Səhifə 2 / 3 · 33%

Xumar sevincək gedir, bu biri tərəfdən Fərman gəlir.

Fərman

Salam, yoldaş müdir.

Umud (öz-özünə)

Elə bil qırx dərəcə qızdırmada idim, Şəlalə də mənim xəstə xəyalım idi. Doğru deyiblər, hər parıldayan qızıl olmaz.

Fərman

Mənim necə qızıl olduğumu görəcəksiniz, yoldaş Umud!

Umud

Səni demirəm. Öz həyatımı düşünürdüm, bu el məsəli yadıma düşdü.

Fərman

O cür məsəllərdən mən çox bilirəm. Deyir: hər axan su şirin olmaz.

Umud

Ağıllı sözdür.

Fərman

Deyir: hər ağaran qar olmaz, hər ağacda bar olmaz.

Umud

Yaxşı, daha bəsdir.

Fərman

Hələ yenə var, deyir: hər çalğıya oynamazlar.

Umud

Kifayətdir, sağ ol. (Gedir)

Fərman (onun arxasınca)

Ürəyinizi sıxmayın, yoldaş müdir, hər enişin bir yoxuşu var.

Saleh gəlir.

Saleh

Hə, maaşsız müavin, dəli kimi öz-özünə niyə danışırsan?

Fərman

Müdirimizlə söhbət eləyirdim. Halı çox pərişan idi.

Saleh

Onu pərişanlıqdan qurtarmaq lazımdır. (Pərdə arxasına müraciətlə) Uşaqlar, bura gəlin!

Zəki, Xumar, Kəklik və Aslan səhnəyə gəlirlər.

Zəki

İndi gedək Şəlalə xanımla söhbətə. Bu son səhnə, psixoloji səhnədir. Rolunuzu yaxşı oynamalısınız.

Fərman

Pyesdə təzə müdir müavininin familiyası nədir?

Zəki

Məndilov.

Fərman

Məndilov?.. Əntiqə familiyadır.

Xumar

Yaxşı oyna ha.

Fərman

Arxayın ol.

Zəki

Heç artistlik eləmisən?

Fərman

Sürücülərin hamısı artistdir də.

Zəki

Buyurun. Hadisə vaqe olur, harada?

Xumar

Qız qalasının yanında.

Səhnə qaranlıqlaşır.

On dördüncü şəkil

Qız qalasının yanı. Şəlalə ətrafa diqqətlə baxaraq səhnədən keçib gedir. Saleh, Aslan və Fərman onun arxasınca səhnəyə çıxırlar.

Fərman

Ovçu ova çıxıb.

Aslan

Gərək əvvəlcə o gözlədiyi adamı ələ keçirdək, söhbət eləyək.

Saleh

Deməz ki, sizə nə var?

Aslan

Desin. Qoymaram, Şəlalə bir ailəni də dağıtsın.

Fərman

Bəlkə ailəsi yoxdur, subaydır?

Aslan

Lap olsun subay, görmür ki, arvad özündən nə qədər böyükdür? Kordur?

Saleh

Onu görmək çox çətindir. Bu cür arvadlar qocalmırlar. “Xına, basma əməliyyatı”... Cürbəcür maz, rəng, filan-feşman...

Fərman

Pasportuna baxaq.

Saleh

Düz deyirsən. Odur, gəlir. Başlayın, mən gizlənirəm.

Gizlənir. Şamil gəlib səhnədən keçdikdə Aslan və Fərman onun qabağına çıxırlar.

Aslan

Ey, farmazon, pasportunu bura ver.

Şamil

Mənim adım farmazon deyil.

Fərman

Bilməsə deməz. Sən pasportunu ver.

Şamil

Siz kimsiniz, nə ixtiyarla məndən pasport istəyirsiniz?

Aslan

İctimai kontroluq, insanların əxlaqını yoxlayırıq. Pasportda bir maddə var, ona baxacağıq.

Şamil

Rədd olun! Mən hər adama pasport göstərmərəm.

Aslan (Fərmana)

Ə, get, kapitanı bura çağır...

Fərman

Bu dəqiqə çağırım. (Şamilə) Bu saat səni oğru kimi tutduracayıq.

Şamil

Mən, oğru? Səhv salmısınız.

Aslan

Heç səhv salmamışıq. Sən əsil oğrusan, namus oğrusu.

Fərman

A dost, gəl bir də kapitana zəhmət verməyək. Pasportunu bəri ver, bircə səhifəsinə baxaq, bəlkə heç sözümüz olmadı, çıxıb getdin. Nə deyirsən, şef?

Aslan

Yalvarma ona. Sən öl, yenə başladı hirsim tvist oynamağa. Bu saat sənin əlini-qolunu bağlayıb atacağam düz Qız qalasının başına.

Şamil

Sizin zor eləməyə ixtiyarınız yoxdur. Mən çığıraram, bütün camaatı yığaram başıma.

Saleh gəlir.

Saleh

Bu nə səs-küydür, nə olub?

Şamil

Bax, bu kişi məni tanıyır, bizim kolxozda işləyir.

Saleh

Nə əhvalatdır, yoldaş keçmiş müdir müavini?

Fərman

Keçmiş niyə?

Saleh

Bəs xəbərin yoxdur? Bu gün sizi işdən götürüblər. Deyirlər getsin kolxoza, aqronomluq, filan-feşman... Ancaq məsələ onda deyil. Burada nə səs-küydür?

Şamil

Əşi, bunlar məni kiminlə isə dolaşıq salıblar. Təcili işim var, getməliyəm, ləngidirlər.

Saleh

Qələt eləyirlər, dünya özbaşınadır?

Fərman (Salehə)

Bağışlayın, yoldaş, hirslənməyin, icazə verin, papirosumu yandırım, gedim.

Saleh

Məndə kibrit yoxdur.

Şamil

Gətir bura, yandırım, başdan olun. (Fərmanın papirosunu yandırır) Aha, yadıma düşdü. Sən məndən bir dəfə də papiros yandırmısan.

Fərman

Gözəl hafizəniz var. (Şamilin cibindən çıxardığı pasportu göstərir) Buyurun, pasport hazırdır.

Şamil

Pasportumu mənə ver. Sən onu cibimdən necə çıxartdın ki, xəbərim olmadı?

Saleh

Pasportu bura ver, həlləhuş! (Pasportu alıb baxır) Bəh, bəh, kənddə arvadı, uşağı, filan-feşman.

Aslan

Hə. Onda o arvadın və uşağın adından sənə iki kəlmə sözümüz var.

Fərman

Gələn var, ayıq olun.

Aslan və Fərman Şamili güclə səhnə arxasına çəkirlər.

Saleh

Qorxma, yoldaş keçmiş müdir müavini, sənin başından bir tük də əskik olmayacaq. Çəkilək bir tərəfə, sözləri var, desinlər.

Gedirlər. Şəlalə gəlir.

Şəlalə (öz-özünə)

Hələ gəlməyib. Yaşım ötdükcə daha çox zəng eləməli, daha çox gözləməli oluram. (Aslan ağır addımlarla onun qabağından keçib gedir) Aslan? Bu keçən Aslan idi? Yox, yəqin o deyil, olsaydı məni tanıyardı.

Fərman gəlir.

Fərman

Xanım, yoldaş Məndilov buradan getdi?

Şəlalə

Sən o iki alan tələbə deyilsən? Yenə buralarda hərlənirsən?

Fərman

İnstitutdan çıxartdılar. İndi yoldaş Məndilovu axtarıram. Buradan keçən o deyildi?

Şəlalə

Buradan bir adam keçdi, amma... siz deyən adamın adı nədir?

Fərman

Məndil. Məndil Məndilov.

Şəlalə

Yox, elə adam görməmişəm.

Fərman

Başağrısı verdim. Bağışlayın. (Gedir)

Şəlalə (öz-özünə)

Aslan... gözümə Aslan göründü. Əsəblərim nə qədər korlanıb. (Saleh ağır addımlarla səhnədən keçib gedir) Saleh? İndi də gözümə Saleh görünür! Yəqin qızdırmam var. Uf, ürəyim tıppıldamağa başladı.

Fərman gəlir.

Fərman

Xanım, indi bu biri tərəfə bir adam getdi, yoldaş Məndilov deyildi?

Şəlalə (əsəbi)

Nə istəyirsən məndən? Məndilov, Zənbilov...

Fərman

Susun... elə deməyin, eşidər. Bilirsiniz, yoldaş Məndilov kimdir? Tikiş fabrikinin müdir müavini.

Şəlalə

Hansı tikiş fabrikinin?

Fərman

Burada bir tikiş fabriki var, müdiri də Umud yoldaşdır. Tanımırsınız?

Şəlalə (özünü itirir)

Mən? Yox, yox, tanımıram.

Fərman

Əlbəttə, haradan tanıyacaqsınız? Haman Umud yoldaşın bir müavini vardı, namussuzun, qeyrətsizin biri idi. Bu gün onun dalından dəydilər, yerinə Məndilovu təyin elədilər. Onu axtarıram, işə düzəlmək istəyirəm.

Aslan ilə Saleh gəlirlər.

Aslan

Sətrə bət alon no!

Saleh

Firəngcə yaxşı bilmirəm, keç öz dilimizə...

Fərman

Mən sizi axtarıram, hansınız Məndilovsunuz?

Aslan

İkimiz də.

Fərman (Şəlaləyə)

Yəqin qardaşdırlar. (Onlara) İkinizdən bir təvəqqəm var.

Saleh

Üçüncü qardaşımız da var, onu da tapaq, sonra... Gəl dalımızca...

Şəlaləyə baxıb rəqs edə-edə gedirlər.

Şəlalə

Bəlkə mən yuxu görürəm, ikisi birdən?.. Cəhənnəm olsun Şamil də, hamısı da... Mən bu küçədən uzaq qaçım.

Getmək istədikdə Şamil qabağına çıxır.

Şamil

Şəlalə xanım!

Şəlalə

Haradasan? Ərli qadını küçədə bu qədər gözlədərlər? Gözümüzün qabağına min cür qara-qura gəlir.

Şamil

Ərli qadın buyursun.

Şəlalə

A, bu gün hamı birtəhərdir. “Buyursun-muyursun.” Nə rəsmi danışırsan? Ə, deyirlər səni işdən götürüblər, Şəlalə ölməyib, qorxma.

Şamil

Qorxmuram. Lap düz eləyiblər. Kolxoza, əsas işimlə məşğul olmağa gedirəm.

Şəlalə

Hara gedirsən? Bu saat əmrini dəyişdirərəm, əlimdə deyil? İndi hər şey vasitəylədir. Birini qaldırırlar vasitə ilə, yıxırlar vasitə ilə, söyürlər vasitə ilə, tərifləyirlər vasitə ilə. O qədər vasitəm var ki, istəsəm bir günün içində müdiri kuryer, kuryeri müdir elətdirərəm.

Şamil

İstəmirəm. Elə bunu deməkçün məni bura çağırmışdınız?

Şəlalə

Yox... Sənin çıxmağından heç xəbərim yox idi.

Şamil

Bəs nə üçün?

Şəlalə

Özün başa düşmürsən nə üçün? Sevməsəm, buralara gələrəm?

Şamil

Yalandır.

Şəlalə

Nə yalandır?

Şamil

Nə olacaq? Bütün sözləriniz. Məlum oldu ki, bu cür sözləri siz çox adama demisiniz, indi isə xam torpaq kimi məni şumlamaq istəyirsiniz.

Şəlalə

Nə sarsaq-sarsaq danışırsan, mən səndən başqa daha kimə söz demişəm?

Şamil

Birinci növbədə ərlərinizə, Umuda, Salehə, Aslana.

Aslan, Saleh və Fərman gəlirlər.

Aslan

Bizi kim isə çağırdı.

Saleh

Çağıran olmadı, adımızı çəkdilər.

Şəlalə

Deməli, gözümə görünmürmüş, həqiqət imiş?

Saleh

Bəli, biz həqiqətik, canlı insanlarıq. Ətimiz, qanımız, ürəyimiz... amma sən tamam insan deyilsən, yarımçıqsan. Xaricdən bir cürə, daxildən ayrı cürə. Sifətdən mələyə oxşayırsan, sinəndə döyünən isə yırtıcı canavar ürəyidir. Fikrin, hissin, gülüşün, danışığın, hamısı yalandır.

Şəlalə

Yalanı sən mənə danışdın. Sən məni qoyub qaçdın.

Saleh

Mən oddan, alovdan, yanğından baş götürüb qaçdım.

Aslan

Qoçaq çıxmısan. Mənim kimi kor olmamısan.

Şamil

Yaxşı ki, məni də vaxtında ayıltdınız.

Aslan

Hamını ayıltmaq lazımdır, xüsusilə cavanları.

Fərman

Cavanlardan arxayın ol, şef!

Şəlalə

Bu nədir? Küçənin ortasında mənə məhkəmə qurmaq istəyirsiniz?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri