İki müztərib yaxud əzab və vicdan
Səhifə 1 / 7
Sevgili Rəmziyyəm!
Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
Gözəl Rəmziyyəm! Zatən mənim həzin bir ahəngdən, dolğun bir çöhrədən mütəəssir olduğumu bilirsiniz. İndi bir ay olar ki, gənc bir dəliqanlı hər gün saat üç radələrində çox məhzun və dolğun olduğu halda pəncərəmizin önündən keçir. Bilməm bir dərdimi var, nədir? Bu gəncin elə solğun və dolğunluğu bütün-bütünə fikrimi, zehnimi məşğul etmiş. Hər bir şeyi arayıb bilmək istədiyim kimi, bu zavallı gəncin də dərdini bilmək istərəm. Fəqət necə bilim? Ah, həmşirəciyim! Bilsəniz, bu zavallı gəncə nə qədər acıyıram? “Dərdini, ələmini söyləyəcək validəsi, həmşirəsimi yoxdur?” – deyə bu qaranlıq fikirlər üzərində saatlarca başımı əllərim içinə alaraq düşünürəm. Nəhayət, çox səbirsizliklə: “Nəyimə lazım! Hər kəsin kədərini, qayğısını mənmi çəkəcəyəm?” – deyə düşüncəmə xitam vermək məramı ilə qalxaraq, bir qəzet, bir kitab mütaliəsi ilə özümü məşğul etmək istərəm. Fəqət heyhat! Yenə də onu düşünürəm. Mənim kədərim bu... Siz də öz əhvalatınızı yazınız! Yazınız baxım necə keçinirsiniz? Bu haladək bir rəfiqə bulmuşsunuzmu?... Bunları həp bilmək istərəm. Yazınız, rica edirəm, yazınız... Xudahafiz!..
Həmşirəniz Sitarə
Həmdərdim, həmsirrim, həmşirəcəyim!
İndi mütləq yanımda olmalıydınız. Bilsəniz, sizə söyləyəcək nə qədər dərdlərim var. Mənim həmdərdim, həmsirrim idin. Ah, o məktəbə davam etdiyimiz günlər... Nə qədər məsum, nə qədər sadə hallarımız var idi. Heybəmiz qoltuğumuzda məktəbə gedərkən bir-iki dəliqanlı güzərgahımızda mini-mini bığlarını bizə doğru buraraq, boynunu əymiş, gözlərini həzin-həzin üzümüzə dikərək baxarkən, usanclıqdan qıpqırmızı qızarardıq. Addımlarımızı iri-iri ataraq, özümüzü çabuq məktəbə yetirməyə çalışırdıq. Qəlbimiz dağ çeşmələri qədər saf, fikrimiz, zehnimiz dərd, küdurətdən uzaq idi. Ah! O məsud və bəxtiyar günlər, bahar dumanları kimi bir anda uçub getdi. İndisə... Ah yazamıram... Sadəliyimə güləcəksən, sən istədiyin qədər gül, sənin kimi səmimi bir dosta hissiyyati-dərunumu ərz etməkdən çəkinməyəcəyəm.
O gəncin, hər gün pəncərəmizin önündən keçdiyini və onun elə solğun və dolğunluğu qəlbimdə böyük bir təsir və riqqət buraxdığını zatən sizə yazmışdım. Fəqət həmşirəciyəzim, o riqqət və mərhəmətin get-gedə artaraq, eşq və məhəbbətə tədil olacağını heç də zənn etməzdim. Bilirmisiniz, artıq bu gənci sevməyə başladım.
İçimdə get-gedə bir qığılcım böyüyür, atəşin şərarələrlə məni yaxır, soldurur. Artıq dayanammıram. Gecələrim gündüz, gündüzlərim gecə olmuşdur. Bilsəniz, o gördüyünüz saf çiçək kimi yanaqlarım nə qədər solmuş, nə qədər dəyişmiş, görsəniz mütləq tanımayacaqsınız. Sevda zəhərli bir ilan kimi boynuma sarılmış. Artıq qurtulamıyacağam, zatən bunu mən hiss edirəm. Sevdiyim Adam, fikrinizi, zehninizi işğal edərək, kim olduğunu bilmək istəyəcəksiniz, deyilmi? Kim olduğunu mən də bilməyirəm. Fəqət sarışın, ortaboylu, alagözlü, kəskin baxışlı, kiçik, qarışıq bığlı gənc bir dəliqanlı!
Bu qiyafəni zatən zehninizdə, fikrinizdə mücəssəm etdiniz də bəyənmədiniz, deyilmi? Ah, mən isə onun əsiri, mütləq onun giriftarı! Bilsəniz onu nə qədər sevirəm. Günəşin ziyası qədər. Hər gün yolunu bəkləyirəm, pəncərəmizin önündən keçəcəyi zaman sevincimdən çocuq kimi hoppanıram. Bu gəncə gəldikdə isə bilsəniz nə qədər usancaq, bir kərə üzümə belə baxmayır. Aramızda hənuz mükalimə yox. Bu gəncin belə soyuqluğu məni bütün-bütünə yaxır. Artıq dayanamıyacağam, necə olursa bir şeyə qərar verməliyəm. Günləri belə bihudəliklə keçirməkdən nə çıxar? Onun hər dəqiqəsi mənim üçün həyatımdan belə əzizdir. Heç olmazsa beş-on kəlmə onunla qonuşalım, onun elə solğun və dalğınlığının səbəbini anlayalım. Ah, nərədən sözə başlayalım? Tanımadığım bir Adam, gülünc olmazmı, həmşirəciyəzim? Onun ürəyinin ən nazik və dərin tellərini arayıb bulmalı. Olur ki, qız tərəfindən birdən-birə belə hərəkət təbiətinə uymasın. Bu sualların üzərində başımı yordum. Nə yapım, həmşirəm? Siz söyləyiniz, nə yapım? Ah, səbir kasam da daşmış, artıq məndə yara yox, sizdən cavab gəlincəyə qədər dayanamıyacağam, hər necə olursa sözə başlayacağam. Xudahafiz!.. Sizi sıxı-sıxı qucaqlayıb öpürəm.
Sitarə
Sevgili, gözəl Rəmziyyəm!
Məktubunuzu aldım, təkrar sevə-sevə oxudum. Yazdıqlarıma bir daha müəmma ad verərək həmşirəlik vəzifəsincə bu yülda bir dürlü tövsiyədə bulunursunuz: “Gözəl Sitarəm, zatən sənin nə qədər sadə və rəqiqül-qəlb olduğunu bilirəm. Əksəriyyən riqqəti-qəlb çox da mənfəətli olmayır. İnsanı böyük-böyük təhlükələrə düçar edir. Onun üçün rəqiqül-qəlb olmaqla bərabər bir az da istiqamət və mətanət lazımdır.
Gözəl həmşirəm, bu halına acıyaraq, get-gedə sevməyə başlayaraq tanımadığınız bir zat kim bilir necə adamdır?.. İştə dediyim kimi bu sizin üçün birər timsali-ibrət ola bilər. Belə əmrlərdən çox ehtiyatlı olmalıdır. Həmşirəlik və yeganəlik vəzifəm olmaq üzrə bir dürlü tövsiyədə bulunmaq istərəm: Unut Sitarəm!.. Unut!.. Bu atəşi-sevda zəhərli bir ilan kimi gözəl gəncliyini boğacaq, ruhunu yaxacaq, parçalayacaq və bahar həyatını solduracaq və zəhərliyəcək olur” – deyirsiniz. Bəxtiyarlığınıza qibtə edirəm. Məgər mən bunları anlamıram? Nə yapmalı? Ürək anlaşılmaz bir şey, heç bir şeyə bənzəməz.
O, sərbəst və azad bir qüvvət olduğundan onu sükutə məcbur etmək olurmu? Ah, nə olurdu mən də öz halımı əvvəlki məsud hala qaytara bileydim. Məncə, bu çox güc, bir daha qayıtmayacaq. Bunu zatən mən hiss edirəm. Xatırlayırmısan, həmşirəciyim, keçən yaz, ah o məsud və bəxtiyar günlər... Hər ikimiz Qusarda idik. İyunun gözəl bir səhəri idi. Təbiətin ormanlarda xəlq etdiyi gözəlliyi, lətafəti seyr etmək üçün səninlə bərabər ormana doğru gedirdik. Yaşıl, lətif otlar üzərində almas paraları kimi parlayan şəbnəmlərdən ətəklərimiz, qundaralarımız bütün-bütünə islanaraq yürüyürdük. Artıq ormanda idik. Yaşıl bir təpənin iri, yüksək ağacları altında yan-yana oturduq. Ətrafımızdakı fındıq, zoğal dallarına sarılmış yabanı üzüm və böyürtkən ağaclarının iri-iri yarpaqları orasını sərin bir kölgə altına buraxmışdı. Mayısın gözəl qoxusu, yaxındakı tarlalarda biçilmiş otların və ətrafımızdakı dağ çiçəklərinin rayihəsilə qarışaraq, nəfəs aldıqca insana yeni bir nəşə və heyrət və dərin bir istirahət hiss etdirirdi. Ara-sıra zümürridin dallar, çalılar arasından quşların kəsik-kəsik fəryadları eşidilirdi. Birdən-birə əllərini bir-birinə çırparaq: “Ah, burası quşlar adasımı? Nə qədər də çox quş var! Birisi bitirir, birisi başlayır. Bax!.. Bax!.. Bu sıx yarpaqlar arasında sarı çiçəyə səmadan enmiş bir friştəyi-hüsn yaxud bir alihəyi -ləhndir ki, fəryadi-dilfiruzi yaşıllıqlar altında titrəyə-titrəyə bu qocaman ormanın köbəyinədək yayılır. Seyr edirmisən Sitarə? Bu canlı çiçəkdə bir qocaman şair qədər zövq və şətarət və bir ulu aşiq qədər eşq və məhəbbət, rəssamları çıldıracaq rəng və lətafət var! Ah, kaş biz də bu quşlar qədər bəxtiyar olaydıq! Qanadlanıb da, bax! Bu uzaqda görünən uca, qarlı dağların başlarındakı buludlara qarışaydıq” – dediniz. Hənuz sözlərini bitirməmişdən, sənin natiqpərvaz dodaqlarından tökülən ahəngdar kəlmələrdən, tövsiflərdən bayılmış kimi gözlərimi üzünə dikərək dururdum. Birdən-birə gözləriniz aşağıya doğru bir nöqtəyə dikildiyini görüncə, mənim də gözlərim həman nöqtəyə dikildi. İki sevdazadə bir-birinə sarılaraq ormana doğru yürüyürlərdi.
Bizdən azacıq uzaq bir giraz ağacı altında oturdular. Hər ikisi maraqlı, hər ikisi həvəskar. Bir az sonra yaşıl dallar arasından bir busə, bir daha... Arxasınca şən, gəvəzək bir qəhqəhə zümürridin yarpaqlar altında titrəyə-titrəyə ormanın nəhayətinə qədər yayıldı, getdi. Biz isə onların çocuq hallarına, acı-acı istehzadan, gülməkdən içimiz ağrıdı, Ah, o məsud günlər bir daha qayıtmayacaq! Bilsəniz, həmşirəciyəzim, o zaman ürəyim dalğasız, sakit bir dəniz üzərindəki günəşin ziyasi qədər saf və parlaq idi; hənuz sevda fırtınaları ilə parçalanaraq bulanmamışdı. Urəyimdə fırtına get-gedə kəsbi-şiddət edir. Bir daha onu durultmaq, əvvəlki saf və təmiz hala qaytarmaq namümkün. Bu gənc könlümü bütün-bütünə cəlb etmiş, bir gün görmədikdə dəli oluram. Dünən yenə pəncərəmizin önündən keçəcək idi. İçimdən bir hiss: “Bax, odur gəlir, sən ki, onu sevirsən, nə durursan? Əvvəlcə o səninlə mükaliməyə başlamasınımı umursan? Əbəs... Bax. Bax, keçir, çabuq, çabuq! Onu sevdiyini söylə! Ah, bacarıqsız söyləsən a...”. Hər nə olursa-olsun canımı dişimə tutaraq, qızarmış, bozarmış bir halda yavaşca:
Aya bax, ulduza bax!
Suya gedən qıza bax!
Ay qız, Allahı sevirsən,
Üzün döndər, bizə bax!
türküsünü ona qırıq-qırıq eşitdirdim. Bir kərrə üzümə baxaraq, yenə gözlərini aşağı endirdi. Bir söz söyləmədən addımlarını iri-iri ataraq sürətlə çıxıb getdi. Həmşirəciyəzim, bilsəniz onun baxışlarında mənim qızlığıma yaxışmayan nə qədər həqarət və istehza hiss etdim. Bilməm məni kimə həml etdi də? Hərcayi soqaq qadınlarınamı? O getdikdən sonra çocuq kimi öz sadəliyimə, səfahətimə ağladım. Gecəni bütün-bütünə uyğusuz keçirdim. Ah, sən də yanımda deyilsən ki, dərdlərimə şərik olub, göz yaşlarımı qurudasan. Xudahafiz həmşirəciyəzim. İndi yenə də pəncərəmizin önündən keçəcək. Onu bəkləyirəm, onu! Artıq yazammıram, rica edirəm, məni yalqız buraxmayınız. Heç olmazsa məktubunuzla dərdlərimə təsəlli verib göz yaşlarımı qurudasınız... Xudahafiz!..
Kitabxana.az · https://kitabxana.az/works/saiq-iki-muzterib-yaxud-ezab-ve-vicdan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Cəfərqulu xana məktubSəbəb nədir kim, yazdığım kağıza,Heç cavab yetişməz bizim diyara?
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,