Ey gözüm, aləmi-insanlığa məhrəmsən əgər,Sakit ol məclisi-meyxanədə, adəmsən əgər.

Ürəfa əhli üçün məclisi-mey cənnətdir.Qoyma bu bəzmə qədəm, əhli-cəhənnəmsən əgər.

Mey içib, sərxoş olub, özgəni təhqir eləmə,Sən öz ətvarını təhqir elə, sərsəmsən əgər.

Ölçüdən xaricə çıxma, yıxar axır səni mey,Tutalım ki, hamıdan içkidə möhkəmsən əgər.

Məstü mədhuş zamanında bir ayinəyə bax,Özün öz əksini təsvir elə, aləmsən əgər.

Gör səni badə nə halə salıb, ey xanəxərab!Ağla öz halına bir dəm, nola, xürrəmsən əgər!

Heyfdir badəyə sərf etdiyin ol şanlı həyat,Bilik uğrunda onu sərf elə, hatəmsən əgər.

Mübtəladır bu bəlayə, demə Vahid özü də,Onu da elm ilə təşviq elə, adəmsən əgər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana