Məzmun
  1. Oba
  2. Alaçığımız
  3. Məşğələlərim
  4. Səhərlərim, axşamlarım
  5. Kərim baba
  6. Ayrım qızı
  7. İki pəhləvan
  8. Pələng ovu
  9. Kərim babanın atası
  10. Qızıl it
  11. Sümsü
  12. Can qorxusu
  13. Biçin
  14. Yoldaşım rza
  15. Yağış
  16. İgid uşaq

Səhifə 1 / 7

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.

Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.

Dərhal dim-dik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz pilləkənləri gup-gup başı aşağı endim. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi.

Artıq, hərəkət edəcəyik. Sevinirəm... Ailəmizin hamısı aşağıda idi. Hətta Mərmər adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim?! Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynuna oturdu: “Həm... Ho!” edib əlindəki uzun qırmancını havada bir neçə kərə şaqqıldatdı. Araba hərəkət etməyə başladı.

Atam da ata minib, yanımızca gəlirdi. Artıq şəhərin iri, geniş küçələri ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli mağazalar...

Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı.

Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq.

Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi.

Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr açılır. İri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır, insan ürək dolusu nəfəs alır.

Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu.

Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qaxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. bu dağı da aşdıq; çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. Sevincimdən atılıb düşürdüm.

Yaxınlaşınca bizi ən əvvəl bir çoban köpəyi qarşıladı. İt qara ağzını açıb hürür və üstümüzə atılırdı.

Oba

Obaya yaxınlaşınca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. Qoca hamısından əvvəl irəliləyib, salam verdi. Sallaq iri dodaqlarında, yanları cizgilərlə örtülmüş kiçik gözlərində, sümükləri qalxıq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. O, yumru başlı çomağına söykənərək:

– Sizi dünən gözləyirdik, xoş gəldiniz! – dedi.

Atam:

– Sağ ol, Kərim baba, dünən olmasın, bu gün olsun, – deyə cavab verdi.

Bu aralıq, qadınlar da yetişib arabamızı araya aldılar, anamla görüşdülər. Atam gülə-gülə:

– Ay Kərim baba, Ayrım qızı ilə necə keçinirsən? – deyə soruşdu.

Kərim baba iri, sallaq dodaqlarını geniş açaraq, gözlərini daha da qıydı.

– Ağzında “Ayrım qızı” deyirsən, necə keçinəcəyik, itlə pişik kimi.

Atam yaşlı adamlarla əylənməyi çox sevərdi.

Qırx beş, əlli yaşında, qısa boylu, sağlam və ağzı yaşmaqlı bir qadın yaxınlaşıb, atama salam verdi. Atam onunla rəsmi görüşdükdən sonra gülə-gülə dedi:

– Ayrım qızı, bax, yetişər-yetişməz, Kərim baba səndən şikayət edir.

Ayrım qızı kiçik və yanları ətli gözləri ilə gülümsəyərək:

– Qoy istədiyi qədər şikayət etsin, nənəmiz Həvva Adəmi cənnətdən çıxardığı üçün kişilər bizimlə heç bir zaman barışmayacaqlar – dedi.

Alaçığımız

Arabamız bir alaçığın ağzında durdu. Yerə endik. Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımızı aldılar.

Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi düzülmüş ağ dişlərini göstərərək, mənimlə danışmaq. oynamaq istədiklərini anladırdılar. Mən isə utancaq bir uşaq olduğumdan anamın yanında büzüşüb durur, arabir onların təbəssümlərində iştirak edirmiş kimi görünürdüm. Atam da alaçığın böyründə Kərim baba ilə köhnə bir palazın üstündə oturub, söhbət edirdi. O gün hava çox isti idi.

Günəş yandırırdı. Bir tərəfdən, alaçıq içinə doluşmuş bu qədər adamın nəfəsi, o biri tərəfdən, alaçıq keçələrinin başçatladan havasından nəfəs almaq mümkün deyildi. Yaxşı ki, bu hal çox sürmədi. Bayırdan Kərim babanın: “Qonaqları çox incitməyin, yoldan gəliblər, qoyun bir az rahat olsunlar” deməsi ilə adamlar yavaş-yavaş çəkilməyə başladılar. Bir azdan sonra kasıb bir süfrə açıldı; yeyib qalxandan sonra atam Kərim babanı səslədi:

– Ay Kərim, bizim alaçıq üçün çubuq hazırlamısanmı?

Kərim baba soyuq bir halda:

– Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə xəbər? – dedi.

Atam:

– Vaxt keçir, hər halda alaçıq hazır olmalıdır – dedi.

Kərim baba:

– Nəyinə gərək, axşama qədər sən alaçığını məndən istə, mənim əlimdə o nə çətin işdir?! Hələ ağacları dünən qırıb hazırlamışam – cavabını verdi.

Ayrım qızı:

– Çox öyünmə, dünən zor-güc ağacları mən kəsdirdim; sənə qalsa idi, kim bilir, indi də hazır olmayacaqdı.

O bu sözləri elə bir tərzdə dedi ki, hamı güldü. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı, gözəl bir yerdə quruldu. Bir saat sonra alaçığımıza köçdük.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri