İkinci pərdə
Səhifə 5 / 5 · 80%
Zalxa
Bunun dilinə-diyircəyinə bir bax. Ağaclar baş tərpədəndə, söyüd deyər, mən də, mən də...
Musa
Əstəğfürullah, işə düşmədik. Ay arvad, nə girləmisən məni? Əl çəksənə, nə vermisən, ala bilmirsən?
Zalxa
Belə sənin başına mən bir oyun açaram ki, çəkic vurmağı yaddan çıxardarsan. De görüm, saqqal hanı?
Kərəmov, Salmanov, Mirzə Hüseyn qayıdırlar.
Kərəmov
Bu nə yığıncaqdır?
Zalxa
Aha, Kərəmov, səhərdən səni axtarırdım. Mən, necə bir heyət üzvü, səndən tələb eləyirəm. Gəl haqq-hesab ver, görüm, o qəzetdə yazılan nə əhvalatdır?
Kərəmov
Nə əhvalat olacaq? Görmürsən, aslanı yaralayıblar? Bu kimdir?
Zalxa
Bunu tanımırsan? Dəmirçi Musadır da.
Kərəmov (çığırır)
Salmanov, protokol yaz. Salmanov, təcili! Adə, dəmirçi Musa, demək iki min beş yüz manatı almısan, indi üzünü qırxdırıb, təğyiri-libas eləyib, qaçmaq istəyirsən?
Musa
Kərəmov! Bu saat səninlə söhbət eləməyə mənim həvəsim yoxdur.
Kərəmov
Olmaz da, pulları yemisən, üstündən də su içmisən. İndi dama girəndə ağlın başına gələr.
Musa
Nə puldur, mən başa düşmürəm.
Kərəmov
Bilməzsən, əlbəttə. İmzan var, imzan, qol çəkmisən.
Musa
Çəkil gözlərimin səkisindən, mən pul-zad almamışam.
Kərəmov
Necə? Mənə çəkil deyirsən? Ay camaat, eşitdiniz? Ay yoldaşlar, adə hey... (Haray salır. Surxay, Ziynət və bir neçə kolxozçu gəlirlər) Bura gəlin. Səni mən bu saat prokurorun yanına göndərməsəm, adımı Kərəmov yox, İtov qoyaram.
Surxay
Yoldaş Kərəmov, bir bizi başa salın, görək nə əhvalatdır?
Kərəmov
Saqqallı vaxtında məndən gizlin iki min beş yüz manat pul alıb, indi saqqalını qırxdırıb, aldığı pulları danır. Bu cür işə Kərəmov dözər?
Surxay
Musa dayı, saqqal getdi?
Ziynət
Axı, hanı burada Musa dayı? Mən görmürəm. Aha, təbrik eləyirik, ay Musa dayı. Siz təkərlər üçün iki min beş yüz manat pul almısınız?
Musa
Ziynət, quzum, mən sənin verdiyin zəhmətə haqq istəmərəm, mən pul almamışam.
Mirzə Hüseyn
Kişi utanmır, gör necə yalan danışır...
Kərəmov
Bu saat, bax, bu camaatın qabağında cavab ver. Kolxoz pulu sənin üçün semiçkadır, bəyəm? (Musaya yaxınlaşır) Vallah, cırımcırım eləyəcəyəm. Aslanı yaralayıblar.
Musa
Bağla söz körüyünün ağzını. Aslanı yaralayıblar. Aslana bax... Mən çox sənin kimi aslanları zindanın üstünə qoyub tülküyə döndərmişəm. Düzdür, təkərlər üçün zəhmət haqqı təklif elədilər, mən rədd elədim. İndi bəs hansı iki min beş yüz manatdan söhbət salmısınız?
Mirzə Hüseyn
Almısan, altından da imza atmısan. Fırıldağa salıb danmaq istəyir hə...
Musa
Çəkil kənara, məlun, sən mənə pul vermək istəyəndə, mən onu rədd etmədim?
Surxay
Aha, məsələ yavaş-yavaş aydın olur.
Kərəmov
Mənim hesablarımı qəsdən dolaşdırmaq istəyir, inanmayın...
Mirzə Hüseyn
O fırıldaqlar baş tutmaz.
Kərəmov
Salmanov, protokol bağla.
Zalxa
Bağlama, dayan görüm. Biz bu kişini yaxşı tanıyırıq. (Musanı göstərir) Hələ bu kənddə onun ağzından yalan söz eşidən olmayıb, amma sən Mirzə Hüseyn yalançısan, oğrusan, iki min beş yüz manatı özün cibləmisən. Sən Salmanov da onunla əlbirsən, sən Kərəmov da onların quyruğusan. Yaxşı hesabdarımızı işdən çıxartdın, bunları hardansa tapıb gətirdin.
Ziynət
Sağ ol, Zalxa xala, düz deyirsən, bu işi yoxlamaq lazımdır.
Kərəmov
Sizin namuslu adamları ləkələməyə haqqınız yoxdur. Mən Mirzə Hüseynin düzgünlüyünə başımı girov qoyaram.
Zalxa
Qiymətli şeyi girov qoyarlar, sənin başın çox ucuzdur.
Kərəmov
Yaxşı, bu məsələlərin hamısını iclasda ayırd eləyərik. İclasda mən göstərərəm ki, görək təğyiri-libas eləyib qaçmaq hansı maddəyə düşür?
Zalxa
Kişi saqqalını qırxdırıb, özünü biabır eləmədi?
Musa (Zalxaya)
Sükut! Bağla söz körüyünün ağzını.
Ziynət
Musa dayı!
Musa
Buyur, Ziynət can, əmrin nədir?
Ziynət
Siz nahaq Zalxa xala ilə bu cür rəftar eləyirsiniz. Qadınlarla o cür danışmaq olmaz.
Musa (yavaşdan)
Surxay, məni başa sal, o nə demək istəyir?
Surxay
Deyir ki, qadınlara hörmət elə, incə ol.
Musa
Elə isə mən bu gündən bütün qadınlara sülh elan edirəm.
Kərəmov
Biz sülhü sənə başa salarıq. Gəlin gedək, uşaqlar, ağ üz ilə, qara üz iclasda məlum olar.
Ziynət
Məlum olar, biz də gedək.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-toy-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yeddinci şəkilSəhər ertə. Dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır. Surxay və bir neçə kolxozçu səhnəyə çıxırlar. Mehralı, Şirəli və sairə kolxozçular onları qarşılayırlar.*
Beşinci pərdəSəkkizinci şəkilXalçalar döşənmiş böyük çəmənlik. Bir tərəfində çay dəsgahı, o biri tərəfdə kabab bişir. Uzaqdan gülmək, oxumaq, tar, kamança səsi gəlir. Kolxozun məhsul bayramıdır. Təzə paltar geyinmiş kolxozçular çəmənlikdə gəzişirlər. Musa və Zalxa səhnədədirlər.*
Xoşbəxtlər4 pərdə, 5 şəkildə*İştirak edənlər
Birinci pərdəBirinci şəkilBöyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.*
Başqa şairlərin şeirləri
Qarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi