Məhtaban 15
Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:
“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Çalbığ Həlaku uzun təsbehini tez-tez o tərəf-bu tərəfə çevirir, Məmalikin qarasınca deyinməyində, söyüb-söylənməyində davam edirdi:
“Sənin yetmiş yaşın ola, oğul təvəllüdündə beynin qızışa, bilməyəsən göy hardadır, yer harda?!. Əgər bu yolla gedilsə, gərək onda külli-İranda hər xan əsil xanlıqdan, özünə görə şahlıqdan çıxa, lat-lüt ola, bir əli ola, bir ağacı? Hərc-mərclik başlaya, İsmayıl oğlu Səttar zamanında olduğu kimi ixtilal dalğalana, papaqaldıqaç düşə, ta Qacarın özünə qədər daş-daşın üstündə durmaya! Hər nə varsa hamısı laxlaya tökülə, İran başdan-başa viran ola! Heç görün xansız, tacirsiz İran dolanarmı?..
Bir çal-çap başlar ki, gəl görəsən! Əlinə silah, balta-dəhrə götürüb Savalana qalxan qarnı aclar Təbrizə qoşub, Şeyx Xiyabani ilə birləşər. Oradan da Tehrana varıb, keçərlər məmləkət başına! İranda hər nə xəzinə varsa, hamısını yerlə yeksan edərlər!..”.
Həlaku xan uzun təsbehini çevirib öz-özü ilə danışır, hərdən sulu qəlyanına güc verir, qırışıq sir-sifəti daha da qırışırdı. Həlakuya görə Məmaliki özbaşına buraxmaq olmazdı ki, ağlını itirsin, gözünü yenicə açan bir tifilə dua-səna oxutdurmaq üçün ağlına gələn min bir pəstah çıxarsın, əsrlərdən, ulu-ulu əcdaddan gələn dəbi pozub İran xanlığını kökündən baltalasın. Nədi, nədi, bəs mənim oğlum olub, ya da kişiliyimi itirdiyim çağımda fədai qızından özümə oğul-uşaq düzəltmişəm. Elə bir oğul-uşaq düzəltmişəm ki, mənim varisim-vəliəhdim olsun, halal qızıma, yaxud onun Həlaku balalarına Məmalik mülkündən bir bıçaq arxası da torpaq düşməsin!.. Guya pədər süxtə Məmalik xan mülkünü də, divar-daşını da özü ilə darta-darta dədə-babasının sərdabasına aparacaq!..
Həlaku xan neçə gün, neçə gecə danışıb-deyinəndən sonra yenə də bu qərara gəldi ki, öz qohumu ilə açıq-açığına ağac-ağaca qoyub, onun daxili işinə müdaxilə etməsin, atı daşlığa sürməsini Çalbığ xan yenə də öz əvvəlki mətləbinin üstündə dayandı ki, gərək ilan Seyid Əhməd əli ilə tutula!.. Bəli, ümid təkcə Məmalikin öz qızı Ərmağana idi...
Onsuz da Ərmağan atasının əlindən cilov gəmirirdi. Əgər indi Ərmağanın əlində bütün dünyanın zəhəri olsaydı, heç kəsə bir damcı da qıymazdı, hamısını qoca Məmalikə içdirər, gəbərməşini də xəlvəti xəndəyə atdırıb üstünü qara torpaqla, sal daşla, sonra da Savalanın ətəklərində bitən cır-civirli, tikanlı kol-koslarla örtdürər, yayın qızmarında aran yerlərin bütün ilanlarını da bu daşqalağın içinə ötürərdi ki, hər nə zəhəriniz varsa, hamısını tökün bişərəf qocanın çürüyən cənazəsinə!..
Məmalik xan qohumunun açdığı süfrəni ağzıgünə qoyub gedəndən sonra köhnə ədavət təzədən baş qaldırmışdı. Get-gəl bilmərrə kəsilmişdi. Sanki qoca Məmalikin bu yanda Ərmağan adlı qızı, dörd oğlan nəvəsi yox idi!
“İndi nə etmək ki, bu dərin uçurumu üzdən olsa örtüb malalayasan?! Nə etmək ki, izafi hay-küy qoparmadan xaldar ilanı – Ərmağanı atasının imarətinə keçirmək mümkün olsun? Hansı vasitə ilə, nə yolla? Bəlkə Ərmağan xanım Şah Abbas sayağı təğyir-libas olub əvvəlcə atasının birununa girə, oradan da əndəruna sürünüb, tədriclə öz zəhərini işə sala, Məmalik xanı da, onun ərusu Məhtabanı da, varis-vərəsəsini də cəhənnəmə yollaya! – Həlaku xan uzun təsbehini də, xor-xor qəlyanını da qırağa qoyub, dərisi qırışan barmaqlarını əzişdirdi.
– Yox, Məmalik hər necə olsa təğyir-libas olan Ərmağanı tanıyır, qəsdinə dolan qızından iti qılıncını əsirgəməz!.. Onda Həlaku tərəf tamam rüsvay olar, Qacara qədər külli-İrana aydın olar ki, haçandan bəri qohumluq pərdəsi altında üstünü qor basan köz yenə də göz qabağında cəhənnəm alovlarına çevrilir, yenə də bu xan, o xan davası düşür, kəndlər, obalar, evlər, adamlar yanmaq qorxusu qarşısında dayanır...”
Ustalaşan, xariciləri təqlid edən Həlakuya çox abad halında olan Məmalik mülkü gərəkdi! Daha başdan-başa od alova tutulan, kömür qoxusu verən torpaq bu çalbığın nəyinə gərəkdi?!
Belə olan surətdə Həlaku üçün Ərmağanı – bəzəkli ilanı içəri ötürmək zərurətdən də artıq zərurət idi! Elə zərurət ki, daha düşmən bu qurğudan duyuq düşməsin!..
Böyük Məmalik mülkünün oynayıb əlindən çıxdığını, oğlanlarına qalmadığını görən Ərdahan isə atasından icazə almadan gizlicə qazan qaynatmaq, silahlı yürüşlər düzəldib bacardıqca oranı zəbt etmək istəyirdi. Ancaq çalbığ Həlakuya görə içəri əl gərək idi ki, səssiz-səmirsiz iş görsün, birinci növbədə varis-vəliəhdi aradan götürsün! Məhəmməd qızı Məhtabanın gözü qabağında beşikdə yuxuya gedən, ya da cavan anasının döşündən süd əmən tifilin başında ildırım çaxmalı idi!..
Həlaku dinməsə də, göz qoyub görürdü ki, Ərmağan necə də hirs-hikkə ilə daş-divarı gəmirir, heç vəchlə sakitlik tapa bilmirdi. Körpə bütün bu qovğalardan xəbərsizdi. Onun qoca atası, cavan anası isə hər şeyi qabaqcadan görür, həlakular evindəki kinin, qəzəbin, hiylə-məkrin hamısını duyub dərk edirdilər.
Belə vaxtda bir-birinin üstünə qoşun çəkmək mümkün idimi? Tərəflər açıq döyüşdən çəkinirdi. Bəlkə qoca Məmalik özü bir cavan cəsarəti ilə cahada gedər, son günlərdə göstərdiyi rəhmdilliyin, əliaçıqlığın və səxavətin hesabına xeyli müsəlləh süvari toplaya bilərdi. Amma o, belə etmirdi, öz körpəsi – varisi ilə əylənirdi, qoca ər öz cavan xanımını əzəlkindən də artıq sevib-oxşayırdı.
Mamaçılıqdan başqa ayrı sövdası baş tutmayan xarici xanım əlinə keçirdiyi bank vərəqəsindən savayı bir qədər də qiymətli xələt-baratla Tehrana yola düşəndən sonra imarətdə Məmalikə mədəniyyət dərsi deyəcək, başına Avropa ağlı qoyacaq, əslində əl-ayağına dolaşacaq bir kəs qalmamışdı. Təkcə Həlaku qohumlar onu narahat edirdi...
Qoca Həlaku zahirən səbir göstərsə də, əslində cəld tərpənmək istəyir, vaxtı-vədəni itirmək, küləyə verib, bekar oturmaq istəmirdi... Əgər mübarəkbadlıq uzana-uzana ləngisə, Həlaku uduzacaqdı. Həlakuya görə, hər necə ədavət olsa da, qohumlar bir-birinə qarışmalı, dostluq davam etməli, hiylə də öz qaydası ilə işlənməli idi!.. Xeyli vurnuxandan sonra Həlaku xan nəhayət qəti qərara gəldi. Oğlu Ərdahanı hüzuruna çağırdı, onu durmadan qayınatasının evinə yollanmağı, onun oğlunu təbrik etməyi məsləhət gördü.
– Yəni hörmətli xan buyurur ki, dədə-baba düşmənimizə dəxil düşək?
– Nə dədə-baba düşməni, gədə? – Həlaku xan sulu qəlyanın müştüyünü ağzından çıxarıb qırağa tulladı. – Adam da heç Quran qəsəmi ilə başlanan qohumluğu qanlı qələminə verərmi? Özü də kim ola? Sənin qayınatan!
– Görmürsən mənim biqeyrət qayınatam bizim acığımıza necə pəstah çıxarır? Necə özünü yaxşı kişi edib, bizi pis kişi kimi rəiyyət-rəncbərin gözündən salır? – Nəyə göro Məmalik belə səxavətli olub?
– Məhz bizim acığımızal
– Niyə bizim acığımıza olsun, axı? – Çalbığ Həlaku qırışlar içində itən qonur gözlərini qıydı. – Oğlu olub, kişinin varisi doğulub, şadyanalıq eləyir, daha bunun bizə nə dəxli, baba?
– Bəs indi biz nə etməliyik, xan?
– Biz də bu şadyanalığa qarışmalıyıql
– Tutaq ki, belədir, – deyə pəncərəyə söykənən Ərdahan çalbığ Həlakudan soruşdu, – onda biz çox gecikməmişik?!
– Bəli, gecikmişik, ləngimişikl
– Deməli, uduzmuşuql .
– Ancaq necə deyərlər, ziyanın yarısından qayıtmaq da qazancdır, oğul! Gərək biz özümüzü böyük dəbdəbə ilə qohumumuz Məmalikin şadyanalığına yetirək! Söz düşsə, deyək ki, bəs evimizi tərk edən, süfrəmizi soyuya-soyuya qoyub gedən Məmalikdən qohumluqda bir az incimişdik!..
– Məmalik deməzmi küsmüşdünüz, bəs niyə gəldiniz? Sizə kim ona qənd kəlləsi göndərmişdi?
– Deyərik qohumluqda ürəyimiz durmadı, nəvələrin bizi darıxdırdı, Ərmağan xanım nə yedi, nə içdi. Bizdən rəncidə oldu ki, niyə atamın şad günündə belə kütahlıq göstərirsiniz?
– Bəs bizim bu ağlımız hardaydı, xan?
– Düzü, Ərdahan, mən bu barədə nə müddətdir fikirləşirdim. Gecə-gündüz təsbeh çevirə-çevirə, qəlyan çəkə-çəkə düşünürdüm!
– Deyərlər, nağıl dananı qurda verər, xan!
– Gərək biz elə çevik tərpənək, qiymətli sovqatlarımızı dəvələrə yükləyib, elə karvan düzəldək ki, külli-İranda heç bir xan öz qohumunun mübarəkbadlığına belə dəbdəbə ilə getməmiş olsun!
– Deməli, burada olan-qalan nə varsa, bizim Ərşad Həlakunun qacarilər qumarından hər nə tökülüb durubsa, hamısını yığıb-yığışdırıb oraya – babası Məmalikin malikanəsinə aparaq?
– Oraya aparmasaq, buraya gətirmərik, gədə!
– Birdən Ərmağan buna razı olmadı?
– Biz onu yaxşı-yaxşı başa salarıq, Ərdahan!
– Yəni bütün bunların məğzini əl içi kimi açıb Ərmağana bildirək.
– Əsla! – Həlaku uzun təsbehini dəstələyib cibinə qoydu, sağ dirsəyini qotazlı mütəkkələrə dayayıb ayağa durdu, qapını açıb yan-yörəyə baxdı. Təzədən bağladı, axırıncı olaraq oğlunu yaxşı-yaxşı başa salmaq istədi ki, Ərmağan ata-oğlun tük aparan iştahasından heç bir sudur sezməməlidir. Çünki Ərmağanın öz iştahası hamıya bəs edəcək, daha biz həlakulara başqa heç nə gərək olmayacaqdır!
– Yəni xan buyurar ki, Ərmağan xanım qardaşının qətlinə gedəcək?
– Bişəkkə, bişübhə!
– Əgər Ərmağan xanım bişərəf Məmalikin ayağına getməkdən boyun qaçırsa?
– Əsla, Ərmağan boyun qaçırmaz!
– Ata, sən çox etiqadla, çox təlimlənən kimi danışırsan!
– Mən bu son həftələrdə öz-özümlə çox məşvərət etmişəm. Gərək qətl gizli olsun, bir halda ki, qohum qətli ola! Ata-oğul xeyli xısın-xısın danışıb qət etdilər ki, məmurlara əmrsərəncam verib tədarükə başlasınlar. Ərmağan xanım ərindən soruşdu:
– Yəni ciddən Məmalikin ayağına gedirik?
– Bəli, Həlaku xan əmr edir ki, gərək hamılıqla qohumumuzgilə gedək, kişinin oğul varisini ziyarət və təbrik edək!
– Ancaq elə bu?
– Daha başqa nə mənzurumuz ola bilər, xanım?
– Yəni doğrudan heç bir mənzurunuz yoxdur, Ərdahan?
– İnciyərik Ərmağan xanım, billah inciyərik... Arada dörd oğlan övladı olan yerdə heç köhnə yaraların qaysağını qopartmaq olar?.. Məqsəd ancaq mübarəkbadlıqdır!.. Məmalikin oğlu bizim uşaqların dayısıdır!..
– Bu tifil hər kimdən doğulubsa da?!
– Bəli! Daha Allahın sirrinə heç vəchlə çöp salıb qurdalamağına dəyməz, Ərmağan! Ərmağan xanım məmaliklər tərəfə getməyə, övladlıq borcunu yerinə yetirməyə, qardaşını atıb-tutmağa hazır olduğunu, kinli-küdurətli nəfəsini içəridən dərsə də, üzdə şirin dillə bildirdi. Əpdahan, xanımının yanından çıxdı, onun yolunu intizarla gözləyən Həlakunun yanına girdi, aradakı söz-söhbəti atasına nəql etdi. Ürəyində gülən qoca Həlakunun çiyinləri atdı...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehtaban-15
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.
XXXIXMehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?
XLHələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.
XLIRespublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir