Gözəlim, tutma bərabər məni pərvanə ilə;O əgər şəmə yanır, mən ruxi-cananə ilə.

Qorxuram, el düşüb ardınca ola heyranın,Ehtiyat ilə dağıt zülfün üzə şanə ilə.

Bundan artıq qəmi-hicranına tabım yoxdur,Ölərəm, bir də görəm gər səni biganə ilə.

Bu qədər göz görə zülfündə əsir olmazdım,Mümkün olsaydı bacarmaq dili-divanə ilə.

Mən durarkən, yenə el söhbəti-Məcnunə uyur,Nə zamandır, keçirir ömrünü əfsanə ilə.

Tövbə camın necə sındırmayım, insafım var?Dilbərim saqi olub, mey verə peymanə ilə.

Mən əgər badəni tərk eyləməsəydim, Vahid!Çürüyüb məhv olacaqdım rəhi-meyxanə ilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq