Müalicə
Səhifə 2 / 2 · 50%
Rəfiqim şəhərdən tədarüksüz gəlməmişdi. Çamadanı açıb çunayını çıxartdı və üzünü onunla örtdü ki, hünülər ona əziyyət verməsin.
– İndi, həriflər, «Şuri-şahnazı» başlayın, – deyə rəfiqim lampanı söndürüb yerinə girdi və bir azdan sonra yuxuya getdi. Bu vaxt üfüqdən ay asta-asta çıxmağa başladı. Boz köpək bunu gördükdə rəfiqimin pəncərəsi altında başını göyə qaldırıb heybətli səsi ilə ulamağa başladı. Biçarə rəfiqim hövlnak yerindən sıçrayıb qalxdı və yenə lampanı yandırdı, sonra pəncərəni açıb bağırdı:
– Quduz dəymiş səsini kəs.
Boz köpək pəncərədən bir qədər uzaqlaşıb yenə ulamağa başladı. Həsən dayısının səsinə oyanıb həyətə çıxdı və bir odun qapıb boz köpəyə atdı. Odun köpəyə nə təhər dəydisə heyvan özünü çardağın altına soxub uzun-uzadı zinkildəməyə başladı, axırda sakit oldu. Lakin iş-işdən keçmişdi. Boz köpəyin ulamağını eşidib, qonşu itlər də ağız-ağıza verib ulaşmağa başladılar.
Rəfiqim yorğana bürünüb pəncərədən bu musiqini dinləyərək söyləyirdi:
– «Bir az şənlikli bir kənd tapıb da orada bu üç ay yayı istirahət etməlisiniz ki, əsəbləriniz rahat olub möhkəmləşə». Bəli, əsəblərim möhkəmləşir, möhtərəm təbiblərim.
Gecə yarıdan keçmişdi, köpəklərin səsləri kəsilmiş, kənd sükuta dalmışdı. Rəfiqim üçüncü dəfə lampanı söndürüb yerinə girdi, lakin yata bilmədi, çünki bu səfər də otağa döşənmiş xalılardan birələr yerinə daraşıb onu rahat olmağa qoymadılar. Yenə lampanı yandırıb paltarını geydi və otağda o baş-bu başa getməyə başladı. Axırda taqətdən düşüb paltarlı yerinin üstə uzandı. Yorğun bədən rahatlıq tələb edirdi. Rəfiqim nə vaxt yuxuya getdiyini də bilmədi.
Sübhün tülu’unda, eyvanda keçələmiş çil xoruz oyanıb uca və zil səslə banladı:
– Qu-qu-riqu.
Son həyəcanı çil xoruz özünə məxsus bir tərz ilə bitirdi. İkinci «qu-qu-riqu»da rəfiqim dik atıldı.
Zavallının ürəyi elə atlanırdı ki, sanki bu saat partlayacaqdır. Rəfiqim otağı aradıqda öz çəkməsindən başqa əlinə bir şey keçmədi, çəkmənin bir tayını əlinə götürüb, pəncərəni açdı. Çil xoruzu eyvanın sürahısı üstə banlayan gördü. Var qüvvəsilə çəkməni çil xoruza atdı, çil xoruz qığıltı ilə eyvandan yerə yıxıldı. Bunun səsinə toyuqlar qışqırıq saldılar. Bunların səslərinə qonşu xoruz-toyuqlar da qarışdılar, yatmışları oyatdılar.
Rəfiqim paltosunu geyib qaloşlarını ayağına taxaraq, eyvanda o baş-bu başa gedib, dəli kimi öz-özünə danışırdı. Bacısı əlində badya qızıl inəyi sağmağa getdikdə, qardaşını eyvanda gördü.
– Nə erkən durmusan, a qardaş?
– Təbiblərin əmrini yerinə yetirirəm, bacım. Sizin bu gözəl kəndinizin saf havasını udurum, bacım, – deyə rəfiqim yenə də hirsli o baş-bu başa yeriş edirdi.
– Çox gözəl fikirdir, qardaşım, inşallah bir həftənin ərzində yanaqların qızarıb çıraq kimi yanacaqdır. Bax, görürsən döşümə döşlük taxmışam, əllərimi də sabun ilə təmiz yumuşam. Daha arxayın ol, – deyə bacısı qızıl inəyi sağmağa məşğul oldu. Bu vaxt Həsən həyətə çıxdı və dayısını eyvanda görüb dedi:
– Sabahın xeyir, dayı can.
– Aqibətin xeyir, bacıoğlu, ancaq bilmirəm çil xoruzun aqibəti nə haldadır, xeyirdir, ya şər.
Bu halda Həsən çil xoruzu eyvanın altına girmiş görüb deyir:
– Dayı can, çil xoruz canını sizin yolunuzda fəda etmiş.
– Demək intiqamımı çil xoruzdan almışam, çünki dəymiş sübh tülu’undan məni oyadıb yatmağa qoymamış, görünür çəkməm onu bərk tutmuşdur.
– Dayı can, çəkməniz burda yoxdur.
– Axtar, gör haradadır?
Həsən axtarmağa başlayır, axırda çəkməni köpəyin hinində parçalanmış tapır, köpək isə işi duyub həyətdən qaçır.
– Dayı can, boz köpək çəkməni parçalayıb bu hala salmış deyir və çəkməni göstərir.
– Demək, boz köpək də məndən intiqamını almış. Həsən, bu gecə bütün kəndiniz mənə müharibə e’lan etmişdi, düzü özümü məğlub sanıram. Ona görə də hərb meydanından qaçıram. Çay içəndən sonra gedib karvansaradan İvan dayını buraya çağırarsan.
– Nə üçün, dayı can?
– Mənə lazımdır.
– Baş üstə, dayı can. Amma çil xoruzun xatasını çəkəcəksən, çünki Gülnazın sevgili xoruzudur.
– Eybi yoxdur, pul verərəm, ona bir gözəl xoruz alarsan. İndi çil xoruzu göz önündən uzaq et.
Həsən çil xoruzu aparıb bağçada basdırır və sonra əhvalatı anasına söyləyir.
Rəfiqimin bacısı çay zamanı qardaşına deyir:
– Bacın sənə qurban olsun, görünür bu gecə narahat olmusan, hər nə şey ki, səni narahat edir söylə hamısını rədd edim.
– Ay bacı, şair demiş:
Düşmən bir olsa də’fini asandır eyləmək
Vay ol zaman ki, üz qoya dörd bir kənardan.
İndi sən zavallı, bunların hansına çarə edəsən: birəyə, hünüyə, köpəklərin, çaqqalların ulamasına, xoruzun banlamasına və geyri-geyri…
Bu halda İvan dayı daxil olub salamlaşır.
– İvan dayı, haçan şəhərə qayıdacaqsan?
– Bu saat furqonu qoşub buraya gəlmişəm.
– Miniklərin varmı?
– Xeyr.
– Neçə məni buraya gətirmisən, elə də şəhərə qaytaracaqsan.
– Baş üstə.
– A qardaş, nə edirsən? Belə də iş olarmı? Tanışlarımız məni məzəmmət edər ki, qardaşını bir gün də saxlamadı. Sənə bacın qurban olsun, bir az səbir et, iki günün ərzində elə öyrənəcəksən, yanında top da atsalar yuxudan oyanmayacaqsan.
– Bacı, hərkah məni ölümə göndərmək istəyirsənsə qalım.
– Allah eləməsin, qardaş, nə danışırsan.
– Onda mənə mane olma…
Çaydan sonra yeddi qardaş, dayılarının şeylərini İvan dayının furqonuna daşıyırdılar. Çil xoruzun ölümündən bixəbər Gülnaz, rəfiqim ilə bərk dost olmuşdu, çünki dayı onun üçün çox şeylər gətirmişdi. Ona görə onu buraxmaq istəmirdi.
– Gülnaz, qızım, üç aydan sonra Həsənə yazacağam, səni şəhərə gətirsin, orada səni məktəbə qoyacağam, gələn yayda sənin ilə bərabər buraya gələcəyəm.
Şeylər furqona qoyulduqdan sonra rəfiqim əlvida edərək furqona mindi və «sümsükut» oruçunu tutub yola rəvan oldu.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-mualice
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı.Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından «Qaraca qız» deyib əzizlədiyinə görə əsil adı unudulub hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı, sevməzdi, həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çünki o çox cür’ətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadinçliyindən qonşulara şikayət edib deyərdi:
ƏşrəfSevimli şakirdim Əşrəf Babayeva ithaf*Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı. Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə «Mən bir türkəm, elim-obam uludur» mahnısını oxuyurdular. Hacı Səməd bir müddət onlara qulaq asıb, sonra içəri girdi. Uşaqlar dərhal səslərini kəsib, qalxdılar. Hacı Səməd dedi:
Şahsənəm və GülpəriBir pərdədə üç şəkilli piyes*1921*
Birinci şəkilPinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.Pinəçi Qafar** (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).
Başqa şairlərin şeirləri
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Cânum lebine irdi irince lebine cânCânum lebine irdi irince lebine cânDöndi suya kanum u yürecügüm oldı kan