Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninSaldı səhralərə müşkini qəzali-Xütənin.

Ləblərin söhbəti ta düşdü ağızdan-ağıza,Qədri əksildi o gündən bəri ləli-Yəmənin.

Gül giribanini çak etdi üzün şövqündən,Qönçənin bağrını qan etdi xəyali-dəhənin.

Piri-Kənan bu vəcahətlə səni görsəydi,Həsrətin çəkməz idi Yusifi-gülpirəhənin.

Saqiyi-məclisi-mey olmasa gülrulərdən,Olmaz eşq əhlinə təsiri şərabi-kühənin.

Cilvəkar olmasa bağ içrə əgər qaməti-yar,Bizə duzəx görünər sayəsi sərvi-çəmənin.

Çəkməsəydim mən əgər hicrini ol lalərüxün,Çoxdan asarı itib getmiş idi Kuhikənin.

Vahid! Əlbəttə, yanar atəşi-qürbətdə müdam,Bilməsə qədrini hər kim ki, mübarək Vətənin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq