Səhifə 1 / 2

Vaqe olur Ağa Kərim xanın evində, otağın qabağında bağça, Rəhim ayaq üstə, Leyla xanım əyləşib taxt üstə.

Rəhim. Mən çox təəccüb edirəm, Leyla xanım, əlhəmdülillah əhd-peyman elədik ölənədək bir-birimizdən ayrılmayaq; o gündən bəri mən şadlığımdan bilmirəm neyləyim. Amma sən həmişə fikirdəsən, üzün gülüb, qaşqabağın açılmır. Qana bilmirəm səbəb nədir?.. Yoxsa peşman olubsan, əzizim?

Leyla xanım. Mən heç vaxt peşman olmamışam və heç vaxt olmaram. Ancaq qorxuram mane olalar...

Rəhim. Məhəbbət olan yerdə təşvişə düşmək nahaqdır. Sizi inandırıram ki, nə qədər canım sağdır, səni Allahdan savay heç kim mənim əlimdən ala bilməz.

Leyla xanım. Bircə fikir elə, Rəhim, sən bu evdə nökər durmusan, mənim atam da vilayətdə bir kişidir, necə ola bilər ki, o məni öz nökərinə verməyə razı olsun? Hələ övladının, qohum-əqrəbasının məzəmməti, camaatın murdar-murdar danışığı dursun kənarda...

Rəhim. Belə olan surətdə mənə rüsxət ver, gedim sübut gətirim ki, mən özüm də nəciblərdənəm və sənin məhəbbətinə layiqəm.

Leyla xanım. Yox... Mən ayrılığa dözə bilmərəm... Ancaq səndən təvəqqe edirəm ki, səy eləyəsən atam sənə məhəbbət gözü ilə baxsın. Bəlkə Allah kömək eləyə, onu bir tövr yola gətirək.

Rəhim. Məgər, Leyla xanım, görmürsən mən gecə-gündüz xanın qabağında satınalma qul kimi əlibağlı durmuşam və həməvəqt onun xahişini əmələ gətirirəm?

Leyla xanım. Lazımdır ki, qardaşım ilə də mehriban dolanasınız.

Rəhim. İndiyə kimi İskəndər xan həmişə mənə mehriban və şəfaət gözilən baxıb... Odur, bax, özü də gəlir, mən gedim. (Gedir.)

Leyla xanım. Ay biçarə, yamanca işə özünü də salmısan, məni də.

İskəndər xan (daxil olur). Burada qeyri adam yoxdur ki, Leyla?

Leyla xanım. Bir kəs yoxdur, qardaş, təkəm... Nə üçün belə bikefsən?

İskəndər xan. Qısa söz, bacı, məhəbbət bəlasına düçar olmuşam, tab-taqətim kəsilibdir. Nə qədər fikir eləyirəm nicat yolu tapa bilmirəm. Atamdan da, bilirəm, mənə haray olmayacaq. Qalmışam naçar.

Leyla xanım. Allah kərimdir, qardaş, söylə görüm necə işdir?

İskəndər xan. Söyləyəcəyəm, bacı. Amma səndən təvəqqe eləyirəm məzəmmət etməyəsən, çünki məzəmmətdən keçibdir.

Leyla xanım. Həmdərdik, qardaş, qorxma, sözünü de...

İskəndər xan. Qonşuluğa bir qız gəlibdir, naxoş anası ilə bir evdə olurlar... Ev axtarmaq bəhanəsilə getmişdim onlara. Bacım, nə deyim, valeh oldum... Yazmaq ilə, danışmaq ilə onun gözəlliyini bəyan etmək olmaz. Görəsən, bacı, nə səbr məhəbbət ilə anasına pərəstar olur... Hər bir işlərindən, danışıqlarından məlum olur ki, çox nəcib adamdırlar... Hərgah atamdan mənə kömək olmasa, mən gərək bu vilayətdən gedəm, başımın çarəsini qılam... Kişi budur gəlir, gedək, dərdim çoxdur. (Gedirlər.)

Ağa Kərim xan (daxil olur, dalınca Əhməd). Burada nə gəzirsən, a gədə? Hm! De görüm, nadürüst oğlu nadürüst, oğru haramzada!

Əhməd (kənara). Belə də murdar, ləin adam olurmu, a başınıza dönüm?

Ağa Kərim xan. Burnunun altında nə danışırsan, a gədə! De görüm burada nə qayırırsan?

Əhməd. Acığın niyə tutur, ay ağa? Mən burada İskəndər xanı gözləyirəm.

Ağa Kərim xan. Çöldə gözləyə bilməzsən?! Siz bu evə girəndə gözləriniz dörd olur, oranı-buranı axtarırsınız görüm hansı şeyi oğurlaya billəm. Əlinizə düşəni qoyursunuz cibinizə, qoltuğunuza, corablarınızın içinə. Haramzadalar, nadürüstlər!..

Əhməd. A başınıza dönüm, siz o adamlardan deyilsiniz ki, sizin bir dinar pulunuzu oğurlamaq mümkün ola. İndi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı qıfıllayın, ya ki, sərbaz kimi gecə-gündüz keşik çəkin, olun arxayın.

Ağa Kərim xan. Qırışmal oğlunun sözünə bax, sözünə! Pulum olsa, qorxma, gizlədərəm! Siz elə məlunsunuz ki, meyiti soyarsınız.

Əhməd. Ay ağa, başına dönüm, bizə nə borcdur, pulunuzu harda gizlədirsiniz, ya gizlətmirsiniz.

Ağa Kərim xan. Mən sənə nə vaxt dedim ki, pulumu gizlədirəm, nə vaxt dedim? (Kənara.) Zalım oğlu deyəsən, pulların yerini bilib axı... A gədə ey, bax bundan sonra mənim qapıma gəlməyəsən, eşidirsənmi?

Əhməd. Mən qələt elərəm bir də buraya gəlləm. Baş üstə, gəlmərəm. Çox lazım deyil.

Ağa Kərim xan. Murdar oğlu murdarın dişlərini tökəcəyəm! Sənə deyirəm mənim qapıma gəlmə, gəlmə! Nədir sözün?

Əhməd. Baş üstə. (Getmək istəyir.)

Ağa Kərim xan. Dayan, geri qayıt... Əlini göstər görüm! O birisini də!

Əhməd. Buyur...

Ağa Kərim xan. Ayaqlarını da göstər!

Əhməd. Bu da mənim ayaqlarım, buyur...

Ağa Kərim xan. Bəri gətir ciblərini görüm! (Baxır.) Bu şalvar o qədər gendir ki, bunun içində hər nə istəsən gizlətmək olar. (Baxır.) Əlimə düşeydin, a dərzi, boğazından asaydım səni... Bu böyüklükdə şalvar olur?

Əhməd (kənara). Mənim də əlimə düşeydi sənin pulların, nə səliqə ilə məzdərdim.

Ağa Kərim xan. Burnunun altında nə mırıldayırsan, a gədə?

Əhməd. Deyirəm, ağa, döşümdə də bir balaca cibim var, ona da baxın.

Ağa Kərim xan. Boynuna al, görüm nə götürübsən... Tez ol, yoxsa, vallah, gönünü allam! Hə, səslən görüm!

Əhməd. Ağa, vallah, heç zad götürməmişəm.

Ağa Kərim xan. Bax, budur sənə deyirəm, dürüst qulağında saxla, hərgah bir də səni burada görsəm, ətini özünə yedirdəcəyəm!.. Eşitdin, di get!

Əhməd. Görsəm ki, bu evə od düşüb yanır, genə yaxın gəlmərəm. (Gedir.)

Ağa Kərim xan. Doğrusu ki, böyük pul saxlamaq çox çətin şeydi. Bilmirsən harada gizlədəsən. Hərgah sandığa qoyub evdə saxlarsan, olur göz qabağında. Oğrudur, girdi otağa, atdı dalına, götürüb getdi, neyləyəsən?.. Yerdə basdırsan, onu da gərək elə eləyəsən ki, görən olmasın... Bu da çox çətin işdir. Xoşbəxt o adamdır ki, pulunu qorxusuz yerdə saxlaya bilə. (Gələnləri görməyib.) Bilmirəm yaxşımı elədim, dünən gələn pulu sandıqçaya qoyub bağda yerə basdırdım. (Gələnləri görüb.) Vay, bərməla. Deyəsən eşitdilər axı...

İskəndər xan, Leyla xanım daxil olurlar.

Ağa Kərim xan. Nə var, nə üçün təşrif gətirmisiniz?

İskəndər xan. Bir elə iş yoxdur, ata.

Ağa Kərim xan. Çoxdanmı orada durmuşdunuz?

İskəndər xan. Xeyr, elə gəlişimizdir.

Ağa Kərim xan. Eşitdiniz ki?

İskəndər xan. Bir zad eşitmədik.

Ağa Kərim xan. Yalan deyirsən, ola bilməzdi ki, qulağınıza çatmayaydı.

İskəndər xan. Başın üçün heç zad eşitmədik.

Ağa Kərim xan. Yalan deyirsən... Mən burada öz-özümə danışırdım ki, gör zamana necə xarab olubdur ki, yüz manat pul da tapmaq olmur. Xoşbəxt o adamdır ki, onun heç olmasa bir on min manat pulu var.

İskəndər xan. Ata, məgər, pulun yoxdur ki, belə ürəkdən on min manat arzu edirsən? Sənin ki, Allaha şükür...

Ağa Kərim xan. Odur də, odur də... Elə danışırsınız ki, düşmənlər məni milyonçu hesab edirlər də.. Bir gün də dəlib mənim başımı kəsəcəklər o ümid ilə ki, bir sandıq pul aparsınlar; sonra baxıb görəcəklər ki, məndə bir dinar da yoxdur... Kor-peşman geri qayıdacaqlar, ancaq nahaq yerə mən bada gedəcəyəm... Canım, gözüm dünya xarab olubdur, etibar kəsilib. Hər bir dinar minib dovşan belinə... Siz də mən deyəndən demirsiniz. Bax elə sənin bu libasından təşbeh tut; neçə yol mən sizə demişəm ki, bahalı libas geymək eyibdir, axır bu libasları satsan, bir tacirə böyük maya olar.

İskəndər xan. Siz ki əlhəmdülillah, bizə bir dünyada...

Ağa Kərim xan. Dayan, səbr elə, bircə mənə de görüm, çəkmə əvəzinə başmaq geymək olmaz? Çəkmənin biri altı manata, başmağın biri üç abbası... Bu şalvara nə üçün düymə tikilib? Məgər tumanbağı yaramaz? Bu bağ da nə üçündür? Saya bağ ilən olmaz? Baxın görün nə qədər bica xərclər edirsiniz. Yəqin mənim pulumu oğurlayırsınız.

İskəndər xan. Eyibdir, ata, elə söz demək.

Ağa Kərim xan. İndi gəl, Leylanın libasından danışaq.

Leyla xanım. Mənim libasımdan danışmaq lazım deyil. Çünki axır sözünüz bu olacaq ki, bir torba da başa salıb dolanmaq olar, qəbulumdur.

Ağa Kərim xan. Yəni belə deyil? Bax, bu nədən ötrüdür, lent deyirsiniz, nə deyirsiniz?

Leyla xanım. Doğrudur, ata, hamısı doğrudur... Ancaq qoy bu söhbət dursun kənarda, biz sənin yanına bir təvəqqeyə gəlmişik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tərcümeyi-halım

Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur.Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər.

6 dəq
Müsibəti-Fəxrəddin

Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı*Əfradi-əhli-məclis

18961 dəq
Əvvəlinci məclis

Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

189612 dəq
İkinci məclis

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)

189611 dəq

Başqa şairlərin şeirləri