Məhtaban 13
Səhifə 2 / 2 · 50%
– Hər kəsdən əvvəl Ərmağanın özü bütün əhvalatı açıb mənə nağıl edibdir!
– Ərmağan xanım?
– Bəli, heç o da başını daldalamağa yer tapmır! Birun ya əndərun bizə mübarəkbadlıq elədikcə, bilmirik ki, başımızı harada gizləyək?! Hələ teleqraf Tehrandan, ətraf xanlardan, xaricdən istehzalı mübarəkbadlıq gətirəndə gör, nə boyda cəncəl olacaq!.. Harada görünüb ki, yetmiş yaşlı əprimiş qocadan övlad törəsin, varis-vəliəhd vücuda gəlsin? Əgər Sərəncam xanım rəhmətə getməsəydi, qoca bunca başını itirməzdi!
– Sinəndə suzan olan sözlərini qurtardınmı, oğul?
– Məgər deməklə qurtarasıdır, ata?
– Səbəb, səbəb, səbəb?!
– Səbəb budur ki, sən qarşımı almasaydın, indi mən düşmən Məmalikin biqeyrət, bişərəf hərəkəti üstündə xəcalət gölündə belə boğulmazdı! İndi dur, sabah Tehrana get, görək. Ya bu yanda Şeyxin şüarıyla çalxanan Təbrizə yön al, baxaq. Görəcəksən bütün tacir-tuccar gözlərini qıyıb, rişxəndlə baxırlar. Deyirlər ki, qoca qayınatan Məmalik Ərdaha gədə-güdəsindən, ya Savalanın başıpozuq çoban-çoluğundan, yaxud əndərunda, birunda şələ dartan: hambal-humbaldan sənə qayın, uşaqlarına da dayı düzəldibdir!
– Sənə deyənlərin sənəd-sübutu vardırmı? – deyə Həlaku kibrit çəkib sulu qəlyanı yandırdı, kürsüdə əyləşmədən dilim döşəkcənin üstünə sərildi, yarımsöykəli uzanıb, dirsəyini də qotazlı mütəkkəyə verdi. – Elə qurcalanıb oyalanırsan ki, guya atan Həlaku bir nakuvara iş görüb, səni töhmət-tənə dənizinə tullayıbdır?!
– Atam, ya qayınatam, əğyar müqabilində nə fərqi?
– Fərqi çox-çoxdur! O Məmalikdir, biz Həlaku! Bütün İran bilir ki, biz haçanın qanlı-bıçaqlısıyıq!..
– Bəs onda niyə sən məni öz qanlı-bıçaq düşmənimizlə calaşdırdın, ağıllı ata?
– Ona görə ki, davasız-şavasız məmaliklər mülkünün sahibi olasan! – Bəs indi bu qondarma varisdən, yalançı vəliəhddən sonra nə təhər?
– Onu tezliklə aradan götürmək gərəkdir!
– Beşikdəki tifilin üstünə qoşun çəkmək, eləmi, Həlaku xan?
– Yox, əsla yox, Ərdahan!
– Bəs necə olsun?
– Sənə dönə-dönə demişəm, Ərmağanın əli ilə! – çalbığ qoca qəlyana qullab vurdu, onun tüklü qaşları altında gizlənən hiyləgər gözləri genişləndi. – Ancaq qızının əli ilə!
– Bəlkə bacısı qardaşının qəsdinə dolmadı?
– Dolacaq!.. Mütləq dolacaq!
– Nə şərtlə, xan?
– O şərtlə ki, sən səbirli ol, bu işə açıq müdaxilə etmə! Öz kinini-küdurətini yenə də bərk-bərk gizlə! Əsil məqsədini büruzə vermə! Qoy qeyrət yükü ancaq Məmalik qızının öz boynuna düşsün!..
– Kişisi dura-dura qeyrət yükü arvadının boynuna düşsün, xan?.. Bu da qeyrətdəndir?
– Dovşanı araba ilə!
Çalbığ Həlaku son günlər tez-tez işlətdiyi misalını yenə də çəkdi.
– Düzü, mən elə bayaqdan tək-tənha fikirləşirdim, öz-özümlə əlləşirdim ki, gərək biz də bu xaricilərdən xeyli əməl öyrənək!
– Necə, ata?
– Üzə gülə-gülə! Bəli, biz Ərmağan xanımın atasının üzünə açılışıb, onları acılamayaq! – Çalbığ öz oğluna təlim keçməyində davam edirdi: – Hələ mən fikirləşirəm ki, gərək biz Məmalik malikanəsinə qucağı qurbanlı yollanaq... Yetimçədən doğulan oğlunun mübarəkbadlığına!
– Hansı oğlunun mübarəkbadlığına? – Ərdahan acı-acı güldü. – Pəhləvan Məhəmmədin yetimçəsindən doğulan, gədə-güdədən, çoban-çoluqdan, törəyən zinanın mübarəkbadlığına!
– Bəli, mütləq!.. Biz gədə-güdədən, çoban-çoluqdan düzələn heç bir uşaq tanımırıq. Biz Məmalikin nuri-didəsini təbrik edirik!
– Ərmağan Məmalik mülkünə əsla qədəm qoymaz!
– Biz səbir göstərsək, Ərmağan tablamayacaq!..
– Hansı babətdən, kişi?
– Biz istəyən babətdən, oğul. Gərək Məmalik xan görsün ki, bizim onun işinə heç bir dəxalətimiz yoxdur! Bəli, biz bu işi qızı ilə atasının öhdəsinə buraxırıq... “İlanı Seyid Əhməd əli ilə!”.
– Bəlkə heç Məmalik qızının əlində nə ilan, nə zəhər yoxdur?!
– Ərmağan istəsə, ilan da tapar, sür-sümük çürüdən zəhər də!
– Deyəsən, xarici səyahət zamanı bir şüşə zəhər alıb gətiribmiş!.. Həlaku xan dikəlib döşəkcədə oturdu...
– Bəs necə olub?
– Özü dediyinə görə az əvvəl qurcalananda sındırıbdır!
– Nə üçün qurcalanırmış ki?
– Guya özünə qəsd etmək niyyətində imiş!
– Yox, yox, gəlin əsla özünə qəsd etməsin!.. Sonrasına ikimizlikdə baxarıq!
– Elə bu xəbərin üstündə hirslənən Ərmağan xanım xadimə Xədicəyə acıqlanıb Ərşad da içəri girib diluzunluq eləyən xadimənin qarnına neçə təpik çalıbsa, qız tələf olubdur!
– Nə qədər məndən gizləsəniz də, həmin hal bilmişəm!
– Bəli, Xədicə elə gecə ikən quylanıbdır!
– Bax o varisi də beləcə quylamaq gərəkdir!
– Heç onu xadimə Xədicəsayağı gizli quylamaqmı olar?
– Qoy quylamaq olsun, ya gizli, ya aşkar!.. Qoca Məmalikin oğul varisini quyladınmı, deməli, özü də quylandı!
– Quylayan ancaq Ərmağan olmalıdır, eləmi, Həlaku xan?
– Bəli, bişəkk, bişübhə!.. Qoca sulu qəlyanının müştüyünü damağına alıb, çal bığlarına oxşayan cod qaşlarını zəhmlə endirdi. – Bəli, xaricilərsayağı üzə gülə-gülə, Qacar qəsrində olan sayaq zəhərləmi, nə iləmi, müxtəsərr!!!
– Bəlkə biz bir yandan zəhər tapıb Ərmağana verək?
– Yüz dəfə demişəm, yüz birinci dəfə də deyirəm, Ərmağanı hürkütmək olmaz!
– Bəs necə eləyək ki, biz Tehranda, Təbrizdə baş qovzaya bilək?!
– Həm də məmaliklər mülkünü həlakular torpağına tez zamanda ustalıqla qarışdıra bilək! – deyə Həlaku xan döşəkcədən dik ayağa qalxdı. – Ayının yüz oyunu var, ancaq bir armudun başında!..
– Ata, töhmət yükünü elə aşkara boynumuzdan götürsək, necə? – Hövsələsini yeyə bilməyən Ərdahan atasından fərqli olaraq nə isə ayrı cürə israr edirdi. – Qoy, külli İran eşidib bilsin ki, biz həlakular hansı qeyrətin sahibiyik!
– Əsla! – Çalbığ Həlaku qeyzə dolan oğlunu danlamaqda davam etdi:
– Güc-zor lap sonuncu işdir. Xaricilərsayağı üzə gülə-gülə Ərmağan öz qardaşını tələf etmək üçün zəhər tapmasa da, başqa çarə tapar!.. – Həlaku xan bir əlini cod bığlarına apardı. O biri əli ilə də oğlunun ara-sıra çəkdiyi tiryəkdən yanıb qaralan dodaqlarını örtdü. – Bu barədə bir daş altda, bir daş üstdə!..
Məhtabanın körpəsi həlakular ailəsində gedən mübahisədən, başının üstündə tovlanan qılıncdan xəbərsizdi. Tifil göz açan kimi anası üçün dodaqlarını büzür, ancaq anasını arayırdı. O, səslənər-səslənməz Məhtaban səksənir, onu qayğı ilə beşikdən götürüb, döşlərinə salıb əmizdirirdi. Məhtabanın oğluna məhəbbəti getdikcə artırdı. İndi Məhəmməd qızı üçün dünyada öz körpəsindən əziz bir xilqət yox idi. Körpə öz anasına həyan olur, Məhtabanın vahiməsini qovub uzaqlaşdırırdı, Məhtaban az qala uca bir dağa söykənən kimi körpəsinə söykənib, güvənirdi. Məhtabanın yer üzündə vəfalı havadarı vardı!.. Dodaqlarını ana döşündən çəkmək istəyən balasını seyr etdikcə, Məhtaban zövq alırdı. O, deyəsən qocayamı, cavanamı ərə getdiyini də unudurdu. Hələ axtarsan, Məmalik xan Məhtabanın nəzərində cavanlaşırdı. Məhtaban ürəkdən arzu edirdi ki, kaş, hansı möcüzə ilə isə qoca Məmalikin ömrü uzun olaydı. Oğluna pərəstar durub, ayağa qaldıraydı, daha Ərmağanın qapazaltısı olmağa qoymayaydı. Ata övladını ərsəyə çatdıraydı. Xarici xanım deyən sayağı, Məmalik nəvəsini görməsə də, heç olmasa oğlunun toyunu görəydi.
İndi əndərun olmasın, birun olsun, bir bığıburma cavan olmasın, lap yüz cavan olsun, Məhtaban gözünün ucu ilə də baxmazdı.
Məhtaban daha özünü düşünmürdü. O, ancaq körpəsinin başına bir iş gələ biləcəyindən qorxurdu.
Doğumdan bir neçə gün ötəndən sonra yavaş-yavaş gözəlləşən, dodaqlarına, yanaqlarına qan gələn, gülümsəyəndə ağ dişləri parıldayan, öz ağzını vaxtından əvvəl süni dişlərlə dolduran xarici xanımı heyran qoyan Məhtaban birdən də dəyişirdi. Gözəl-göyçək sifətinə müdhiş sarılıq gəlirdi.
Xəstəsinə göz qoyan xarici xanımı yenə maraq götürürdü:
– Nə olub ki, xanım, öz-özünüzdən bu qədər vahimələnirsiniz?
Məhtaban başını tərpədirdi:
– Daha mən özüm barədə heç qorxmuram, xanım!
– Bəs kimin üçün qorxursunuz?
– Bax, bu döşümə sığınan günahsız körpə üçün! Məhtabanın alacalanan gözlərində gəzən əsrarlı gilələr uzun kirpiklərindən xəzan yarpaqlarını andıran solğun yanaqlarına axırdı. Xarici xanım isə yanıb yaxılırdı:
– Şərq yamanca ağlağandır, Məhtaban xanım!
– Şərqdə məzlum çoxdur, həkim!
– Siz ki, güclü sərvətli bir xanın xanımısınız, daha məzlum deyilsiniz!
– Mən indi daha məzlumam, həkim!
– Nə üçün?
– Ürəyim azad deyil, xanım, qəfəsdədir! Bu məsum körpədən yana aramsız təlaş içindəyəm. Onu xan qızı yox, rəiyyət qızı doğubdur, obanın palaz-paltarını çayda zoğal dəyənəyi ilə çırpa-çırpa yuyan Məhtaban doğubdur!
– Siz ki, Məmalik xanın qanuni hərəmisiniz?
– Düzdür. Ancaq mən xan qızı deyiləm. İranda söylənən sayaq Qacar sarayına yaxın sicillidən deyiləm!
– Bəlkə ərinizin qocalığından narazısınız?
– Əsla, xanım! O, mənim üçün daha qoca deyil. O, mənim körpəmin atasıdır!
Məhtaban əlini sinəsində uyuyan uşağın üstündə gəzdirdi. Körpə göyümtül gözlərini açdı, xarici xanım cəld onu götürüb, qucağına aldı, uşağa diqqətlə baxdı:
– Heç Allahın da şübhəsi ola bilməz ki, qoca Məmalikin öz əməlidir, – dedi.
Xarici xanım çiyinlərini ata-ata güldü, körpə dodaqlarını büzəndə anası ağladı, uşağı qar kimi ağ döşlərinin arasına aldı. Ancaq heç vəchlə yenə göz yaşlarını saxlaya bilmədi...
“Xudaya, sən bu günahsız tifilciyəzi öz pənahında saxla, – deyə Məhtaban xarici xanımdan xəlvəti titrəyə-titrəyə ürəyində yalvardı – Xudaya, mənim başıma hər müsibət gəlir-gəlsin, təki bu tifilə bir şey olmasın!..”.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehtaban-13
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.
XLIIİstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..
XLIIIİkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.
XLIVMehman barəsində Kamilovun respublika prokurorluğuna göndərdiyi narazılıq teleqramına baxmayaraq, onun belə tez qayıdıb gəlməyi, prokurorluğun işinə birbaş girişməyi Kamilovu narahat edirdi. – “Necə ola bilər ki, mən boyda dağın teleqramı nəzərə alınmasın?” – Kamilov vurnuxur, heç bir yanda özünə yer tapa bilmirdi... Buna görə də o, hər hansı bir kağızı öz qabağına sərsə də, onu yarımçıq buraxır, bir sətir belə başına girmirdi, cinlənir, az qala durub daş-divarı gəmirmək istəyirdi, – “Bu nə işdir ki, heç mən özüm də baş tapmıram?” – deyə o gəzinirdi. Kamilov əsəbiliklə dartıb pəncərəni açsa da, yenə hava ona azlıq edir, hövlündən ürəyi az qala ağzına gəlirdi. Bu qayda ilə iş vaxtı qurtarınca Kamilov öz kabinetində gəzindi, evinə döndü, geyinib-keçinib yol gözləyən Zərrintaca baş ağrısından şikayətləndi. Cavan arvad qocanın bu halına yanıb təcili həkim çağırmaq istədi, ancaq Kamilov razı olmadan əlini qaldırıb yellədi... Kamilov öz əsl mərəzini Zərrintaca açmaq, onun yanında öz gücsüzlüyünü göstərmək istəmirdi. Axı bu neçə vaxt ərzində Zərrintac Kamilovu dağ boyda bir adam saydığı halda, o durub öz paxırını necə açsın, özünü alçacıq bir təpəcik kimi göstərsin?.. Yox, əsla belə şey ola bilməz!.. Heç bir zaman Kamilov kimi bir dağ bu işə getməz, öz şəstini əyib sındırmazdı?!. Axı heç bilmək olmur, bu cavan oğlan haradan prokuror olub bura gəldi, Kamilovun bu möhürlü qərarlarını araq-varaq eləyib, onun ovqatına belə acı soğan doğradı?..Axı nə üçün Vahidov bu Mehmandan belə bərk yapışıb, öz hərəkəti ilə ona ürək-dirək verir?.. Raykom katibi Mərdan Vahidov rayon prokuroru Mehman Atamoğlanovla bax gör necə də qoşa gəzir, vağzala getmək üçün katib özü prokurorun qapısına öz maşınını göndərir, o, Kamilov kimi bir rütbə sahibini burada qoyub, dünənki bir uşağa bel bağlayır, onun sözünə qüvvət verir?.. Bəli, deyəsən axı Kamilovun nüfuzu bir zəlzələyə düşür?.. Niyə bəs belə?.. Kamilov özünün laxladığını hiss edirdi!.. Bu zəlzələdən necə çıxmaq?.. O, bu hissləri özünə yaxın buraxmaq, bacardıqca özünü sındırmaq istəmirdi. Kamilov düşündükcə az qala özü də özündən çəkinir, öz gücsüzlüyünü özündən belə gizlədirdi... Zahiri bir bağırtı-çığırtı, hədə-hərbə gəlmək, beləliklə də öz günlərini başa vurmaq, özünü məğlubedilməz, kürəyi yerəgəlməz, Rüstəm-Zal hesab etmək də ona kömək etmirdi. Axı necə ola bilərdi ki, o öz dolaşdığını boynuna alsın? – Heç belə şey olardımı?.. Kamilov yatdığı yerdə eşələnir, dağ boyda iri gövdəsi ilə oyan-buyana aşır, dəmir çarpayını titrədirdi... Qəflət yuxusuna qapılıb yatmaq olmazdı!.. Durmaq, ağır addımlarla öz kabinetinə getmək, telefon dəstəyindən yapışmaq, ora-bura zəng etmək, işdən-gücdən söz salmaq gərək idi!.. Qoy hər bir kəs, o cümlədən Kamilovun özü də görsün ki, o dağ boyda bir adam necə də gur-gur guruldayır, onun səsi necə də güclü və qulaqbatırıcı bir heybətlə çıxır!.. Yox, qapanıb evdə oturmaq heç də yaramazdı. Bu hal Kamilov üçün indi hər şeydən qorxulu görünürdü. Kamilov öz kabinetini, niyə indi hər vaxtda olduğundan artıq sevir, buranı heç tərk etmək belə istəmirdi. Axı irəlicə o qədər də xoşlamadığı bu kabinet indi Kamilov üçün niyə belə qəşəngləşir... Bax, divar saatı, boyun-boyuna verən stullar, üstü örtüklü stollar, yumşaq divanlar, xüsusən sirr və güc əlaməti olaraq küncdə dayanan o polad kassa, stol üstünə düzülmüş telefonlar, bu pəncərələrdən görünən yal-yamaclar, dağ-daşlar indi hamısı, bax, bir gör nə dərəcədə Kamilovun xoşuna gəlir?.. Axı niyə indiyə kimi bu kabinet Kamilova belə göyçək görünmürdü? Hələ ki, ortalıqda elə bir şey olmadığı halda, niyə bəs Kamilov belə bir təşvişə düşübdür? Özü də bunu dərk edə bilmirdi. “Axı ürəyim niyə belə qurğuşun kimi ağırlaşsın?” Görünür, hamısı o Mehmandan, o Salamatov kimiləri haqqında olan qərarları qurdalayıb tərpətməyindən gəlir?!. Axı olmazdımı ki, Kamilov öz qaba və səhv hərəkətlərinə bir nəzər salsın?.. Onda Kamilovun şəstinə dəyməzdimi? Yox, tezcə kabinetə dönmək, stoldan yapışmaq, telefonçuların üstünə bağırmaq, öz gücünü sınamaq!.. Kamilov ayağa durub fısıldaya-fısıldaya geyindi, Zərrintaca bir söz demədən qapıdan çıxdı, özünü təngnəfəs kabinetə saldı, lampanı yandırdı, buradakı müxəlləfatı diqqətlə gözdən keçirdi. O, stula əyləşib telefon dəstəyindən yapışdı, zəngi zəng üstdən çaldı, doğrudan da o, hər yana səs saldı, hər dəfə ona “bəli-xeyr”lə cavab verildi. Bəs belə isə, bu nə vəlvələdir ki, Kamilovun canına düşübdür? O ayağa durub astadan fit çaldı, özünü toxtadıb ələ almağa çalışdı, gəzindi, sonra Murtuzova zəng vurdu.
Başqa şairlərin şeirləri
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
DüşüncələrYaman dalğın halım olur,Pərişan əhvalım olur,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.