Nigar ilə bizim əhdü qərarımız belədir,Şəhidi-xəncəri-eşqik, şüarımız belədir.

Görəndə şad oluruq yarı, görməsək qəmgin,Bizim xəzanımız ilə baharımız belədir.

Gülüzlülər sevinirlər hey ağladıqca bizə,Biz eşq bülbülüyük, ahü zarımız belədir.

Nigar cövr qılır, biz yolunda can veririk,Bizim cahanda qalan yadigarımız belədir.

Bu qarə gözlülərin məstiyik, təbibə dedim;Bizim də eşqdə rənci-xumarımız belədir.

Nə gizli sirrimiz olsa, rəqibə söyləmərik,Həmişə bir-birinə etibarımız belədir.

Bizimlə həmdəm olan, Vahid, od tutub yanacaq,Məhəbbət atəşiyik biz – diyarımız belədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq