Səhifə 1 / 2

Necə deyərlər, çalbığ Həlakunun aşığı alçı durmuşdu. Onun kefi kök, damağı da çağ idi. Artıq gəlini Ərmağanı – xaldar ilanı ustalıq və məharətlə atasının evinə ötürmüşdü. Ağla çətin sığa bilən əfi ilan artıq Məmalikin evinin içində idi... Adi ilanla bu ilanın fərqi bu idi ki, adi ilan küncdə-bucaqda gizləndiyi, girəvəsi düşüncə çalıb zəhərlərini cəld töküb bir qırağa çəkildiyi halda, bu ilanın heç də küncdə-bucaqda gizlənməyə ehtiyacı yox idi. Getdikcə Ərmağan öz atasının evində qol-qanad açır, deyəsən tezcə də Sərəncamsayağı əmr, sərəncam verməyə də başlayırdı! Ərmağan xanımın fərmanı ilə qoca xidmətkarlar, məmurlar, darğalar, əşrəflər mübaşirlər işə-gücə qoşulur, bu yanda qoyun kəsilir, o biri yanda aşpazxanada ləziz təamlar hazırlanıb, süfrələr sahmana salınırdı. Məhtaban isə gərdək dalında gizlənən utancaq gəlin kimi aşkara çıxmır, hələ ki, heç kəs də onu təm-təraqla aşkara çıxarmaq, ev sahibəsini mübarəkbadlığa gələn əyan heyətinin qoca başçısı çalbığ Həlakuya pişnəhad etmək istəmirdi. Həlaku xan isə öz növbəsində ədəb gözləyir, Məhtaban xanımı görmək üçün can atmırdı. O, Məmalikin qaşqabaqlı olub-olmadığına fikir vermir, sahibkarın necə turş-təlx sifətdə olduğunu görmürmüş kimi, üstünü də vurmurdu. Həlaku xan tərəfindən, yaxud Məmalik xan tərəfindən burada cəm olan əyan-əşrəf də yeyib-içməyə keçir, Çalbığ Həlaku bic-bic göz vurub, şirin-şirin söhbət edir, deyib-gülür, olmazın şadyanalıq göstərirdi. Çalbığ Həlaku təvəllüd tapan xanzadəyə Məmalik mülkünə bitişik kəndlərdən bir mədaxillisini bağışlamaq barədə möhürlü qərar göndərəcəyini vəd edir, sevincinin intəhasız olduğunu mötəbər məclisdə nümayiş etdirirdi.

– Bu qohumluq ki var ağalar, hər ikimizin xoşbəxtliyidir, – deyə Həlaku tutqunsifət Məmaliki süzüb, arada heç bir büğz yox imiş kimi, ortada dolaşan oğlan nəvələrinə işarə edirdi. – Bax, bizim xırdaların burunları daima bu Məmalik baba üçün göynəyir!..

– Mən özüm də heç bu xırdaları az istəmirəm!

– Bəs, Ərşad, Gurşad necə, xan?

– Ərşad ayrı, Gurşad da ayrıdır!..

– Necə yəni Məmalik babası, Ərşad ayrı, Gurşad ayrıdır?

– Ərşad azğın gədədir!

– Bəs Gurşad nəvən necə?!

– O, baş tapılası Həlaku deyildir!

– Yox babası, əsla yox! Hər meyvənin bir təmi, bir dadı vardır! – deyə çalbığ özünə çəkən Ərşadı igidlikdə tərifləyib Gurşadı da başıdolu oğlan olmaqda nəzmə çəkib, qohumluğun necə bəhrə verdiyini tərif edir, Məmaliklə necə canbir qəlbdə olduğunu sübut üçün az qala qırışıq dərisindən çıxırdı. Lakin çalbığ nə qədər səy göstərib, yaxınlıq etsə də, Məmalik də bu oyunun necə oynanıldığını duyurdu. O, duyurdu ki, Həlaku necə də gözaltı onun imarətinə, imarətinin içinə, mətbəxdən gələn ləziz təamlarına, eninə-uzununa salınan bərli-bəzəkli süfrəsinə, Avropadan gətirilən gözqamaşdırıcı qab-qacağına müştəri gözü ilə baxır, heç bir şeyi nəzərindən qaçırmır, yedikcə də iştahası açılır... Çalbığ süfrəyə düzülən, fasiləsiz gətirilən təamlardan belə acgöz-acgöz yeyir, kəndli-kəsəkli bütün Məmalik mülkünü dirigözlü udmaq istəyirdi. Sanki qırışıqsifət Həlaku çox nataraz əjdahadır, nəfəsi cəhənnəm körüyündən də güclüdür! Sanki bu əjdaha hər şeyi udmaq, öz mədəsində həzm etmək istəyir...

Doğrudan da çalbığ necə iştaha ilə yeyib-içib, deyib-gülüb, özünü Məmalik qohumunun evində xahan göstərsə də, təvəllüd tapan oğlu varisi barəsində öz təlatümlü sevincini izhar etsə də, özünü canı od tutub yanan göstərsə də, yenə onun əsil iştahası ayrı idi! Onun acıxan iştahası özünün ən qadim dədə-baba düşməninin, bu düşmənin sonuncu qocasının ölümünü öz gözləri ilə görmək idi, məmaliklərin sonuncu qocasını öz dədə-baba sərdabasında dəfn etmək idi! Dönüb çaylıçəmənli, meşəli-ormanlı, bağlı-bağatlı, əkənək-biçənəkli Məmalik mülkünü öz torpağına qarışdırmaq, nə varsa hamısını diri gözlü udmaq idi!.. Hamısını biryolluq Həlaku xanlığına bitişdirmək, yüz-yüz ilin ara sərhəddini biryolluq itirmək, daha qəvi xanlıq yaratmaq idi! Hələlik bu qədər! Sonra boy atan həlaku qardaşları arasında nə olacaq, nə olmayacaqdı, çalbığ özü də bilmirdi. Ancaq girəvəçi Həlakunun birinci vəzifəsi pilə kimi yumşaldıqda xaricilərsayağı üzə gülə-gülə öz işini-gücünü görmək idi, ölüncə cəhənnəminə-goruna arxayınca çıxıb getmək idi.

Həlaku xana elə gəlirdi ki, artıq vaxt çatıbdır, öz ürək arzusuna qovuşmaq üçün vədə yetibdir. Dəmhadəmdir, bu arzu elə də uzun çəkməyəcəkdir. Qoca Məmalik nə qədər çalıxıb-çapalasa, atılıb-düşsə, girəvəsi düşüncə onun güvəndiyi varisi də öz qızı Ərmağanın əli ilə aradan çıxarılacaqdır. Sonrasını da sonra düşünmək, yüz ölçüb bir biçmək olar... Ən amansız düşmən gülə-gülə Məmalik evinə girmişdi, çalmaq qəsdinə dolan ilan imarətinin içinə ötürülmüşdü.

– Biz cəsarət edib Məmalik xanı gələn həftəyə öz xanəmizə mehman dəvət etmək əzmində olsaq, – deyə Həlaku yanında əyləşən qohumunu dirsəyi ilə tərpətdi – büzürg xan biz bəndeyihəqirin təklifinə necə baxar?

– Düzü, Həlaku, bu tezlikdə heç yana tərpənmərəm, sizə də gələ bilmərəm!

– Niyə, nəyə görə, büzürg xan? Bax, xanımınızı da, mübarəkbadlığa gəldiyimiz oğlunuzu da, sizin bu mötəbər əşrəflərinizi də götürüb nə üçün bizim xanəmizə bir həftəliyə qonaq gələ bilməzsiniz?

– Çünki kiçik xanı bu tezlikdə tərpətmək olmaz!

– Şəxsən büzürg xan, özü bizə buyurub təşrif gətirsə necədir?

– Büzürg xan kiçik xanı bircə an gözdən qoymaq istəmir!

– Məhtaban xanım büzürg xanın vəliəhdinə baxa bilməzmi?

– Xeyr, gərək büzürg xan özü vəliəhdinə göz olsun!

– Bəs onda, həqiqətən haçan bizə buyura bilərsiniz Məmalik?

– Demək çətindir, Həlaku!

– Nə üçün? – Həlaku tərəfin əşrəfləri də çalbığın işarəsi ilə bu söhbətə müdaxilə edib, ağanın təklifinə rədd cavabı verildiyinə görə rəncidə olduqlarını bildirdilər.

– Gərək sizin əlaqəniz möhkəm olsun ki, iki xanlığın da arası o nisbətdə möhkəm olsun! – deyə səslər bir-birinə qarışdı.

– Bəli, gərək belə olsun ki, siz tərəfdən biz tərəfə, biz tərəfdən siz tərəfə qaçan, yaxud Təbrizdə başlanan Şeyxin şurişi zamanında Savalan dağına gündən-günə çəkilib qalxan, yolundan-rizindən azıb-təzən rəiyyət-rəncbər hər iki tərəfin güclü əli ilə biryolluq cilovlansınl..

– Mən daha öz tərəfimin hər cürə azıb-təzməyinə xitam vermək qərarına gəlmişəm, ağalar!

– Nə ilə, Məmalik? – deyə Həlaku sinəsində baş qaldıran kin-küdurətini gizlədib gülə-gülə soruşdu: – Yoxsa siz büzürg xan, elə güman edirsiniz ki, rəiyyətə, rəncbərə güzəştə getməklə, onlara ehsan etməklə gözləri doyacaqdır? Əsla!.. Sən büzürg xan tərəhhüm göstərib bu gün bu vergidə güzəştə gedəcəksən, sabah o səndən başqa vergidən əl çəkməyini tələb edəcəkdir, sabah o vergini də güzəştə gedəndə başqa vergidən xilas olmağını istəyəcəkdir. Ta o qədər ki, mənim əziz qohumum büzürg xan, öz xanlığından əl üzüb müflis düşəsən! Ta öz dədə-baba imarətini Tehran-Təbriz tacirinə satıb ucqar bir yanda özünə sövmiə-daxma tikəsən!

Həlaku xan, “büzürg xan, büzürg xan, büzürg baba” – deyə Məmaliki yumşaltmaq, əslində onun saqqızlığını oğurlamaq istəyirdi. Məmalik isə həlakularla olan qədim ədavəti unutmur, dədə-baba düşməninin yağlı dilinə inanmır, qohumluq bürüncəyində gələn düşmənlə sazişə girmir, ancaq onlara “durun buradan itilin, gedin!” də demirdi. Qohumluq cildində evinin içinə dürtülən düşməni qovmaq Məmalik üçün səngər səngərə duran düşmənlə atışmaqdan da çətin idi. Lakin o, birdən də üzə gəlib açılışmaq, Həlaku tərəfin hamısını buradan yerlidibli qovmaq istəsə də, yenə də tərəddüd göstərib müəyyən qərara gələ bilmədiyini duyurdu: – Necə olar? Yaxşı olar, yaman olar? Məhtaban nə deyər, nə deməz?”.

Əlbəttə, Məhtaban hər iki xanlıq arasında əmin-amanlıq, sülhsaziş istəyirdi, bacardığı qədər də bu uğurda çalışırdı. Məhtaban əsla istəmirdi ki, köhnə ədavət bir də gürzə kimi baş qovzasın, təzədən qan sel kimi axsın! Bəlkə Məhtaban belə bir qanlı qovğada öz qoca ərini itirməkdən qorxurdu? Bəli, Məhtaban həm də öz qoca ərini belə qoşunkeşlikdə itirməkdən çəkinirdi! O ərinin qohumsuz-qardaşsız olduğunu düşünürdü, arxasız, kimsəsiz olduğunun da dərdini çəkirdi. İndi Məmalikin arxası, söykənəcəyi, gözünün işığı kim idi? Yalnız qundaqda olan, acanda dodaqlarını büzən, anasının döşündə doyandan sonra göyümtül gözlərini döyə-döyə uyuyan tifil idi, körpə idi!..

İndi bu körpə tifildən biri deyil, bir neçəsi olsa kimə, necə havadar çıxa bilərdi? Demək, Məmalik ağlına, şüuruna müraciət edincə köhnə düşmənçiliyi Həlakunun üzünə vurmamalı, heç cür ağartmamalı idi! Bir halda ki, Həlaku qohumluqdan söz salıb hər iki babanın birgə nəvələrindən danışırdı. Hələ çalbığ qundağa da kənd bağışlayır, özünü qohumunun qarşısında səxavət sahibi və fədakar göstərirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

7 dəq
VIII

Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

9 dəq
IX

Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”

5 dəq
X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 dəq

Başqa şairlərin şeirləri