O qədər nalə etdim ki, qızardı lalətək bağrım,Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı.

Ürəkdə min yaran vardır, yazıq millət, yazıq millət,Sənə hər ləhzədə öz canını qurban edən yandı.

Qonub damlarda asudə ötür heybətlə bayquşlar,Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı.

Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,Neçin dinmirsən, ey qardaş, soruş bir gör nədən yandı.

Durubdur başım üstündə, əlində xəncəri, cəllad,Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən yandı.

Yadımdan çıxdı bülbültək qəfəsdə güllərin rəngi,Qəmin, dərdin əlindən od tutub axır bədən yandı.

Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar