İzhar ola gər pərtövi-ruxsari-ədalət,Dünyanı tutar büsbütün ənvari-ədalət.Can nəqdini bazari-cahanda tutar əldə,Şövqilə ola kim ki, xiridari-ədalət.

Can bəxş edər əmvatə misali-dəmi-İsa,Hər bəzmdə kim zikr ola küftari-ədalət.

Zöhhak kimi hər kim edə zülmdə tüğyan,Fövq eylər onu Gaveyi-əhrari-ədalət.

Hər kəs ki, dilər dəf qıla düşməni-xəlqi,Alsın əlinə tiği-şərərbari-ədalət.

Qərq eylər onu Nildə Musanın ilahi,Hər kim edə Firon kimi inkari-ədalət.

Xurşidi-ədalətlə cahan olsa münəvvər,Zalimlərə izhar olar asari-ədalət.

Sancılsın ədalətlə tərazuyi-sədaqətTa gərm ola bundan belə bazari-ədalət.

Xalqın evi bərbad olamaz bil bunu, Vahid!Hərgah onu təmir edə memari-ədalət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq