Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!

Aşiqin qəlbini get piri-qələndərdən sor,Sən xərabati olan mənzilə viranə demə!

Yanmayıb mən kimi pərvanə də eşq atəşinə,Özünü hər oda çırpan quşa pərvanə demə!

Məni sərməst eləyən gözlərinin həsrətidir,Nəşeyi-camilə, ey gül, mənə məstanə demə!

Xeyirxah ol, gözəlim, aşiqi-biçarələrə,Bisəbəb onların haqqında bir əfsanə demə!

Ağzının sirrini sərrafə, gülərkən söylə,Qədrisiz hər daşa gövhər demə, dürdanə demə!

Başqa cananlara hər dərdini, Vahid, de, nə qəm,Ancaq öz istədiyin sevgili cananə demə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq