Könül, vəfalı olan yarə etibar eylə,Vəfalı olmayanı cəhd qıl, kənar eylə.

İnanmadıqlarına gizli sirrin olsa, demə,İnandığın adama, qorxma, aşikar eylə.

Məhəbbət ilə, sədaqətlə xalq içində yaşa,Ümumə yaxşılıq et, şərrdən fərar eylə.

O kəslərin ki, sənə eşqi var, məhəbbəti var,Yolunda sən onların canını nisar eylə.

Gözəl günündə səni istəyənlərin çox olar,Çək imtahana, yaman gündə bərqərar eylə.

Zəmanə əyrilər ilə həmişə düşməndir,Çalış ki, xalqın ilə doğruluq şüar eylə.

Əlində, Vahid, əgər yoxsa başqa bir əsərin,Bu şeri yaz, vətənə, xalqa, yadigar eylə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq