Gülün fədası olan bülbülün nəvasına bax,Üzari-yarı sevən aşiqin səfasına bax!

Ləbi-nigarım ilə gül çəməndə bəhs eləyir,Nə şərm edib qızarır, bir onun həyasına bax!

Alaydı canımı, xoşdur, gülüzlü cananım,Rəqib qoy deməsin, aşiqin vəfasına bax!

Əsiri-firqətiyəm bir nigari-gülbədənin,Xəyali-vəsli ilə könlümün bəlasına bax!

Amandır, umma vəfa nazənin gözəllərdən,Nə bir vəfalısın axtar, nə biədasına bax!

İşıq verən o gözəldir bizim həyatımıza,Məhəbbət aləminin nuruna, ziyasına bax!

Fərəhli olsa da gər, zülfi-yarə bağlanma,Uzun bir ömr gərək, ömrünün bəqasına bax!

Alışdım odlara pərvanələr tək aləmdə,Dedim özüm-özümə, eşqin intəhasına bax!

Qədəhdə badə, nigarın yanında, gül əldə;İtirmə fürsəti, öz ruhunun qəzasına bax!

Ziyalı bir gülə Vahid adıilə şer yazıb,İnanmasan, oxu hər sətrin ibtidasına bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq