Baharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...

Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.

Külbə ağaclara yaxınlaşınca şiddətli bir dalğa çarparaq onu ağacların üzərinə atdı. Külbə şiddətlə ağacların arasına soxulub qaldı. Sahildəkilər bir vücud kimi birdən müdhiş bir çığırıq qopardı.

İçindəkilər artıq aydın görünürdü: ata, ana və iki çocuqdan ibarət idilər. Onlar hər iki sahilə doğru əllərini uzadıb “yardım!” – deyə bağırırdılar. Hələ dəhşətin ağırlığını hiss etmiş olduğundan dam üzərinə atılmış pişiyin davamlı miyoltusu, artırmanın barmaqlığı yanında dalğalarda islanmış köpəyin qorxunc bir səslə hürməsi bu mənzərənin dəhşətini daha bir qat artırırdı. Hər kəs böyük bir iztirab və həyəcan içində həmin zühur edəcək müdhiş bir faciəni bəkləyib dururdu. Zira ki, bir dalğanın o ağaclara doğru gətirdiyi iri, dal-budaqlı bir ağacı ikinci dalğanın ağzında sellərə qarışdığına dəfələrlə şahid olmuşdular. Külbəyə doğru ağzını açıb gələn hər dalğa yaxlaşdıqca sahildəkilərin iztirab və dəhşətini artırırdı. Bu zaman bir gənc, divarı daşlarla hörülmüş bir həyətə qoşdu. Əlbəsə qurutmaq üçün bir-birindən fasiləli iri tut ağaclarına bağlanmış kəndirləri birər-birər açdı. Artırmalarda durub uzaqda tamaşa edənlər gəncin fikrini anlayaraq hər tərəfdən ona uzun kəndirlər atdılar. Gənc bu kəndirləri bir-biniə möhkəm caladı. Sonra o kəndirin bir ucunu ən yaxındakı tut ağacına, o biri ucunu da öz belinə bağladı. Tamaşaçılar onun təşəbbüs və fədakarlığına bir çılğın fədakarlığı kimi baxaraq: “Dəli ha olmamısan, adam da özünü bu quduz dalğaların ağzına verərmi? Bu daşqındır, zarafat deyil, iti axan sellər ağzını əjdaha kimi açıb qurban istəyir. Oraya üzmək bu zaman mümkün deyil” – deyə, onu yapmaq istədiyi işdən mən etməyə çalışdılar. Fəqət gənc, inadında israr edərək özünü suya atdı və bir anda bir-birini qovan şiddətli dalğalar arasında qayib oldu. Hər kəs başdanayağa göz-qulaq kəsilərək işin gələcəyini bəkləyib dururdu.

Dörd-beş saniyə sonra gənc su üzündə göründü. Fəqət həmən onu qarşılayan quduz bir dalğanın boz dişləri arasında yenə qayib oldu. Sahildə duran üzgüçülərdən birisi: “Nəhrin üzündə çalxantı və dalğa qüvvətli, fəqət altında isə sakit olur. Bu adam sualtı üzərək özünü onlara yetirmək istəyir” – dedi. Doğrudan da gənc böyük bir məharətlə onu udmaq istəyən azğın dalğaları yara-yara, çarpışa-çarpışa, bata-çıxa, min bir fəlakətdən sonra özünü külbəyə yetirdi. külbədəkilər gənci böyük bir ümidlə qarşılayaraq sevindiklərindən onu duz kimi yalamağa başladılar. Gənc kəndiri belindən açıb külbəyə bağladı və sahildəkilərə “çəkin!” əmrini verdi. Gəncin bu fədakarlığına heyrətlə tamaşa edən sahildəkilər dərhal həyətə axdı. Hər tərəfdən kəndirə sarılaraq bir ahənglə onu çəkməyə, çəkdikcə də onu ağaca sarımağa başladılar. Külbə yavaş-yavaş sahilə yaxınlaşırdı. İçindəkilərin bürüşmüş alınları, çatılmış qaşları, uçmuş bət-bənizi açılmış, gözlərində qurtuluş və ümid qığılcımları uçuşurdu. Bir az sonra külbə sahilə yan aldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri