İnanmayaydım əzəldən o canalanə gərək,Onu sevincə, bu könlüm dönəydi qanə gərək!

Əbəsdir, indi o şuxə desən, vəfasızdır,Onu əzəldə çəkəydin bir imtəhanə gərək.

Mən aşiqəm demə, ta yanmayınca eşq oduna,Həqiqi aşiq olan kəsdə bir nişanə gərək.

Baxanda naz ilə min fitnə qaldırır çeşmin,Bu fitnəni yatıran mərdümi-zəmanə gərək.

Əsirinəm, dedim, ey gül, inandı göz yaşıma,Vüsalə yetmək üçün əldə bir bəhanə gərək.

Nigarını sevən aşiq fəraqə səbr eylər,Baharı istəsə bülbül, dözə xəzanə gərək.

Bizim zəmanəni, Vahid, gülüzlülər bürüdü,Həmişə etməli bülbül kimi təranə gərək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq