Ey dil, unutma zülm eləyən məhliqaləri,Onlardır eşq əsiri edən binəvaləri.

Zənciri-zülfə etmə həvəs, ey əsiri-eşq!Çox görmüşük bu damə düşən mübtəlaləri.

Hüsn əhlinin bu adətidir, bivəfa olur,Çox da məzəmmət eyləməyin dilrübaləri.

Hər şuxa vermə könlünü, bağlanma zülfünə,Çünki çəkib bu yolda başım çox bəlaləri.

Divanə etməyincə götürməz yaxandan əl,Çox çəkdim imtahanə bu zülfü qəraləri.

Aldanma rəhmsiz, bu vəfasız gözəllərə,Daim edərlər aşiqə cövrü cəfaləri.

Vahid, cahanda təneyi-biganə yaxşıdır,Püriddia görüncə bu dost-aşinaləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq