Çox gözəllər gördüm, axtardım bütün dünyanı mən,Tapmadım aləmdə öz könlüm sevən cananı mən.

Binəva pərvanələr tək yetmədim məqsudimə,Eşq sevdasiylə yandırdım bu şirin canı mən.

Nazənin, ahu baxışlı çox pərilər görmüşəm,Sevmədim öz sevgilimdən başqa bir ceyranı mən.

Bülbüli-nalaniyəm mən bir gülüzlü dilbərin,Neylirəm hər lalə üzlü qonçeyi-xəndanı mən.

Hər gülün bir ətri var, hər qönçənin bir nəşəsi,Olmuşam çox nazəninlər bağının bağbanı mən.

Var ümidim, vəsli-cananə yetişsin tez əlim,Ah ilə söndürrəm axır atəşi-hicranı mən.

Vahidəm, bimari-eşqəm, qeyridən yox minnətim,Dərdimə canan əliylə istərəm dərmanı mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq