Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var,Bir gün yetərik vəslə, əgər qismətimiz var.

Heç kimsə bu naz ilə səni bəsləyə bilməz,Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var.

Biz neyləyirik cənnəti, ya baği-behişti?Öz bağımız, öz solmayacaq cənnətimiz var.

Bülbül də bizim, gül də bizim, el də bizimdir,Kimdən, gözəlim, indi bizim minnətimiz var?

Qorxma, bizi bir qüvvə pərişan edə bilməz,Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var.

Dağlar hərəkət etsə də, hətta bizə qarşı,Dəf etməyə aciz deyilik, hümmətimiz var.

Qüvvətli təbiət də bizə baş əyir indi,Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var.

Qüdrətli zəfər bayrağı parlar əlimizdə,Azadəliyə, sülhə böyük rəğbətimiz var.

Biz fəxr eləsək, haqlıyıq insanlığa, Vahid!Xalqa, vətənə bir bu qədər xidmətimiz var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq