Minlərcə gözəl olsa da hər millət içində,Olmaz sənə bənzər, gözəlim, xilqət içində.

Hicrində nələr çəkdiyimi, vəslinə yetsəm,Bir-bir sənə ərz eyləyərəm söhbət içində.

Ol zülfi-pərişanə o gündən ki, əsirəm,Məcnun deyilir adıma cəmiyyət içində.

Kuyində səfa çəkməyə yol vermə rəqibə,Yoxdur yeri xain adamın cənnət içində.

Biganə sözün açma mənə, qüssədən ölləm,Bimarə içirtmə zəhəri şərbət içində.

Min cazibə vardır, gözəlim, məst gözündə,İnsan sənə baxdıqca qalır heyrət içində.

Vahid, məni hərdəm ki, görüb dindirir ol şux,Könlüm açılır, ruhum uçur ləzzət içində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran