Deyirdim ki, gələr gün dincələr artıq bir az dərdim,Xəbər gəldi Cənubdan, ah, alovlandı bu yaz dərdim!

Sevincin dostuyam, lakin mənim də öz qəmim vardır,Cənublu qardaşımla tez görüşməkdir əsas dərdim!

Əziz qan qardaşım yatdıqca zindanlarda təqsirsiz,Sənintək hər zaman tüğyan eylər daşqın Araz dərdim!

Qara güllər açıb bağrımda bu sənsizliyin dərdi,Vüsal eşqilə məclisdə olur min telli saz dərdim!

Cənub hicrində çoxdandır sinəmdə qanlı dağlar var,Olunmaz möhtəşəm vulkanlı dağlarla qiyas dərdim!

Sənin düşmənlərin, qardaş, sənə işgəncə verdikcə,Gözüm qan-yaş tökər seltək, qurar könlümdə yas dərdim!

Süleyman Rüstəməm, artıq tükənmiş səbrim, ey cəllad,Olarsan kül, sənə eylərsə əmrimlə təmas dərdim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran