Ey büti-tutizəban, gəl ki, məqalın istərəm,Təşneyi-didarinəm, abi-zülalın istərəm.Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm,Üz bəyazında sənin öz xəttü xalın istərəm,Mətləi-vəchində əbruyi-hilalın istərəm,Sayeyi-sərvi-qədi-tuba misalın istərəm,Dəmbədəm zövqi-tamaşayi-camalın istərəm,Tari-zülfi-müşkrəngü ruyi-alın istərəm,Qalmışam hicrində, gülzari-visalın istərəm,Ey büti-tutizəban, gəl ki, məqalın istərəm!

Güllər açılmış, bu gün eyşü nişatın vəqtidir,Guşeyi-gülzardə fərşi-büsatın vəqtidir,Tazədən təcdidi-üqdi-irtibatın vəqtidir,Bəzmi-eydi-vəslə tərtibi-nişatın vəqtidir,Inqizayi-fəsli-güldən ehtiyatın vəqtidir,Illəti-eşqə ilaci-buqratın vəqtidir,Rövzeyi-rizvan üçün seyri-siratın vəqtidir,Aşiqü məşuq ara xoş inbisatın vəqtidir,Hər zaman şirin-şirin ixtilatın vəqtidir,Ey büti-tutizəban gəl ki, məqalın istərəm!

Rahi eşqində sənin mən canü sərdən keçmişəm,Parə-parə qılmışam könlü, ciyərdən keçmişəm.Yanmışam pərvanələr tək, balü pərdən keçmişəm,Hər səmənsa türrədən, hər simbərdən keçmişəm,Dilbəri-qönçədəhən, nərgisnəzərdən keçmişəm,Lalədən əl çəkmişəm, gülbərgi-tərdən keçmişəm,Tərk edib dəhrin səfasın xeyrü şərdən keçmişəm,Dişləri çün məxzəni-dürrü gühərdən keçmişəm,Kövsəri unutmuşam, şəhdü şəkərdən keçmişəm,Təşneyi-didarinəm, abi-zülalın istərəm!

Mən sənin bir aşiqi-biixtiyarın olmuşam,Bidilü-bicanü bisəbrü qərarın olmuşam,Şanəvəş müştaqi-zülfi-tabidarın olmuşam,Incəlib saətbəsaət tarü marın olmuşam,Uzun illər payibəndi-rəhgüzarın olmuşam,Valehi-xali-zənəxdanü üzarın olmuşam,Bir onalmaz dərdiməndi-intizarın olmuşam,Şux nikahından düşüb şirin şikarın olmuşam,Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm!

Çünki müştaq olmuşam sən sərvi-siməndamə mən,Eylərəm müjganımı xun ilə zərrin xamə mən,Yazaram hər gün sənə mehri-vəfadən namə mən,Çox dedim, həmrəng olum ol arizi-gülfamə mən,Qoymaz amma çərxi-gərdün tez yetəm bu kamə mən,Yox əcəb, desəm siyəh ru gərdişi-əyyamə mən,Düşmüşəm sərhəlqeyi-zülfün ucundan damə mən,Nə şərabi-ləligunə mayiləm, nə camə mən,Tikmişəm göz ruzi-vəslindən gələn bayramə mən,Mətləi-vəchində əbruyi-hilalın istərəm!

Ta gəlir gəh-gəh mənə badi-səbadən kağızın,Canımı mədhuş edər ənbər həvadən kağızın,Bərgi-gül tək düşməz ol ətri-fəzadən kağızın,Sanki bir əttardir gəlmiş Xətadən kağızın,Dəm vurar Isa kimi ömri-bəqadən kağızın,Bir əcəb sərməşqdir mehri-vəfadən kağızın,Işləsin qasid, kəsilməsin aradən kağızın,Kəm deyildir lövhi-tumari-qəzadən kağızın,Alsa min zinət əgər müşkin qəradən kağızın,Üz bəyazında sənin öz xəttü xalın istərəm!

Göstəribdir, bilməzəm, ləlin nə ləzzət könlümə,Dönə-dönə onu fikr etməkdir adət könlümə,Ondan özgə gəlməyib şirin hekayət könlümə,Firqətindən qalmayıbdır səbrü taqət kölümə,Qamətindən ayrı zahirdir qiyamət könlümə,Vədeyi-vəslin ha versin istiqamət könlümə,Sən özün ta etməyincə bir inayət könlümə,Çox yetər əğyaridən cövrü ihanət könlümə,Sayeyi-sərvi-qədi-tuba misalın istərəm!

Çün müradi-xatirimdir ləli-ləbdən sudi-eşq,Eylərəm hərdəm qara bağrımı xunaludi-eşq,Ərşə başımdan çıxar tük başına min dudi-eşq,Hər rəkimdir abi-sevdadən dolu bir rudi-eşq,Zahidi-bibak tək mən olmazam mərdudi-eşq,Haliya mülki-məlahətdə mənəm Məhmudi-eşq,Var ümidim ki, olam mən müqtədai-cudi-eşq,Həq, mənə etmiş müsəlləm çünki hər mövcudi-eşqVaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq,Qalmışam hicrində gülzari-visalın istərəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq