Bir bilmədim, ol afəti-candan nə xəbər var?Məcnuna o Leylayi-zamandan nə xəbər var?

Az-çox bilirik biz, bu tərəflərdə nə olsa,Lakin nə bilək indi, o yandan nə xəbər var?

Gül fəsli-bahar olmasa, gülşən də bilinməz,Bülbül bilər əyyami-xəzandan nə xəbər var!

Gizlindir o məhparə o gündən ki, gözümdən,Heç bilmirəm, övzayi-cahandan nə xəbər var.

Yar olduğu yerdən sizə bir namə gəlirmi?Biz qafilik ancaq, o məkandan nə xəbər var?

Göz yaşını etsin gərək eşq əhli rəvanə,İstərsə gər, ol sərvi-rəvandan nə xəbər var!

Vahid, mənə min naz oxu hər gün yenə xoşdur,Bilsəm əgər, o qaşı kamandan nə xəbər var?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq