Gərçi dərd əhli içir badəni cansağlığına,İçirəm mən onu bir afəti-can sağlığına.

Qanmayan kimsə bu qan olmuşa qiymət verməz,Arif ol, iç meyi-gülgunü qanan sağlığına.

Bil, nə mənayə qədəhlər toxunur bir-birinə,Qaldırın cami-şərabı yaradan sağlığına.

Cam tut nazlı gözəllərlə, əgər ruhun var,Qocalar zövq alar içdikcə cavan sağlığına.

Mən cahan zövqünün aludəsi olsaydım əgər,Məst olardım əbədiyyətlə cahan sağlığına.

Zahidin təninə baxma, rəmazan ayı mey iç,Qoy o, kövsər suyu içsin rəmazan sağlığına.

Tərki-adət özü cansağlığının düşmənidir,Durma, iç badəni, ver fikrini cansağlığına.

Xatirimdən keçir əyyami-cavanlıq, Vahid,Qaldırardım qədəhi piri-muğan sağlığına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana