz bura müharibə üçün yox, sülh üçün gəlmişik. Bu yetim (Fərmanı göstərir) mənim yetirməmdir, xətrini çox istəyirəm. Bir-iki kəlmə mehriban danışmasan, cavan ömrü puç olub gedəcəkdir. (Fərmana) Ada, diz çöksənə.

Fərman

Kişi ölsə də, diz çökməz.

Xumar

Demək məndən əl çəkməyəcəksən?

Fərman

Səni bir dəqiqə, bir saniyə yadımdan çıxarda bilmirəm. (Aslana) Təsdiq eləsənə.

Aslan

On iki imam haqqı.

Xumar

İndi ki, əl çəkmirsən, onda şərtlərimə qulaq as!

Aslan

Gün çıxdı, buz əriyir.

Fərman

Hamısını qabaqcadan qəbul eləyirəm.

Aslan (Fərmana, yavaşdan)

Axmaq, kor-koranə alver eləməzlər ki?

Xumar

Birinci şərtim: yalan danışma.

Aslan

Mən də bu şərtin tərəfdarıyam.

Fərman

Heç mən sənə yalan danışaram?

Xumar

Nə mənə, nə də başqasına. Lap ölümlə üz-üzə də gəlsən, sözün düzünü de.

Fərman

Dayan bir qədəşlə məsləhətləşim. (Aslana) Bacararam?

Aslan

Əvvəl-əvvəl çətin olacaq, sonra öyrəşəcəksən. Papirosu tərgitmək kimi bir şeydir.

Fərman

Məhəbbət gör adamı nəyə məcbur eləyir. (Xumara) Razıyam.

Xumar

İkinci şərtim: taksidən çıx, gəl bizim fabrikdə işə gir. Həmişə gözümün qabağında ol.

Aslan (öz-özünə)

İstəyir təkcə özü minsin.

Xumar

Axşam məktəbinə gir, oxu, azsavadlı adamla mənimki tutmaz.

Aslan (öz-özünə)

Şərtlər get-gedə ağırlaşır.

Fərman

Razıyam. Məktəbə yox, lap ölümə də gedərəm.

Xumar

Geyimini dəyiş. Bu kostyumu at, təlxəklərə oxşayırsan.

Aslan

Təzə alıb ey. On iki imam haqqı.

Fərman

Sizin fabrikin məhsuludur.

Xumar

Ömründə bizim fabrikin tikdiyi kostyumu alıb əyninə geymə.

Aslan

Ağıllı şərtdir.

Fərman

Sən nəyi məsləhət görsən, onu alaram.

Umud gəlir. Onlar tez özlərini düzəldib hörmətlə dayanırlar.

Umud (Aslanla Fərmanı diqqətlə süzdükdən sonra)

Xumar, bunlar kimdir?

Xumar

Yoldaş müdir, bu oğlan bizim fabrikdə işə girmək istəyir. (Fərmanı göstərir)

Umud (Fərmana)

Sirkdə işləyirsən?

Fərman

Xeyr, yoldaş müdir.

Umud

Bəs bu nə paltardır, geymisən?

Xumar

Bizim məhsulumuzdur.

Umud

Ola bilməz, dayan baxım. (Fərmanın kostyumunu diqqətlə yoxlayır) Hə, doxsan beşinci artikul.

Fərman

Sizin daimi müştərinizəm.

Umud

Biz müştərilərimizi tanımırıq, onlardan çox uzağıq. Əgər uzaq olmasaydıq, bu cür zibilləri tikib satmazdıq. Bu kostyumu gətir təhvil ver bizim fabrikə, tapşıraram sənə təzəsini tikərlər. Xərci də yazılsın mənim ayağıma. Mənim kimi müdirə hələ o da azdır. Sənətin nədir?

Aslan

Sürücüdür.

Fərman

Yox, mexanikəm, bütün motorlardan başım çıxır.

Umud

Xumar, işə götürək, götürməyək?

Xumar

Siz bilərsiniz, yoldaş Umud.

Umud

Sən necə, məsləhət görürsən?

Xumar

Neyləyək, yalvarır da.

Umud

Bax, pis işləsən Xumara deyəcəyəm səni işdən çıxartsın. (Xumara) Göndər kadr şöbəsinə əmrini versinlər.

Fərman

Çox sağ olun. (Xumar onlara işarə edir ki, getsinlər)

Aslan (Fərmanın qulağına)

Uzağa getmək olmaz, burada olaq. (Gedirlər, səhnədə Xumarla Umud qalır)

Xumar

Bəs siz evə getmişdiniz, yoldaş Umud, bir də təzədən niyə qayıtdınız?

Umud

Evə girə bilmədim. Şəlalə bağlayıb gedib.

Xumar

Hara gedib?

Umud

Bilmirəm, bu gün idarəyə zəng eləməmişdi?

Xumar

İki dəfə.

Umud

Bəs mənə niyə deməmisən?

Xumar

Sizi yox, müavininizi soruşurdu.

Umud

Onunla nə işi var?

Xumar

Bilmirəm.

Umud

Xumar, nə eləyirsən elə, məni arvadımla görüşdür.

Xumar

Hansı ilə?

Umud

Əsil arvadımla. Onun yanında üzüqarayam.

Xumar

Görüşdürərəm, ancaq indi yox, xəstəxanadan çıxandan sonra.

Umud

Xəstəxanadadır?

Xumar

Bu gün səhər gedib.

Umud

Hansındadır?

Xumar

Doğum evində.

Umud (həyəcanla)

Ürəyimə dammışdı. Bu gün səhərdən narahat idim. Bəs mən neyləyim? Gedim ona gül göndərim? (Tələsik çıxır)

Xumar (tək, öz-özünə)

Kişilər nə qədər yüngül olurlar, lap kəpənək kimi. (Fırlanır, içəri girən Salehlə toqquşur)

Saleh

Xumar, burada neyləyirsən, niyə evə getmirsən?

Xumar

Gedirəm. Sağ olun, Saleh əmi.

Saleh

Sağ ol, qızım. (Hərəsi bir tərəfə gedir)

Saleh gedən kimi Aslan və Fərman tez səhnəyə çıxırlar.

Aslan

Düşmənimi tapdım. Gəl gedək. İntiqam, intiqam...

Salehin arxasınca gedirlər. Səhnə qaranlıqlaşır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nəfəs pulu

Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.

19349 dəq
Çiy ət

Tədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:

19444 dəq
Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 dəq
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 dəq

Başqa şairlərin şeirləri