Göstərmə məndən özgəyə, ey gül, cəmalını,Tanrım mənə nəsib eyləyə ta vüsalını.

Daim xəyali-vəslin ilə şad olur könül,Bildir mənə ürəkdə olan öz xəyalını.

Tale həmişə könlünü şad eyləsin sənin,Göstərməsin mən aşiqə dərdü məlalını.

Neylər ayı, günü, gözəlim, ya sitarəni,Lalə üzündə kim görə ol qarə xalını.

Yüz min gözəl yetirsə əgər kainat özü,Dünya üzündə, bil ki, yetirməz misalını.

Nazlı gözəlsən, olmalıdır səndə mərifət,Davran ədəblə, istəsin ellər kamalını.

Vahid, şikayət eyləmə ol nazlı yaridən,Bəlkə eşitdi, bildi sənin xəstə halını.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran