Məzmun
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Səhifə 2 / 5 · 20%

Onuncu şəkil

Salehin evi. Təzə binaların birinci mərtəbəsində mənzil. Pəncərədən böyük bir prospektin mənzərəsi görünür. Saleh içəri girir.

Saleh

Rəfiqə, huy!

Rəfiqə gəlir.

Rəfiqə

Gəldin? Nə yaxşı plan şöbəsindən qopdun. Bu nədir? Yenə evə iş gətirmisən? (Onu qucaqlayır, başını sığallayır)

Saleh

Arvad, əvvəlcə çay, sonra sual.

Rəfiqə

Səni görüm çay ağacından yıxılasan. Bir yerin ağrımır ki?

Saleh

Hələlik səs-səmir yoxdur. Qocalar hardadır?

Rəfiqə

İndicə yeməklərini yedilər, gəzməyə getməyə hazırlaşırlar.

Saleh

Stolun bir tərəfini yığışdır, kağız-kuğuza baxacağam. Mühasibatdan götürmüşəm, nəzərdən keçirmək istəyirəm. (Yavaşdan) Məndə bilirsən nə əmələ gəlib? Şübhə, filan-feşman...

Rəfiqə

Nahaq şübhələnirsən. Umud düz adamdır.

Saleh

O arvad ki, onda var, çətin düz iş apara bilər.

Rəfiqə

Sən onun arvadını haradan tanıyırsan?

Saleh

Mən tanımayım, bəs, kim tanısın?

Rəfiqə

Şəlalə?

Saleh

Aha... Şəlalə olan yerdə mütləq yalan və xəyanət var. Bilirsən, Rəfiqə, bizim bu gözəl, doğruçu dünyamızın içərisində kiçik bir yalan dünyası da yaşayır. Bu yalan dünyasının adamları bizimlə bərabər işləyirlər, yeyirlər, içirlər, gülürlər... Amma hər addımda bizi aldadırlar, qazancı ziyana, yaxşını yamana çevirməyə çalışırlar. Onlar üçün həyat idealı da, sevgi də, sevinc də, şənlik də... hamısı puldur. Bu adamları tanımaq və məhv eləmək lazımdır, eşidirsənmi?

Rəfiqə

Yaxşı, yaxşı, bir az sakit danışa bilmirsən?

Saleh

O arvadı görəndən bəri bu fikirlər başımdan çıxmır.

Rəfiqə

Deyirəm axı, müdirin kabinetinin ətrafında niyə fir-fir fırlanırsan?

Saleh

Rəfiqə, xahiş eləyirəm, keçmişlə məşğul olmayaq.

Rəfiqə

Qorxuram, keçmiş özü səninlə məşğul ola.

Saleh

Geriyə yol yoxdur.

Rəfiqə

O cür arvadların şirin dillərinin qabağında kişilər mum kimi əriyirlər.

Saleh

Məni hirsləndirmə, Rəfiqə!

Rəfiqə

Hirsləndin, hirslənmədin, düz deyirəm.

Saleh

Vay, vay, yenə tutdu. Rəfiqə, oradan mənə bir dərman ver, üstündə “Q-T” yazmışam.

Rəfiqə

“Q-T” nədir, yəni qıdığın tutanda?

Saleh

Yox, quluncum tutanda.

Rəfiqə

Bizdə elə dərman yoxdur.

Saleh

Onda gəl ovuşdur.

Rəfiqə

Mənim gücüm çatmaz. Qaç, o arvadının üstünə...

Saleh

Az, görmürsən tərpənə bilmirəm? Ütünü götür, ütülə.

Rəfiqə

Uzan görək, uzan. Bu quluncu bir dəfəlik müalicə elə.

Saleh

Hirsləndirdin də. Hirslənən kimi tutur. Ütülə!

Rəfiqə

Canlı insanı ütüləməyi birinci dəfədir görürəm.

Yaxşı təzə paltar geyinmiş Bilal kişi və Güllü xala içəri girirlər.

Güllü

Neyləyirsən, ay gəlin, paltar ütüləyirsən?

Rəfiqə

Oğlunuzu ütüləyirəm.

Bilal

Bu altdakı Salehdir?

Rəfiqə

Quluncu tutub.

Güllü

Quluncun əlacı moruq mürəbbəsidir, çayla içib yatsın.

Bilal

Cavanlıqda biz araq sürtərdik, həm çöldən, həm də içəridən.

Saleh

Daha bəsdir, özü yavaş-yavaş keçər.

Rəfiqə (Bilal ilə Güllüyə)

Hə, gedək gəzməyə. Mən sizə bir az yemək götürüm. Hava dəyəndə adamın iştahı açılır. (O biri otağa keçir)

Bilal

Güllü, yaxşı gəlinimiz var.

Güllü

Maşallah de, gözün dəyər. Saleh gərək bu cür arvadın qədrini bilsin.

Bilal

Bilər, bilər, cəhənnəmi gözüylə görən adam cənnətin qədrini bilməz?

Güllü

Niyə dinib-danışmırsan, ay bala? A kişi, gəl bunun mövzinə bax, bəlkə, körpəmizin qızdırması var.

Saleh (kağızlara baxa-baxa)

Heç nəyim yoxdur. Arxayın gedə bilərsiniz.

Rəfiqə qayıdır.

Rəfiqə

Biz gedirik. Sən bu kağız-kuğazı qoy qırağa. (Kağızları onun əlindən alıb şkafa qoyur) Bir azca uzan, istirahət elə, mən çörək alıb qayıdıram.

Onlar gedirlər. Saleh divanın üstündə uzanır. Açıq pəncərədən Aslanın başı görünür, o yavaşca otağa düşür. Saleh səs eşidib, dik atılır.

Saleh

Kimdir? Kimdir burda?

Aslan

Mənəm, tanımadın? Doqquz be, psixiçeski...

Saleh

Dəli də olsan, gərək başa düşəsən ki, adam otağa pəncərədən yox, qapıdan girər, özü də girməmişdən qabaq icazə istəyər.

Aslan

Sən də mənim həyatıma qapıdan yox, pəncərədən girdin. Arvadımı da aparanda icazə istəmədin. (Yavaş-yavaş Salehə yaxınlaşır) Üç ildir bunu səninçün saxlamışam. (Bıçaq çıxardır)

Saleh (qorxmadan, sakit)

Nəfəsini dərindən al, sonra çıxardanda say, bir-iki-üç-dörd...

Aslan

Saymağa vaxtım yoxdur, tələsirəm. Bu bıçağın sənə iki kəlmə sözü var.

Saleh

Buyursun.

Aslan

Ürəyində nə arzuların var de, axır dəqiqələrindir.

Saleh

Nə arzum olacaq? Dost-aşnaya məndən salam söyləyərsən. Hə, nə dayandın? Vur!

Aslan (öz-özünə)

Bu nə qəribə adamdır, ə?!

Saleh

Bura bax, qoçaq, vurursan vur, vurmursan bük qoy cibinə, əlini kəsər. Bıçaqla zarafat olmaz.

Aslan

Deməli məndən qorxmursan?

Saleh

Vicdanı təmiz olan adam heç kəsdən qorxmaz.

Aslan

Sən də vicdandan danışırsan? Bəs özgəsinin arvadını qoltuğuna vurub aparanda vicdanın harada idi?

Saleh

Arvadı möhkəm saxla, özgəsinə getməsin!..

Aslan

İndi sən necə, saxlaya bilirsənmi?

Saleh

Hünəri var, bir adam yaxın gəlsin. Arvad özü onu söz altında öldürər.

Aslan (gülür)

Söz altında, ya öpüş altında? Mən sənin arvadını bir kişi ilə qol-qola görmüşəm... xəlvət yerdə... kölgədə.

Saleh

Öpüş, filan-feşman...

Aslan

Artıqlaması ilə. Hə, rəngin saraldı? Özgə atına minən tez düşər.

Saleh

Yalan olsa boğazını əlimdən qurtara bilməzsən. (Yaxasından yapışır)

Aslan

Hələlik sənin boğazın mənim əlimdədir. (O da Salehin yaxasından yapışır. Bu zaman qapının zəngi çalınır. Saleh onu buraxıb qapıya tərəf gedir) Açma, açma deyirəm sənə. (Pəncərəyə tərəf qaçır, ordan iki dəfə fit səsi eşidilir) Tələyə düşdüm ki.

Saleh qapını açır, Rəfiqə içəri girir.

Rəfiqə

Qonağın var?

Saleh

Qonaq deyəndə... Köhnə tanışdır. (Aslana) Bu da mənim arvadım, sözünü üzünə de.

Aslan (təəccüblə)

Arvadındır? Arvadın budur? Nə sözüm olacaq, bacı bizə bir stəkan çay versin.

Rəfiqə

Bu saat gətirim. (Gedir)

Saleh

Bəs niyə demədin? Qorxdun ki, yalanın çıxar?

Aslan

Sənin arvadın Şəlalə deyil?

Saleh

Yox, mən onu aldığım qiymətə də satdım. Sən qol-qola onu görmüsən?

Aslan

Şəlaləni görmüşəm.

Rəfiqə çay gətirir, onlar susurlar.

Rəfiqə

Siz məni bağışlayın, yenə getməliyəm. Ancaq tez qayıdacağam. (Salehə) Yoldaşını qoyma getsin ha... Yaxşı naharımız var... (Çıxır)

Saleh

Hə, arvad getdi, indi vur.

Aslan

Daha vurmalı olmadım.

Saleh

Yarımçıq iş görən adamlarla yoxam. Tez ol, məəttəl eləmə, vur.

Aslan

Vurmuram. İntiqam hədəfini dəyişdim. Biz ikimiz də bir ovçunun gülləsilə yaralanmışıq. Yaralı yaralıya əl qaldırmaz. Səni siyahıdan pozdum. Qaldı bircə Şəlalə xanım.

Saleh

Bura bax, aşna, bıçaqla intiqam almaq dövrü çoxdan keçib.

Aslan

Bəs indi nə ilə intiqam alırlar?

Saleh

İfşa üsulu ilə.

Aslan

Məsələni iclasa qoyaq?

Saleh

Yox, iclas nəyə lazımdır? Onun iç üzünü açıb hamıya göstərək, cəmiyyətimizi o cür xəmiri yalanla yoğrulmuş tüfeyli insanlardan xilas eliyək.

Aslan

Əcəb danışırsan, möhkəm çənən var. Orada da o sözlər yazılıb.

Saleh

Harada, orda?

Aslan

Müavinimdəki əsərdə.

Saleh

Müavinin? Harada işləyirsən?

Aslan

Heç yerdə işləmirəm.

Saleh

İşləməyə-işləməyə müavin saxlayırsan? Artıq statdır.

Aslan

Həyatda müavinimdir, maaşsız... Onda bir əsər var.

Saleh

Müavinin yazıçıdır?

Aslan

Yox, sürücüdür. Ancaq əlinə qəribə bir əsər keçib. Onu oxuyandan sonra çox planım dəyişdi.

Saleh

Danış görək, mən elə plan şöbəsiyəm.

Aslan

Danışmaqdansa, əsəri verim oxu. Bu saat müavinimi çağırım.

Saleh

Tez qayıt, çaylar soyuyur.

Aslan

Getmirəm. Elə buradan çağıracağam. (Fit verir, küçədən cavab fiti eşidilir)

Saleh

Əcəb üsuldur. Bütün idarələrdə tətbiq eləmək lazımdır. Yaxşı ki, səninlə tanış oldum, bu üsulu da öyrəndim.

Aslan

Bağışla ha. Bir az artıq-əskik danışdım.

Saleh

Xeyri oldu, kürəyimin ağrısı kəsildi. Həmişə quluncum tutanda səni çağıracağam. Bıçağı götür, gəl üstümə.

Aslan

Budur, müavinim gəlir.

Fərman pəncərədən düşür.

Saleh

Deyəsən sizin tərəflərdə qapıdan gedib-gəlmək qayda deyil.

Fərman

Mən hazıram, şef!

Aslan (Fərmanı Salehə təqdim eləyir)

Tanış ol, səadət heykəli, ə, yaxın gəl, görüş də. Mədəni olsana...

Fərman

Başa düşdüm. (Aslana yavaşdan) Mən başını qarışdırım, sən daldan vur. (Salehə) Yoldaş, icazə ver, papirosumu yandırım.

Saleh

Maaş vermirsən-vermirsən, heç olmasa bir kibrit al, müavininin cibinə qoy. (Kibrit dalınca gedir)

Fərman (Aslana)

Tez ol, gələn olar.

Aslan

Öt.

Fərman

Fikrin dəyişdi?

Saleh qayıdır.

Aslan

O əsəri ver Saleh qardaşa, oxumaq istəyir.

Fərman

Qardaşımızdı?

Aslan

Həri.

Fərman

Müharibələrin axırı həmişə qardaşlıqla qurtarır. (Pyesi Salehə verir) Al, bu da pyes.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nəfəs pulu

Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.

19349 dəq
Çiy ət

Tədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:

19444 dəq
Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 dəq
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 dəq

Başqa şairlərin şeirləri