Qaraca qız
Səhifə 3 / 8 · 25%
– Axtar bas, Xallı bas, Gümüş bas, — deyə qısqırtdılar. İtlər cür’ətlənib yenə özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı. Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi. Ovçuların biri:
– Afərin mənim gülləm.
– Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir.
– Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yıxan mənim gülləmdir.
– Səbir edin, əzizlərim. Bu saat mə’lum olar, — bunu deyib, əvvəlki adam atdan düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan-bu yana çevirib diqqətlə baxmağa başladı:
– Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra üzünü nökərlərinə tərəf tutub dedi:
– Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam. Elə öz meşəni tə’rif edib məni məsxərə edirdin ki, sizin meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir?
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:
– Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə ayısı deyil. Əldə bəslənmiş ayıdır.
– Elə iş ola bilməz. Onu haradan bildin?
– Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu deyirəm?
Səlim bəy baxıb, Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:
– Deyəsən, mağarada yenə ayı var.
Bəylər tüfənklərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayıra çıxartdı. Bəylər bunu gərdükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüseynqulu ağa ondan soruşdu:
– Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?
Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:
– Hüseynqulu ağa, görmürsənmi ki, qız hələ lazımınca özünə gəlməmişdir. Nə sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olduğunu duymusanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.
Səlim bəy qıza diqqətlə baxıb dedi:
– Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt və’d etdimsə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə qonaqlıq edib, sizə böyük kef verəcəyəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
– Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan qız mənə çatar, çünki mənim köpəyim tapmışdır.
Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:
– Hüseynqulu ağa, özün yaxşı bilirsən ki, arvadın Pəricahan xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən?
– Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri kişiyə verəcəyəm ki, o saxlasın.
Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə ov etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç dovşandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola düşdülər.
Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:
– Çox gözəl oldu, indi heç kəs qızı məndən ala bilməz.
Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərinin qışqırığı bir-birinə qarışmışdı. Ağca xanım bu səs-küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: Birinin ata-anası bəyzadə, o birininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görmüş, öz zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı.
Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü:
Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız ilə söhbət edən görüb bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:
– Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın tərbiyə verdiyiniz qız kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır.
Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım — dalımca gəl, qaraçı qızı, — deyib Hüseynqulu ağanın otağına apardı və rişxand ilə dedi:
– Bu şahzadə qızını haradan tapıb gətirmisən. Qızın ilə tanış olub, çox şirin söhbət edirdilər.
Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:
– Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq onu hala salmışdır. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, kefi açılsın. Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır. Xanımın yanında qaravaş olmazmı?! Mürəbbiyəsi yanında olacaqdır. Bir pis iş edərlərsə tərbiyə edib qoymaz.
Bu sözlər Pəricahan xanıma əsla tə’sir etmədi.
– Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə üçün sözünə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.
– Xeyr, bu qız burada qalasıdır, — deyə Hüseynqulu səsini uçaltdı.
– Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada qalmaram, — deyə Pəricahan xanım qəzəbləndi.
Səlim bəy fürsəti fövtə verməyib dedi:
– Onda verin mən aparım.
Hüseynqulu ağa dedi:
– Səlim bəy, heç vaxt razı olmaram. Neçə ki, sizə demişəm, elə də edəcəyəm. Qaraca qız bağbanım Piri babanın yanında olacaqdır.
Pəricahan xanım dedi:
– Bu şərtə mən də razıyam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi olmayacaqdır, çünki ondan pis xasiyyət götürər.
Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar.
Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi.
Piri kişi yetmiş yaşında, yumşaq təbiətli bir qoca idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanın rəiyyəti olub, onun atası zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb, işi düşməsə ağalıq qapısına gəlməzdi.
Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızın saxlanmaq üçün Piri kişiyə verilməsi onu çox şad etdi. Öz komasına Qaraca qız üçün yer hazırladı; onu yedirib rahat etdi. Qaraca qız yatağa girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu:
– Baba, o xanım, qızını nə üçün mənimlə oynamağa və söhbət etməyə qoymur?
– Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş deyildir.
Qaraca qız bu sözlərlə sakit olmayıb düşünürdü:
– Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona yemək verməyəcəklər. Yazıq aç qalacaqdır. Anam sağ olanda məni də naharsız qoyardı, ancaq mən nadinçlik edərdim. Bu heç zad etməmişdi.
Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəsi həmin fikirlər Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.
– Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə olar. Məni nə üçün şamsız qoydular. Qaraca qız çox təəccüblü şeylər danışırdı. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm. Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-qaraca-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
Başqa şairlərin şeirləri
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
KüləklərHər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbər
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər