Köç
Məzmun
Səhifə 2 / 7 · 14%
Məşğələlərim
Yavaş-yavaş oba uşaqlarına alışdım. Hər gün çayımı içər-içməz alaçıqdan çıxardım. Uşaqları tapıb çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən su sızırdı. Daşların, ağacların dibini qazar, ətrafına çay daşları yığıb, bulaq qayırardıq. Hər birimiz tapdığımız bulağa öz adımızı verərdik. Elə gün olurdu ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdim. Gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. Arabir də meşədə quş yuvası axtarmağa gedərdik.
Mənim quş balasına olan məhəbbətimi oxuculara qələmlə anlada bilməyəcəyəm. Bu kiçik. məsum heyvanları dəlicəsinə sevərdim. bir quş balası tapdıqda o qədər sevinərdim ki, dünyalara sığmazdım. Anam, atam: “Oğul, bu heyvanları əsir etmə, burax, yazıqdırlar” – deyə nə qədər israr edərdilərsə də, ağlayıb, yalvarıb onları zor-güc razı edərdim. Bu quş balalarını fındıq çubuqlarından qayırdığım bir qəfəs içində bəsləyərdim.
Şəhərdən gətirdiyim toyuğumun cücələri böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. Kiçik bacımla hər birimiz bir xoruz və bir fərə seçmişdik.
Çadırımızın dörd bir yanı açıqlıq, çalılıq olduğundan toyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalıların altında eşələnirdi. Ovcumu dənlə doldurub “dü-dü-dü!” – deyə səslədiyim zaman görməliydiniz, hər yerdə olsalar, qala üzərinə yürüş edən qalib bir ordu kimi uçaraq, qoşaraq ətrafımı alırdılar.
Mən onları aldadırmışam kimi əlimi arxamda gizlədərdim. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan-yuxarıya üzümə dikib baxardı. Bilsəniz. o məsum baxışlar qəlbimə nə qədər toxunardı! Biixtiyar ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək, dimdikləyərək səpdiyim dəni dənlərdilər.
Alaçığımızın böyründə bunlara kiçik bir hin qayırmışdım; tülkü, çaqqal qorxusundan hinin ağzını gecələr böyük bir daşla örtürdüm. Günlərimin çoxunu bu heyvanlarla keçirərdim.
Səhərlərim, axşamlarım
Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik, dağ çiçəklərinin, cökə ağaclarının rayihəsi, qoruqlarda,. tarlalarda biçilmiş təzə otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütubət qoxusu, bulaqların şırıltısı, quşların ötüşməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışaraq,. obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanırdı. Hər şeydə bir yenilik, bir təravət görünürdü. Bundan böyük məşğələ nə ola bilərdi? Dəyənəyi əlimə alıb, obaya gedərdim. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. Mən kənd uşaqları ilə o şux quzularla doyunca oynar, onlarla bərabər atılıb düşərdim.
Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. Həsrətlərinə qovuşmuş heyvancığazlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarını əmərdilər.
Obanı yenə də həzin bir sükut almış, yalnız ara-sıra çobanların səsi, itlərin hürüşməsi, uşaqların bağırtısı eşidilirdi. Bu kiçik heyvanları sevdiyim kimi, çobanlarını da sevər, çox vaxtımı da onlarla keçirərdim. Onların sadə və sərbəst sandığım məişəti xoşuma gələrdi. Hətta o bəxtiyar bildiyim insanlara qibtə edərək, “bu açıq, geniş obalarda, bu gözəl təpələrdə, yaşıl yamaclarda çoban olmaq pisdirmi?” deyərdim. Mən də kiçik çomağımı alıb, çox zaman onlarla bərabər gedərdim. Qoyunları yamaca yayıb bir təpədə oturardıq. Çobanlar tütək çalar, həzin mahnı oxuyar, keçmiş günlərdən və gələcəkdən dadlı-dadlı söhbət edərdilər.
Oxunan mahnılarda həm ələm vardı, həm də nəşə. Lakin bu sirri anlamaq üçün mən hələ kiçik idim...
Oruc adlı bir çoban gözəl tütək çalardı. O tütək çalırkən qoyunlar iştahla otlar, arabir qulaqlarını qırparaq, o səsi dinlərdilər. Hətta Dəmir adlı qıllı, boz köpək də qulaqlarını sallayaraq iri, tüklü quyruğunu yerə çırpa-çırpa başını Orucun ayaqları üstünə qoyub, gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. O çalğıdan, o gözəl səsdən bu heyvan da həzz aldığını bununla anladardı. Gözəl səsin, gözəl çalğının heyvanlara nə qədər böyük təsiri olduğunu gözümlə gördüm: obanın şərq tərəfində Novçalı adlı bulaq var idi. Günortaçağı çobanlar sürünü ora aparırdılar. Bir gün sürünü o bulağa sürürkən Oruc təpə başından yoldaşı İlyasa:
– Ay İlyas! Ay İlyas! Bu tütəklə sürünü geri döndərimmi? – dedi.
İlyas cavab verdi:
– Döndərə bilməzsən!
Oruc tütəyi çalmağa başladı. Qoyunlara sanki gizli bir qüvvə “dur” əmrini verdi. Hamısı bir şeydən hürkmüş kimi durdu. Qulaqlarını qırparaq, birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni baş yuxarı dırmandılar. Oruc məğrur bir tövrlə:
– Hə, döndərimmi? – deyə çomağı qapıb təzədən sürünü dərəyə sürdü.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-koc
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dörd pərdəli, bir şəkilli dramİştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, Poladın kiçik həyətini və yoxsul daxmasını təsvir edir.*
İkinci pərdəİkinci şəkilSəhnə xanın evini və həyətini təsvir edir. Atakişi həyəti süpürür.*
Üçüncü pərdəDördüncü şəkilSəhnə kiçik dağ ətəyini təsvir edir. Orta tərəf qamışlıqdır. Sol tərəfdə köhnə daxma,*
Başqa şairlərin şeirləri
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.