Çeşmin ki alır naz ilə can, işvəni neylər?Müjganın oxundan yıxılan şivəni neylər?

Sərvi-çəmənə qamətin iftadəsi baxmaz,Möhtacı tamaşayi-rüxün gülşəni neylər?

Gəl cövr elə, mən yalvarım həqqə, sən inanma,Tanrım görək axır, səni neylər, məni neylər?

Dəfn eyləmə, olsam səri-kuyində şəhidin,Üryan gəzən aşiq kəfəni, mədfəni neylər?

Canı, təni nəzr eyləmişəm rahi-vəfadə,Yarın sevən aşiq dəxi canı, təni neylər?

Qəm pirəhənin seyli-sirişk içrə buraxdım,Girdabdə qərq olsa gəmi, yelkəni neylər?

Öz dostu ki min cövr elədi Vahidə, getdi,Qıl indi təsəvvür, ona gör düşməni neylər?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq