Zülfünə naz ilə hərdəm o pəri şanə çəkər,Könlümü bənd edib ol zülfi-pərişanə çəkər.

Gülşəni-hüsndə zülf içrə qoyub xali-siyəh,Könlümün mürğünü ol damə tərəf danə çəkər.

Daim əğyarım ilə məhrəm olub cananım,Mübtəla aşiqi gördükdə üzün yanə çəkər.

Həvəsi-zülfü məni çəkdi biyabanə tərəf,Eşqi-Leyli necə Məcnunu biyabanə çəkər!

Etmə eşq əhlinə bihudə məzəmmət, zahid!Nə qanırsan, bu bəlakeşləri, aya, nə çəkər?

Bu qara gözlü gözəllər məni divanə kimiZülf zəncirinə bağlar, hərə bir yanə çəkər.

Alır əğyar səfa türreyi-müşkinindən,Müttəsil dərdini ancaq dili-divanə çəkər.

Atəşi-eşq ilə, Vahid, yanıram, mən bilirəm,Şəm odundan onu ki, hər gecə pərvanə çəkər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq