Səhifə 2 / 2 · 50%

– Xudaya, sən məni aydın şüurdan, ağıldan, mühakimədən məhrum etmə! – deyə Məmalik üzə açılışmasa, içəridə narahatçılıq keçirməyində də davam edirdi. – Xudaya, belə kələfsayağı dolaşıq vəziyyətdə mən oğlumun anası Məhəmməd qızı Məhtabandan məsəva kimlə sirdaşlıq edib, dərdləşə bilərəm? Sən özün mənə havadar ol, Xudaya! – Sanki Məmalik dizləri üstə düşüb, tək Tanrısının uzun ətəyindən sallaşırdı. – Havadar ol ki, Xudaya, evimizin içərisinə dürtülən düşmən durub buradan çox tez rədd olsun, bizi sakit buraxsın... İndi ya uzağı iki-üç günə yeyib-içəndən sonra bunlar sürüküb öz xarabalarına qayıtsınlar!.. – Məmaliki fikir götürürdü. – Bu çalbığ murdar öz əyan-əşrəfi ilə qayıdacaqdır, ancaq Ərmağan necə? Məhtaban deyib, təkid etdiyi kimi, ata qapısını heç öz qızının üzünə bağlamaqmı olar?!

Məmalik üçün indi hər bir addım daha müşkül görünürdü! O, bilmirdi Ərmağanla bu gün olmasa da sabahına necə rəftar eləsin? O, bilmirdi sabahına darvaza qapılarını deyil, öz xanlıq sərhəddini həlakuların üzünə bağlasınmı, dönüb uca hayqırtı ilə qızına da desinmi:

– “Sənin burada heç bir alıb-verəcəyin, heç bir haqqın-hüququn yoxdur!”.

Məmalikin hökmranlıq duyğuları belə qərar verməyi ona əmr etsə də, atalıq ürəyi “yox, yox” – deyə dayanıb dururdu. Ərmağanın öz balaca qardaşını sinəsinə basdığı zaman Məmalikin qulağına səmimi kimi gələn hıçqırtıları hələ də qocanı çaşdırırdı? “Bəlkə? Bəlkə Ərmağanın Qurana qəsəmi doğrudur, qız peşman olubdur? Mən də əbəs yerə şəkkə-şübhəyə düşürəm? Bəlkə qocalıq ağlımı çaşdırıb, məni dolaşdırıbdır?.. Bəlkə?.. Bəlkə?..”.

“Bəlkələr” həddən ziyadə çoxalır, getdikcə Məmalik xanın beynini doldurub, az qala bir xəşil tavasına döndərirdi! Lakin əslində Həlaku tərəf hər nə cildə desən girir, hansı sifətə desən düşür, hansı hiyləyə desən əl atır, hansı xəyanətə desən gedirdi... Ərmağan – xanın öz qızı Ərmağan necə?! Bəlkə Ərmağan da bu təzə varisə görə öz oğullarının xeyrinə xəyanətə gedəcəkdi?.. Bəlkə o, atasının kürəyinə zəhərli xəncər saplayıb, rəzalət bataqlığına düşəcəkdi? Ərmağan bilirdi ki, körpə olmasın, nə olsun, Məhtabandan olmasın, hansı fala baxan, ələk toxuyan qaraçı qızından olsun, Məmalik oğlunu sevir, uşağı işığı azalan gözlərinin nuru sayır. Bəs onda övlad öz atasının yurdunu kor qoymaq qəsdinə dolardımı?

Kim bilir, bəlkə Ərmağan Ərdaha mülkünün üstündə nəinki öz qoca atasının yurdunu kor qoyar, hətta qocanın iki gözünü də öz əli ilə çıxarıb, atasını çanaqlama kor edərdi!.. Bəlkə? Bəlkə?.. Bəlkə Ərmağan bunca alçağa enməz, zir-zibilli, üfunətli çamırlığa düşüb üzməz, özünü əbədi lənətlə damğalamazdı? Damğalar içində ömür sürmək, damğalı dünyadan getmək istəməzdi? Bir də axır alçaq xəyanəti bu dünyada heç kəs mədh etməmişdir?! Xəyanət gizli olsun, ya hər necə, uca səslə lənətlənmişdir! Xəyanət xan sarayında olsun, ya şah sarayında, min-min lənətlə damğalanmışdır. Açıq qatil bir cəzalansa, bir söyülüb bir nifrət edilsə, gizli qatil min cəzalanıb min söyülüb, min nifrət edilmişdir! Demək, xəyanətə getmək, gizli sui-qəsdə qədəm qoymaq ata qatili, qardaş qatili olmaq dəhşətdir!”.

Qonaqlarını rahatlayan, yan otaqda xanımını, körpəsini yuxuya verincə xudmani otağına çəkilən Məmalik artıq vücuduna qor dolan adam kimi eşələnir, hər necə etsə də, yata bilmirdi. Onun gözlərində cüzi çimir də qaçırdı. Məmalik düşünürdü, hey düşünürdü. Çapalayıb düşünürdü. “İndi qoca Məmalik nə etsin. İndi o öz yerindən durub tər köynək halında Məhtaban yatan otağa keçsinmi?.. Xanımının yorğanını astaca qaldırıb, bu gözəl xilqətə sığınsınmı? Əlini Məhtabanın tər vücudunda gəzdirib gərginləşən əsəbiliyini azacıq da olsa qovub körpə uşaq kimi uyumağa çalışsınmı?”.

Yox. Məmalik belə hərəkət edərdisə, öz mühakiməsində vurub heç yana çıxara bilməzdi! Axır qohumlar arasında qohumluqdan da artıq dədə-baba düşmənçiliyi var idi! Özü də gizli ədavət, həlledilməz, açılmaq bilməyən düyünlər var idi!.. Məmalik bu müşkül düyünləri açmaq üçün vurnuxurdu. O, günü sabah qızı Ərmağanla rəftarını aydınlaşdırmaq, müəyyənləşdirmək istəyirdi. O, bilmirdi ki, doğma qızını da düşmən həlakulara qatıb-qarışdırıb acılasınmı?.. Öz xırda sevimli nəvələrini də qışqıra-qışqıra, sübhün gözü açılar-açılmaz başqalarına qatıb öz qapısından birkərəlik qovsunmu?!

Qocanın gözləri qaranlıq içində böyüyür, onun təsəvvüründə əzrailsifət Sərəncam xanım gəlincə, kaftarlaşmaqdan da artıq ifritələşib məlunlaşan xanımı nəzərindən qovub, Məhtabanın xəyalıyla əylənib, ovunmaq istəyirdi. Qoca Məmalik bir ildən artıq idi ki, hər necə kəşməkəşdə də olsa, yenə də ürəklə ömür-gün keçirirdi. O, Məhtabanla keçirdiyi vaxtının tək bircə gününü deyil, saat-saniyəsini belə yadından çıxara bilmirdi. Məhtabanla həmin aylı gecədən, ağ köpüklü göldən başlamış indiyə qədər olan əzablı, eyni zamanda zövq-səfa dəmlərini qoca unuda bilmirdi. O, öz məşuqəsindən ayrı düşən bir gənc kimi Məhtabanla cavanlaşır, zəhər dilli, zəhrimar xasiyyətli Sərəncamın xəstə, ya özünü xəstəliyə qoyduğu vaxtlarını deyil, həm də cavanlıq çağlarını yad etdikcə qocalırdı, Ərmağan xanım da bu damcı o damcıya bənzəyən sayağında öz anasına bənzəmişdi! Zahiri görünüşü cəhətindən qız nə qədər öz atasına oxşasa da, daxili cəhətdən bir o qədər anasının eyni, bəlkə də bir xeyli artıq idi!.. Ancaq, Məmalikin cavanlıq çağlarının öz qızında təcəssüm tapan cizgiləri necə? Bax bu cizgiləri, özünü, öz evindən qovmaqmı olardı?

Məmalik gah təlatümlü tərəddüddən çıxıb belə qərara gəlir, gah da dönüb oğul-uşaqlı böyük qızı ilə körpə oğlunun birləşən qara saçlarının arasından qalxan hıçqırtılarını təsəvvürünə gətirincə, dolaşığa düşüb qalırdı. Qocanın təsəvvüründə, xəyalında bir kiçicik nöqtə böyüyə-böyüyə dağa çevrilir, hətta qanadlarını ətrafa gərən nəhəng Savalan dağı kimi onun gözlərinin qabağında dayanıb dururdu...

Görünür, Məmalik ciddən düşünməli, qaranlıq gecəni sabaha çatdırınca müəyyən nəticəyə gəlməli, günü sabahdan öz qonaqlarını xoş sifətlə salamlayıb, necə istirahət etdiniz? – deyə soruşmalı, yaxud bu qonaqlara turş-təlx sifət göstərib bütün gecəni yatmadığından, yuxusuzluğundan, narahatlığından şikayətlənməli, birdən-birə olmasa da, yavaş-yavaş söhbəti açıb, söz güləşdirə-güləşdirə, dava-dalaş üçün zəmin hazırlamalı, Həlaku qohumunu incidib, acılayıb, onunla birbaşa atı daşlığa sürməli, gözü görmək istəmədiyi yalquzağı, birinci növbədə qart köpəyi buradan qovmalı, düşmən həlakuları biryolluq uzaqlaşdırmalı, onlar aralanınca, öz adamlarına əmr edib qonaqlarının kürəklərinə fişənglərdən dolu kimi yağdırmalı idi!

Belə olardısa, onda bəs Məmalikin sevdiyi xırda nəvələri – İldırım, Şümşad necə? Bunların da ardınca güllə yağdırıb, həlakulardır – deyə fərq qoymalımı? Lənət sənə kor şeytan! – deyə Məmalikin yaşaran gözlərində məhəbbət duyğuları ilə qəzəb qığılcımları bir-birinə qarışıb imtizac edirdi!

Bir gör açıq düşmənçilik nə qədər də asan, qohumluqla qarışan düşmənçilik nə qədər də çətin imiş?! Axır, İranın bir çox xanları qohumluq deyil, hər nəyə qarışan düşmənçilik olsa, yenə də məqamı gələndə xudpəsəndlik göstərir, amansız olurlar? Onlar nəinki qızlarını qapılarından qovurlar, yeri düşəndə doğma oğullarının da gözlərini çıxartdırıb, başlarını kəsdirdilər! Bəs onda Məmalik həmin xanların birisi, öz qəzəbli əcdadının qoca varisi deyilmi? Bəs onda bu qoca Məmalikin qabağını kəsən kimdi, nəçidi, nə karədi? Görünür, ən ümdəsi Məmalikin qabağını qılınc kimi kəsən gözəl Məhtabanın sülh sazişi naminə dönə-dönə etdiyi israr, təkiddi. Qoca öz hərəkətində kimi ötüb adlasa, sözünü sındırsa da, Məhəmməd qızı Məhtabanı ötüb adlaya bilmir, onun sözünü sındıra bilmirdi! İndi də qoca aylı gecədə, köpüklü göldə çiməndə Məhtabana tamaşa edib sevdiyi qız yığışıb Ərdahaya gedəndə onun qum üstündə qalan ləpirlərinə öz saqqalını dəlicəsinə sərib: “Mənim məbədgahım, mənim Məkkəm, Mədinəm, mənim qibləgahım” söylədiyi kimi, yenə də Məhəmməd qızını eynən sevirdi, onun yolunda hər nə cövr-cəfaya desən gedib təhəmmül edirdi...

Məhtaban Məhəmməd qızının tapşırıqları Məmalik xandan ötrü ən ali hakimin çıxardığı hökm idi, ən ali məclisin qəbul etdiyi qərar idi... Kaş! Kaş, Məhtaban da Məmalik deyən, əri istəyən kimi həlakulara qarşı düşməncəsinə duraydı! Onda hər ikisi birləşib, barışmaz düşməni öz imarətlərindən yaxşıca kürüyərdilər. Lakin Məhtaban da, Məmalikin özü də evlərinə dürtülən düşmənin alçaq qəsdini az-çox duysalar da, yenə şəkk-şübhəyə düşdüklərini gümanlarına gətirməmiş deyildilər. Məhtaban isə ardıcıl sülh sazişi istəyir, qan-qovğa istəmir, odlaq-yanğın istəmir, beş yaşından tutmuş gördüyü, eşitdiyi, yüz-yüz günahsız insanın əbəs ölümünü istəmirdi, Məhtaban indi də unutmadığı, xatırladığı min-min adamın yenə də dərbədər düşüb, dalı şələli didərgin dolanmağını istəmirdi. O, xan-xan davasına zidd idi, düşmən idi! İndi Məmalik necə etsin, necə tərpənsin? Bəlkə o, yerindən durub o biri otağa keçsin, bir də köməsini bidar edib Məhtabanla yaxşı-yaxşı aydın danışıb məsləhətləşsin?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

7 dəq
VIII

Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

9 dəq
IX

Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”

5 dəq
X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 dəq

Başqa şairlərin şeirləri