Səhifə 6 / 6 · 83%

Milisioner

Xeyr, mən çağırmalıyam.

Dünya

Xox, qorxdum elə! (Ayna qabağında özünü düzəldir.)

Qorxmazov

Bir məni başa salın görüm nə olub axı?

Milisioner

Mən bu gün bu qonşuluqdakı kolxoz bazarında növbətçiyəm. Bir az əvvəl bu vətəndaş bir neçə kisə qovun-qarpız gətirib töküb bazarın lap ortasına.

Qorxmazov

Mən bir ölən günümü bilmirəm. Dünya, səni qınamayan olsa məni də bazara çəkib heçə-puça satarsan.

Dünya

Heçə-puça getsəydin, indi səni çoxdan satmışdım.

Milisioner

Nəhayət, bu vətəndaş, qovun-qarpızını bəyənməyənə, almayana yağış kimi küçə söyüşləri yağdırıb. Mən onu intizama çağıranda məni də vəzifə başında təhqir edib hədələyir.

Dünya

Yox bir dayanıb baxacaqdım səninçin.

Milisioner

Bu vətəndaşı rayona aparmaq mənim vəzifəmdir.

Dünya

Rayona xuliqanları aparırlar.

Milisioner

Yoldaş direktor, rica edirəm xanımınızı intizama çağırasınız.

Qorxmazov

Rəhmətlik... nə qoyub, nə axtarırsan. Sən beli tapançalı onunla bacarmayandan sonra, mən yazıq əli-beli boş ona neyləyə bilərəm!

Milisioner

Məsələ bununla qurtarır. Xanımınız o biri otaqda işçilərinizin və müştərilərinizin yanında mənə əl qaldırmaq istəyirdi.

Qorxmazov

Yaxşı qurtarmısan, yoldaş milisioner. Mənə əvvəl elə gəlirdi ki, milisionerlər fışqırığı kefi köklükdən çalırlar. Amma indi görürəm ki...

Dünya

Kişi, əmr elə milisioner rədd olub getsin!

Milisioner

Mən akt bağlamışam gedən deyiləm.

Qorxmazov

Əşi, onda mən gərək bunun əlindən gündə yüz akt bağlayam ki... Get işinə, sən çox yüngül qurtarmısan...

Dünya (getmək istəyir)

Kişi, sonra gələrəm.

Milisioner (fit verir)

Dayan!

Qorxmazov

Mən ölüm barışın getsin. (Pul göstərir.) Al bu da arvadın ştrafı.

Milisioner (pulu onun üzünə çırpır)

Qalsın xanımınıza, xərclərsiniz. Mən buna görə də sizdən akt bağlamalıyam.

Dünya

Qaragün, gör kimə pul təklif eləyir a!..

Qorxmazov (var-gəl edir. Fikirləşir, sonra)

Yoldaş milisioner, görünür sizin iş-gücünüz qurtarıb ki, arvad-uşaqla məşğul olursunuz. Bu dəqiqə başıma bir fikir gəldi. Bu axır vaxtlarda mən çox qorxuram ki, düşmənlərim, həriflər mənim suyuma qəsd eləsinlər. Olmaz ki, bundan sonra sən xüsusi mükafatla məni evdən işə gətirib, işdən evə aparasan ki, düşmənlər qara niyyətlərinə nail olmasınlar?

Milisioner

Sizin başınıza hava gəlib, nədir?

Qorxmazov

Gəlməyibsə də, bundan sonra gələr inşallah.

Dünya

Uzun sözün qısası, kişi, əmr elə artıq adamlar çıxsın bayıra.

Milisioner

Görünür, bu otaqda yox, o biri otaqda şahidlərin əlilə akt bağlamalı olacağam. (Digər otağa keçir.)

Qorxmazov (Dəmirova)

Dəmirov... Siz allah çalışın milisioneri dilə tutun akt bağlamasın.

Dəmirov

Görək də. (Dəmirov gedir.)

Dünya (birdən şəkli görür)

Bıy, bıy, bayaqdan bunu görmürdüm. A kişi, bu ayı kimdir, hə?

Qorxmazov

Mənəm, ay arvad, ayı nədir?

Dünya

Yaxşı, mənim başım o biri otaqda milisionerlə qarışıq olanda sən kabinetinə heç kəsi buraxmayıb öz zamınla nə pıç-pıç eləyirdin hə!

Qorxmazov

İşdən danışırdıq.

Dünya

Hansı işdən?

Qorxmazov

Mejdunarodnı məsələlərdən. Yaxşı işçi olmasına baxma, yaman kəmsavaddır. Axı gərək kadromuzu tərbiyələndirək də.

Dünya

Əcəb müəllimsən. Vallah məəttələm ki, cavan-cavan gözəl-göyçək qızlar bunun par-par parıldayan tüksüz kəlləsində nə görürlər.

Qorxmazov (gülərək)

Arvad, qaydadır pərvanə işığa gələr.

Dünya

Yaxşı, mən o pərvanələri sənin başında ağcaqanada döndərməsəm Dünya deyiləm.

Qorxmazov

Niyə qısqanırsan axı. Gülarayla bizim Nadir nişanlanıblar ey.

Dünya

Cəhənnəmə, gora nişanlanıblar.

Qorxmazov

Sən canımı yığdın lap boğazıma. Məndən nə istəyirsən, ay mənim ömürlük qazamatım, nə?..

Dünya

Mənə deyirsən ömürlük qazamat? Yoxsa beş il qabaq ayaqlarıma düşüb dediyin sözlər yadından çıxıb? Görünür sənin dərsini yaxşı verməmişəm. Tez bu dəqiqə təzədən düş ayaqlarıma və de: “Ey Dünya, dünya, mənə sənsiz zindandır, zindan!”

Qorxmazov (oyan-buyana baxır)

A Dünya Bu zülmü Allah götürməz axı...

Dünya

Bu dəqiqə dediyimə əməl eləməsən...

Qorxmazov (tez pəncərəni örtür, üzündə əzab əlamətləri)

Yaxşı... (Dünyaya yaxınlaşır, bu dəmdə Dəmirov tələsik içəri girir.)

Dünya

Tfu, gəlməyə vaxt tapdın?

Qorxmazov

Allah üzümə baxdı, nə vaxtında gəldi.

Dəmirov

Şey... milisioneri yola gətirmək olmur. Sonra Bayramalı və Dilavər deyir ki, bizimlə işi yoxsa bir saatlığa nahara gedək, varsa qalaq.

Dünya

İtilib getsinlər.

Qorxmazov

Yox, qalsınlar.

Dünya

Dedim ki, getsinlər!

Qorxmazov

Qalsınlar!

Dəmirov

Baş üstə, deyərəm həm getsinlər, həm də qalsınlar. (Çıxır.)

Dünya (ayna qabağında məşq eləyir)

A kişi, bilirsən nə var? Parkdakı karnavalda istəyirəm hamının gözünü çıxaram.

Qorxmazov

Birinkini çıxarmısan, bəs deyil?

Dünya

Yaxşı, yaxşı, de görüm, karnavalda sən də olacaqsan?

Qorxmazov

Yə bilim, hardan... vaxtım hanı. (Kənara) Deyəsən, zalımın qızı karnavalı mənə haram eləyəcək. Dəli şeytan deyir nitqini maska altında elə...

Dünya

Başqalarıyçın yerin dibindən vaxt taparsan.

Qorxmazov

Dünya, burax bu qəprizləri. O biri otaqda priyomnımda saatlarla gözləyənlər var. Get, gəlib evdə doyunca danışarıq.

Dünya

Yaxşı... onda mindir mini maşınına, tez yola sal görüm.

Qorxmazov

Mənim maşınım hardaydı, ay arvad!

Dünya

Ay kişi, demirdin ki, bu gün-sabah verəcəklər? Hələ ala bilməmisən, ay fərsiz? Xalqın arvadları hamama, bazara, partnixaya, manikyura, pedikyura – hər yerə maşınla getsin, mən Dünya xanım piyada! Onların nəyi məndən artıqdır, hə?

Qorxmazov

Heç nəyi, çox çalışdım, ancaq...

Dünya

Acizin biri, aciz!

Qorxmazov

Arvad, qurtardın, ya yox?

Dünya

Yox, bu saat o paltar şəkli çəkən oğlanı çağır gəlsin. Karnaval paltarımı ona başa salım.

Qorxmazov (zəngi tez-tez basır, tok olmur)

Buna nə oldu... Adə Dəmirov, Dəmirov, Dəmirov... (Özü bayıra çıxır səhvən asılqandan Dünyanın şlyapasını başına keçirir.)

Dünya (ətrafı nəzərdən keçirir. Qorxmazovun yeşiklərini axtarır. Bir neçə məktub çıxarıb sumkasına qoyur)

Bunlara evdə baxaram.

Nadir (gəlir)

Salam, xanım!

Dünya

Cavan oğlan... aman allah... (Kresloya yıxılır.)

Nadir

Sizə nə oldu, xanım?

Dünya

heç, yenə yadıma düşdü...

Nadir

Nə, kim?

Dünya

O, o, ilk məhəbbətim, belə də bənzəyiş olar, siz nə qədər də ona bənzəyirsiniz. Bəs mən niyə bura belə tez-tez gəlirəm?

Nadir

Heç nə başa düşmürəm, canım.

Dünya

Elə gərək açam sandığı, tökəm pambığı! (Nadir diqqətlə, təəccüblə Dünyaya baxır.) Elə baxma, insafsız!

Nadir

İnsafsız kimdir, canım?

Dünya

Qulaq as! Mənim ikinci ərim pis adam deyildi. Özü də sizin direktorunuzla tamojnada işlərdi, yaxın dostdular. Bu fərsiz o qədər bizə gəldi getdi, o qədər mənə dil tökdü ki, axırda mənim kimi nəcib, həyalı, abırlı, namuslu qadını yoldan çıxarıb özünə arvad elədi. Birinci ərim bunun yanında qızıla tutulası adamdı. Heyf! Siz, bilirsiniz nə qədər də ona oxşayırsınız. Mən buna davam gətirə bilməyəcəyəm, aman, of... (Yalandan ürəyi gedir. Divana yıxılır, Nadir qrafindən stəkana su tökür... Dünyanın başını qaldırıb ona su içirən dəmdə Qorxmazov və Gülara içəri girir.)

Qorxmazov

Adə, indi də mənim arvadıma əl atırsan, qarğaturist? (Gülaraya) mey vidu!

Gülara

Belə... (Nadiri süzüb kabinetdən çıxır.)

Nadir

Xanımınızın ilk məhəbbəti yadına düşüb, ürəyi getmişdi.

Dünya

A kişi, bu cavan oğlan rəhmətlik qardaşımla elə bil bir almadır bölünüb. Hə, qardaş, söhbətimiz yarımçıq qaldı... Mən istəyirəm ki, bütün parkın gözü məndə olsun. Tez ol, mənə yaxşı parça nümunələri göstər görüm.

Nadir (bir dəftərçədə ona parça nümunələri göstərir)

Bax, bu sizin nəcib fiquranıza çox uyğundur. (Parça çox şit və duzsuzdur.)

Dünya

Sağ ol, cavan oğlan. (Dünya onu süzür.)

Qorxmazov

Az sağollaşın...

Dünya

A kişi, mənim seçdiyim parçadan mənim istədiyim fasonda heç kəsə paltar tikilməyəcək ha... Bu fason mənimdir, mənim.

Qorxmazov

O da baş üstə.

Nadir

Bəli. (Kənara) Baxarıq.

Dünya

Gedim baş ustaya əndamımı ölçdürüm. (Dünya getmək istərkən əlində akt və ruçka milisioner, Bayramalı, Dilavər və başqaları otağa girirlər.)

Milisioner

Vətəndaş, bir dəqiqə, akta qol çəkin, sonra. (Aktı ona uzadır.)

Dünya

Sən hələ burdasan?

Milisioner

Vətəndaş, qanun naminə, sakit.

Dünya

Mən səninçin qanuna yerləşən arvadlardan deyiləm. Qırsaqqızın biri qırsaqqız!

Milisioner

Xanım, ədəb yaxşı şeydir. Al, tez aktı oxu, qol çək!

Dünya (aktı alıb cırır)

Ver qol çəkim. Dincəldin?..

Milisioner (aktı onun əlindən almaq istərkən Dünya sumkasını fırlayaraq milisionerə hücum çəkir.)

Mən indi səni milisionerlikdən dvornikliyə endirməsəm, Dünya adımı dəyişib kənd qoyacağam, kənd!

Qorxmazov (cibindən ağ yaylıq çıxarıb araya girir, yaylığı havada yelləndir, Dünyanın zərbələri onun başına dəyir)

A Dünya, bütün dünya sülhə qol çəkir, sən hələ də hərbiyə deyirsən? Dilavər, Dəmirov, kömək eləyin, atam yandı!

Milisioner (fışqırıq çalır)

Vətəndaş, sakit, sakit!

Dünya fışqırığı milisionerin əlindən qapıb özü çalır. Sürətlə milisionerin üzərinə cumur.

Qorxmazov

Arvad, lap anadangəlmə milisionermiş ki...

Milisioner (Dünyaya tərəf gedir. Dünya fit çalmaqda davam edir)

Vətəndaş, düşün qabağıma... rayona!

Dünya

Kəs! (Fit çala-çala pəncərədən koridora atılıb gözdən itir.)

Milisioner (pəncərədən küçədəki milisionerləri səsləyir)

Milisioner, milisioner! Adə Heydər, onu tut! (Gedir.)

Qorxmazov

Yazıq milisioner! (Qəhqəhə)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri