İki yol
Səhifə 2 / 2 · 50%
Məhəmməd. Nə deyəcəyəm? İxtiyar sahibisiniz.
Mir Kazım aqa. Çoq əcəb. İndi ikinci məsələyə keçək. Sənə iki yol seçmişəm, ki din-islama xidmət edəsən. Biri Kərbəlayı-Müəllayə gedib təhsilini bitirəsən. Sonra da gəlib cəmaətimizə və’z edəsən. Digəri mərsiyəxanlıqdır. Bu axırıncı müqəddəs vəzifəni yürütməyə indi də hazırsınız. Gözəl səsin də var. Demək, evladım, iki təriq: va’izlik, rovzəxanlıq hansına meylin artıq isə, onu seç.
Məhəmməd. Ata, çoq dərin düşüncələrdən sonra özümə bir müqəddəs, bir müstəqim təriq seçmişəm. Sənin məqsədin mən fərzəndini bir sahib-minbər görmək deyilmi ki, o minbərdən vətəndaş’arımı, dindaşlarımı doqru yola də’vət edim?
Mir Kazım aqa. Bəli, nami-mübarəki qoyulmuş sən evladından cəddimiz bunu tələb edir.
Məhəmməd. Ata, indi dinlə gör evladın nə gözəl, nə müqəddəs bir mənbər bəyənmiş?
Molla Fəttah. Söylə. Yoqsa bayaq məni şübhəyə salmışdın.
Məhəmməd. Ata, tə’rif etdiyim minbərdən sizlər kibi quru və’z etmək yoq, həyatı təsvir edən maraqlı vəq’ələr, dəhşətli, qanlı faciələr söyləyərək, göstərərək, cəmaəti doqru yola də’vət edəcəkdir, bu evladın.
Mir Kazım aqa. Əhsən, əhsən oqlum.
Məhəmməd. Zalimlərin sitəmlərini, məzlumların qanlı göz yaşlarını göstərərək, qəlbləri lərzənak edəcəkdir — mən evladın.
Molla Fəttah. Əhsən, afərin bacı oqlu.
Mir Kazım aqa. O minbəri-müqəddəsin ismi nədir, evladım?
Məhəmməd. Səhnədir ismi onun pədərim.
Molla Fəttah. Səhnə nədir?
Məhəmməd. Dayım, səhnə ayinəsidir həyati-bəşərin!
Mir Kazım aqa. O səhnə hansı müqəddəs binadadır?
Məhəmməd. Bəli, doqru. O müqəddəs binadır; çünki orada yüksəlir həqiqət bayraqı. Orada yanır həqq ocaqı. Ora bir ədalətxanadır ki, hər kəs vücdanən əməlinə görə ya mükafat, ya da müçazat alır. Ora bir ibrətxanadır ki, hər kəs orada çirkin əməlini görüb də ibrət alır, istiqfar edir, insafa gəlir.
Molla Fəttah. Atan səndən sorur ki o hansı binadır?
Məhəmməd. O binanın adı teatrodur.
Mir Kazım aqa və Molla Fəttah. Nə? Teatro?
Məhəmməd. Bəli, teatro.
Mir Kazım aqa. Teatro! Lotular yıqıncaqı...
Məhəmməd. Xayır, ürəfa ocaqı.
Molla Fəttah. Şeytan yuvası!
Məhəmməd. Xayır, mələk odası!
Mir Kazım aqa. Ora meyxanadır!
Məhəmməd. Xayır, ora ibrətxanadır.
Molla Fəttah. Sən babi olmusan.
Məhəmməd. Xayır, mən həq yolu tapmış bir insan olmuşam.
Mir Kazım aqa. Sən dəli olmusan.
Məhəmməd. Xayır, mən aqil olmuşam.
Molla Fəttah. Bunların hamısına bais o babi molla Cəlaldır.
Mir Kazım ağa. Doğru deyirsən, odur.
Məhəmməd. Nahaq yerə molla Cəlalı müqəssir edirsiniz. O sizdən geriyə qalmaz. O da sizin kibi din-islamın əsasını atıb, sac qoyanlara, çəkmə geyənlərə, rusca oquyanlara kafir deyənlərdəndir.
Mir Kazım ağa. Bəs səni bu şeytan yoluna kim və nə vadar edir?
Məhəmməd. Məyər mənim dutduğum yol şeytan yoludur? Orada nə edəcəyimi söyləmədimmi?
Molla Fəttah. Söylədin. Orada oyunbazlıq, mütrüblik edəcəksən.
Mir Kazım ağa. Ah! Ürəyim partlayır! Seyid övladı oyunbazlıq?! Oğul, o qoyduğum ad sənə haram olsun! Cəddim səni tezlik ilə əlimdən alsın!
Molla Fəttah. Mən qızımı belə mürtədə verməm. Bu saat molla Vəlini çağırıb nikahın pozduracağam.
Məhəmməd. Baq, şəriəti bu günə salmışsınız. Ehkami-diniyyəyə belə əməl edirsiniz.
Molla Fəttah. Neçə?
Məhəmməd. Kərimənizi öz ixtiyarilə mi mənə gəlmiş?
Molla Fəttah. Bəli.
Məhəmməd. Onda çağırınız gəlsin və öz ixtiyarilə də nikahın geri oqutsun. Şəriətin yolu budur, dayım.
Molla Fəttah. Sus! Mənə şəriət öyrətmə. Dini-islamda sənin kibi dəliyə nikah yoqdur. Bu burası. Səni şəkdən çıqarmaq üçün də qızımı bu saat buraya gətirdərəm. Görərsən ki sən divanədən ikrah edib əl çəkəcəkdir. Tükəzban! Tükəzban! (Tükəzban daxil olur.)
Tükəzban. Nə buyurursan, qardaşım?
Molla Fəttah. Bu saat gedib Qünçanı gətirərsən.
Tükəzban. A qardaş, belə toy olurmu? Qoy qom-əqrəbamı yığıb qaida ilə toy edim. Qünça anadan yetimdir. Nəyə onu tay-tuş yanında xar edirsən? Nəyə könlünü sındırırsan?
Mir Kazım ağa. Tükəzban, sənin toyun yasa döndü!
Tükəzban. Vay! Ay kişi nə deyirsən? Ölənimiz kimdir?
Mir Kazım ağa. Bu oğlun Məhəmməd.
Tükəzban. Ay kişi nə deyirsən? Sən allah mənlə belə zarafat etmə.
Mir Kazım ağa. Arvad, oğlun dəli olmuş. Dəliyə də qız vermək şəriətlə, cayiz deyil.
Məhəmməd. Ana, bunlar deyirlər ki, mən dəli olmuşam. Mən də istəyirəm ki Qünça gəlsin özündən soruşum ki, mən dəliyə yoldaş olmaq istəyir, ya yoq?
Tükəzban. Elə bu, gör məni necə qorqutdular! Oğlum, bunlar yalan deyirlər. Sənin eşqindən dəli-divanə olan Qünçadır.
Molla Fəttah. Heç vaqtı!
Tükəzban. A qardaş, nə deyirsən? Bizdən nə pislik gördün ki, daha qızını vermək istəmirsən? Vallah verməsən, Qünça özünü öldürəcəkdir, ya da Məhəmmədə qoşulub qaçacaqdır. Bu saat gedib gətirərəm. Görərsən doğru deyirəm, ya yoq. (Çıqır.)
Mir Kazım ağa. Bu işlərdə müqəssir mən özüməm. Nə üçün o islam topraqını buraqıb bu viranəyə gəldim. Nə bilim. Dedim ki bura mənim vətənimdir. Ata-babalarımın xaki-paki buradadır. Qoy ölsəm də burada ölüm. Heç bu günlərimi düşünmədim. Evladlarımın fikrinə qalmadım. Bilmədim ki bu rus topraqında onlar xarici yolilə gedəcəklər.
Molla Fəttah. Əlbəttə səhv etmisən. Gərək gəlməyəydin. İndi mən özüm də Ərəbistana köçmək fikrindəyəm. Bu işləri ki mən görürəm, bir az çəkməz, burada müsəlmanlıq nişanəsindən heç bir zad qalmaz.
(Tükəzban, Külsüm, Qünça ipək çarşafa bürünərək daxil olurlar.)
Tükəzban. Qardaşım, indi qızından özün soruş, gör Məhəmmədə getmək istəyir ya yoq?
Məhəmməd. Qünçacığım. Hansı zalimdən qorqaraq belə çadraya bürünüb gizlənmisən? Yoqsa qələm qaşlarında, ahu baqışlarında, şəhla gözlərində bir qüsurmu görürsən? Yetər, yetər, gözəlim! Sən kibi Qünça güllərin açılmaq zamanı gəlmiş! (Cəld onun başından çarşafı çəkib atır.)
Mir Kazım ağa. Nadürüst, bihəya!
Molla Fəttah. Qızım, görürsənmi? Bu din-təriqətdən dönmüş. Bu seyid övladı əmmaməni atıb lotu libası geyib teatrda oyunbazlıq etmək fikrindədir. Sən bu kafirə, bu divanəyə getmək istəyirmisən?
Qonça. Ağa, Məhəmməd mənim qəlbimin şahididir. Özünə nə vəzifə seçərsə, mənə xoşdur. Mən onun vəfalı bir quluyam.
Mir Kazım ağa və molla Fəttah. Va şəriəta, va milləta!
Molla Fəttah. Sus, bihəya! O sənin qəlbinin sultanı isə, mən də sənin cisminin, həyatının sultanıyam.
Tükəzban. Qardaş, sənə yalvarıram, bu iki cavanın göz yaşı tökməyinə bais olma. Qızını bədbaxt etmə.
Külsüm. Dayı, mən də yalvarıram, Qünçanı Məhəmmədən ayırma.
Molla Fəttah. Çəkilin, siz qadınların məsləhətinə qulaq asıb bu dünyada biabru, axirətdə də cəhənnəm oduna yanmaq istəmirəm.
Məhəmməd. Ey mənim seyid atam, ey mənim axund dayım.
Mir Kazım ağa. Sus, şeytan məl’un! Sən dinsiz daha mənim övladım deyilsən! Çəkil. Evimdən çıq! Rəd ol!
Məhəmməd. İndi mən bağırıram. Vay o millətin halına ki, sizin kibi yol göstərəni var!
(Getmək istəyir.)
Qünça. Məhəmməd, məni bunlara buraqıb haraya gedirsən?
Külsüm. Qardaşım, məni də özünlə apar, burada qoyma.
Məhəmməd. Səbr ediniz, ey qünça güllərim. Məhəmməd sizləri bu zülmətdən, bu əziyyətdən, bu əzraillərin pəncəsindən xilas etmək üçün gedir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-iki-yol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
NamusAxşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.– Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?
«Yoluxma xəstəlik»İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.
İki dost, iki düşmənAvqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.