Üçüncü fəsil
Səhifə 3 / 3 · 67%
Bu əhvali-ruhiyyə Ağamürsəli səfalət və əyyaşlığa daha çox bağlamış olduğundan və sərvətin onun nəzərində artıq əhəmiyyəti qalmadığından gecə-gündüz qumar məclislərindən ayrılmır, vaxtını öldürmək üçün sərvətini ətək-ətək qumara qoymaqdan çəkinmirdi. Bəlkə də bütün sərvətini puç etmək onunçun yeganə bir təsəlli idi. Oğlu Əşrəfə yazdığı məktubu da bu əhvali-ruhiyyədən irəli gəlirdi. Son zamanlar bu əhvali-ruhiyyə Ağamürsəldə bir xəstəlik şəklini almışdı. Saatlarca dalğın-dalğın düşünür, əzici və sıxıcı düşüncə və xülyalar içində üzülüb gedirdi. Ən çox ürəyindən şikayətlənirdi. Həkimlərin tapşırığına görə iki ay Kislovodskda narzan vannaları götürdü; bunların heç biri onun xəstəliyinin qarşısını ala bilmədi. O, gündən-günə sıxıldı, bədbinləşdi, lakin yenə adətindən əl çəkmədi.
Bir gün Əşrəf Bakıdan bir teleqram aldı. Bu onu çox qorxutdu, çünki Moskvada yaşadığı üç ilin içində bir dəfə də olsun teleqram almamışdı. Ata və oğul bir-biri ilə çox az məktublaşırdı. Yalnız xərcliyi bitdiyi zaman Əşrəf atasına məktub vasitəsi ilə bildirir, Ağamürsəl də ya poçt, ya bank vasitəsi ilə ona xərclik göndərirdi. Bu uzun müddətdə atasından ancaq üç məktub almışdı. Bu gün aldığı teleqram onda dərin bir həyəcan doğurdu. Teleqramı ildırım sürəti ilə açıb oxudu. Gözlərinə inanmadı. Teleqramı təkrar oxudu. bütün vücudu titrədi. Teleqram dayısından idi: “Ağamürsəl vəfat etdi, Tez gəl”. Əşrəf stola dirsəklənərək, gözlərini teleqramdan ayırmayıb acı-acı düşünməyə və nə edəcəyini təyin etməyə çalışdı. Bu zaman Zəkinin sözlərini bir də xatırladı: “Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu isə heçlik və fəlakətdir!” Dodaqaltı: “Zalım oğlu, atamın ölümünü elə bil bilirmiş!” – deyə mırıldandı. Bu matəm xəbəri onun köksünü bir məngənə kimi sıxır, qəlbini dərindən yaralayırdı. Artıq dayana bilmədi. Kədər və iztirabını azaltmaq fikri ilə dərdini bir neçə yoldaşına dedi. Onlar bu matəm xəbərini çox təbii və soyuqqanlılıqla qarşıladılar: “Başın sağ olsun, nə etmək, təbiətin qanunudur. Bir gün gələn, bir gün gedəcək” – deyə adi sözlərlə ona təsəlli verdilər. Əşrəf dostlarından onun bütün kədər və sıxıntısını qəlbindən siləcək bir təsəlli umurdu. Belə bir təsəllini kimsə ona vermədi. Oradan Əhmədin yanına gəldi. Əhməd də haman adi sözləri təkrar etdi. Əşrəf hirsindən partlayırdı. Birdən:
– Canım, indi mənim vəzifəm nədir? Siz onu mənə söyləyin! – deyə bağırdı.
– Sənin vəzifən Bakıya gedib atanın var-yoxuna sahib olmaqdır. Sonra isə nə etmək lazım gəldiyini həyat özü göstərəcək.
Əşrəfin fikri də belə idi. O özü ilə bərabər Əhmədi də aparmaq istəyirdi. Odur ki, Əhmədi təhsilini buraxıb onunla birlikdə Bakıya getmək üçün dilə tutmağa başladı:
– Nə? Təhsili buraxmaq? Bu heç olan iş deyil. Bunu eşidən mənə nə deyər? – deyə Əhməd etiraz etdi.
Əşrəf onu acı-acı süzərək:
– İnadkar axmaq, sən də bu tərsliyindən əl çəkmədin, – deyə Əhmədi təhqir etdi.
Əhməd cavabında:
– Axmaq sənsən ki, belə təklif edirsən. İki ilim qalır. Ölsəm də təhsilimi atmaram, – dedi.
Əhmədin cavab qaytarması Əşrəfə bərk toxundu, çünki dəfələrlə ona dediyi ağır sözlərə birinci dəfə idi ki, Əhməd cavab qaytarırdı. Onu istehzalı nəzərlə başdan-ayağa qədər süzərək:
– Oho! Dəyişmisən, çox dəyişmisən – dedi, – hələ diplom alandan sonra yel olub sənin yanından da keçmək olmayacaq. Axmaq, mən sona kimi qızları buraxıb gedirəm, sən dərsini atıb gedə bilmirsən?
Əşrəf bir də Əhmədə tərs-tərs baxıb otaqdan çıxdı. Bakıya tək getmək ona çox ağır görünürdü. Çox fikirləşdi, getməkdən başqa çarə tapmadı. Üç gün sonra Bakıya yola düşdü.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-esrimizin-qehremanlari-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?
Hacıleylək və sərçəBir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:
Tülkü və dəvəBir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
Dəvə, tülkü və qurdBir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
Başqa şairlərin şeirləri
Qadir Allah birliyini sevirsən,Yetər gələn bir dəvayə dərdimi,
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Nigârâ la'l-i lebün benzedür isem kandaNigârâ la'l-i lebün benzedür isem kandaHatâ ola ki şeker kanda ola ol kanda
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.