Gülən balıq
Səhifə 4 / 4 · 75%
– Bəlkə, şah məsləhətə qulaq asa, öz baş hərəmindən, onun bütün sirlərini soruşa?..
– O mənə hər nə desə də, balığın niyə və nəyə güldüyünü deyə bilməz!
– Bəlkə dedi?
– Yox, əsla!
– Bəlkə, sirr çox üzdədir, şahım?
– Yox, sirr dərindədir, balıq, dərya qədər dərində! Yoxsa, sən o dərin dəryadan çıxmaz, məlun qocanın qırışıq əli ilə bu mis teştə salınmaz, saraya gətirilməz, mənim səltənətimi belə tir-tir titrətməzdin?!
– Demək, şah mənim baş hərəminin barigahında niyə və nəyə güldüyümün səbəbini, camaat qarşısında açılmağını qeydsiz-şərtsiz istəyir? Razıdır?
– Bəli, bəli, mən bu sirri mütləq, hər nəyin bahasına olur olsun bilmək istəyirəm! Axı niyə mənim fateh qılıncıma məmləkətlər baş əyən zaman mən belə aciz olmuşam?!
Şah çox deyib, çox təkid edəndən sonra onlar sabaha yaxın şərtləşdilər. Balığın şərtinə görə məmləkətin hər yerindən, hər bir yanından xeyli adam çağırıldı. Saray əhlindən də beli əzilən vəzir-vəkildən başqa hamı toplandı. Şeypur çalındı, qoşun səf-səf dayandı, qoca balıqçı həmin teştə qoyulan balığın yanında əsə-əsə durdu. “Balıq niyə və nəyə güldü?” – sirrinin açılacağı hamının ürəyini aramsız döyündürməyə başladı. Yüz mindən yuxarı göz balığa və padşaha zilləndi.
– Hamı mənim əmrimə əməl etməlidir! – deyə balıq teştin içindən dikəlib hakim səslə dilləndi.
Şah onun qarşısında əyildi:
– Bəli, burada hamı, hər kəs, qoşunun hər bir nəfərinə qədər bu balığın əmrinə əməl etməlidir!
– Onda and için!
– And içirik, balıq!
IV
Hamı səs-səsə verdi. Balıq buyuranın hamısına əməl edəcəklərinə and içdilər.
– Onda tərpənirik, baş hərəmin barigahına tərəf!
– Bəli, yeriyirik baş hərəmin barigahına tərəf!
Padşahın rəngi sapsarı saraldı.
– Bəlkə, şahım, peşman olursunuz?
– Xeyr, mən öz andıma əməl edirəm, balıq!
– Mənim bütün şərtlərimə!
– Bəli, camaat qarşısında balığın bütün şərtlərinə əməl edirəm!
– Bəs rəngin niyə saraldı, şahım?.. Bəlkə bu ziyanın yarısından...
– Camaat qarşısında ölüm də olsa, mən fateh sözümdən qayıtmaram!
– Ölümdən betər olsa, necə?
– Yüz ölüm də olsa mən boyun əyərəm!
– Əgər, yüz ölüm cəzasını özünüz-özünüz üçün qazanmış olsanız, necə?
– Hər kimsə qoy öz əkdiyini biçsin, balıq!
– Sən öz əkdiyini indi çox tez biçəcəksən, şahım.
– Mən əkdiyimi çox tez də biçib qurtarmaq istərəm, balıq!
Doğrudan da peşman olan şah balığın üstünə cumdu. Ancaq balıq çəkinmədən amiranə əmr etdi:
– Sən peşmansan, şahım, görürəm, artıq necə peşmansan! Mən əmr edirəm öz andını pozan şahın qolu tez, cəld bağlansın!
Şahın taxt-tacına çoxdan göz dikənlərdən bir neçəsi birdən töküldü, hər birisi öz qurşağını tezcə açıb şahın qolunu belinə bağlamağa çalışdı.
– Heç də yaxşı deyil ki, camaat qarşısında öz tüpürdüyünü yalıyasan, gəda!
– Vurulmalı boyun sizinmiş, əyan-əşraf!
– Artıq gecdir, çərənləmə, gəda! Qoy görək, axı bu balıq, sənin baş hərəminin barigahında niyə və nəyə gülübdür?! Balığın əmri ilə baş hərəmin barigahının qapıları taybatay açıldı, ancaq bilən olmadı xacə Təbarək hansı cəhənnəmdə gizləndi. Baş hərəm saçlarından çəkilib ortaya atıldı. Xanımın nazla yeridiyi fərşlər bircə-bircə qaldırıldı, döşəmələr tərpədildi. Fərş döşənən, aşağıdan, lağımlardan qırx nəfər bığıburma yad adam dartılıb bu yana atıldı.
Balıq daha ucadan gülə-gülə dilləndi:
– Bax, mən buna gülmüşəm ki, ölkəni başdan-baha zindana çevirən bu qolu bağlı caninin baş hərəmi əyləşdiyi, gəzindiyi bu fərşlərin altında görün nə qədər də yad-yadırğa adam vardır. Bunlar, bu gözlərindən qan damanlar, xəzinəni talayıb bu daş-qaş içində itən xanımın atası evinə lağımla xəlvətcə yeridənlərdir. Bu zəngin imarətdə əlini ağdan-qaraya vurmayan, özünü axmaq şah ərinin gözündə sədaqətli göstərən bu qadın, ölkənin, xalqın malını bir görün necə talan edir. Bax, məni güldürən də şahın gicliyi, şah arvadının bicliyi oldu.
Hamı heyrət etdi, ayaq üstə ölən padşah ayaq altına salınıb, cəsədi tapdaq altına düşdü. Camaat mis teşti əl üstünə aldı:
– Bizə başçı təklif et, balıq!
– Bax bu qoca balıqçını sizin məmləkətə başçı təklif edirəm, camaat!
– Qoca balıqçıdan məmləkət başçısı olarmı?
– Əgər bu qoca balıqçı məmləkətin ağıllı-kamallı, insaflı, biləndə şəxslərini öz başına toplaya bilsə, ondan böyük məmləkət başçısı olar!
– Axı, sənin etiqadın nəyədir, balıq?
– Etiqadım bunadır ki, zəhmət adamı, zəhmətkeşin qanını gecəli-gündüzlü eyş-işrətdə zəlisayağı sormaz, xalq malına qənaət edər, zülmkar padşahın gördüyü işləri görməz, görmədiyi işləri görər!
Eldən, obadan tökülüb gələn adam padşah tərəfinə həmlə edib güc gəldi. Nəhayət, qoca balıqçını məmləkətin başçısı seçdilər. Yan-yörəsini də balıq deyən kimi ağıllı-kamallı vəzir-vəkillə bərkitdilər. Nəhayət, balığa üz tutdular:
– İndi biz sənə necə qulluq edə bilərik?
– Heç bir qulluq gərək deyildir, ancaq sizdən bircə təvəqqem vardır!
– Biz hamımız canla-başla sənin sərəncamını yerinə yetirərik!
– Siz yenə də məni su ilə dolu bir mis teştin içində aparın, həmin yerdən dəryaya buraxın!
– Yox, biz səni sarayda saxlarıq, balıq! Bax orada, qızıl hovuzda üzərsən, özü də qulluğuna neçə-neçə qulluqçu desən, qoyarıq!
– Deyərlər el içində, öl içində. Mənimki dəryadır, balıqdır.
Daha balığın sözünü döndərən olmadı. Məmləkət başçısı qoca balıqçı məyus olsa da balıq buyurana əməl etdi. Onlar mis teşti götürüb axın-axın yeridilər, mis teşt bu əldən o ələ keçdi. Balığı apardılar, həmin yerdən dəryaya buraxdılar... Göz qoydular... Balıq köpüklü dalğalarla üzə-üzə uzaqlaşdı, yenə də dəryaya, yar-yoldaşının yanına getdi, qıraqdan boylanan min-min adamın gözündən itdi...
fevral 1963-cü il
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-gulen-baliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.
VIIIGörünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.
IXGöyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
XAncaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”
Başqa şairlərin şeirləri
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu