Səhifə 2 / 2 · 50%

Ağa Kərim xan. Pul-zad məndə yoxdur, heç nahaq zəhmət çəkməyin.

Leyla xanım. Pul əhvalatı yoxdur, ata... Oğlun İskəndər evlənmək istəyir... Nə buyurursunuz?

Ağa Kərim xan. Elə mən özüm də evlənmək barəsində danışmaq istəyirdim... Mən öz fikrimi də, sizin də fikrinizi çəkmişəm... İskəndər, bu qonşuluqda bir qız var təzə gəlibdir. Adı da Züleyxa xanım, onu görmüsənmi

İskəndər. Bəli, görmüşəm.

Ağa Kərim xan. O qız necə qızdır, cehizi-zadı varmı?

İskəndər xan. O qız dünya xəracına dəyər... Təmiz, göyçək, ağıllı... O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxt olar... Amma cehizi yoxdur, kasıbdırlar.

Ağa Kərim xan. Cehizi yoxdur! Genə azdan-çoxdan bir şey...

İskəndər xan. Xeyr, yoxdur və özləri də çox üsrət ilə dolanırlar.

Ağa Kərim xan. Ziyadə eyibdir... Heyf, sədd heyf.

İskəndər xan. Elə qız alanın cehiz gözünə görünər? Nə söyləyirsən, ata, bir tək canı dünya xərcinə dəyər.

Ağa Kərim xan. Mən çox şad oldum ki, sən o qızı tərif edirsən. Çünki bu günlərdə mən onu görmüşəm və çox da xoşuma gəlib. Qəsdim odur ki, onu özüm üçün alım. Hərçənd cehizi yoxdur, eyib eləməz, mən ev xərcini bir az əskildərəm, o da gələr cehizin yerini tutar.

İskəndər. Necə, necə? Züleyxanı istəyirsən özün üçün alasan?

Ağa Kərim xan. Bəs necə? Yoxsa ağlına gəlirdi ki, o qızı sənin üçün almaq istəyirəm, xa, xa, xa!.. Züleyxanı alım İskəndər üçün, xərcini də özüm çəkim, xa, xa, xa... Əcəb turş xəyaldır.

İskəndər xan (kənara). Altmış yaşında qoca, Züleyxanı almaq istəyir... Allah gözdən, nəzərdən saxlasın.

Ağa Kərim xan. Nə mırıldayırsan, a gədə? Elə danış mən də eşidim!

İskəndər xan. Bir elə söz yoxdur. Deyirəm ki, başım ağrıyır.

Ağa Kərim xan. Eybi yoxdur, get aşpazxanaya, bir az su versinlər, iç, başının ağrısı getsin.

İskəndər xan. Doğru buyurursunuz, ata (kənara), getmək məsləhətdir, yoxsa işi büruzə verərəm. (Gedir.)

Ağa Kərim xan. Leyla, qulaq as, gör nə deyirəm... Mənim xahişim budur ki, səni verim Ağa Heydərə və İskəndər üçün, bir dul övrət var, onu alım.

Leyla (kənara). Bəli, sən verdin, mən də getdim.

Ağa Kərim xan. Səni bir kişiyə vermək istəyirəm ki, heç baban da görməyib. Dövlət nə qədər kefindir... Özü sinnə dolmuş, ağlı başında, göyçək, mən yaşda, ələlxüsus məndən cahıl, cehiz də istəmir... Xərcini də özü çəkəcək.

Leyla xanım. Ata, o ixtiyar gərək kimdədir?

Ağa Kərim xan. Nə dedin, nə dedin? Mənim ixtiyarım yoxdur səni hər kimə istəsəm ona verməyə? Vallah, dar ağacına çəkərəm səni! Bir gözümün içinə dürüst bax! Nadürüstün balası! Məndən qız istəyirlər. Cehizsiz, xərci də özündən. Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, hə? Hay Rəhim, Rəhim. (Çağırır.)

Rəhim (daxil olur). Nə buyurursunuz, ağa?

Ağa Kərim xan. Mənim bu qızım dəli olub.

Rəhim. Sizin sözünüz haqdır, ağa.

Ağa Kərim xan. Məgər bilirsiniz biz nə barədə danışırdıq?

Rəhim. Xeyr, ağa, bilmirəm... Ancaq onu bilirəm ki, siz ömrünüzdə heç vaxt səhv etməmisiniz, vəssalam.

Ağa Kərim xan. Bərəkallah, doğru deyirsən... Mənim səhvim olmayıb və ola da bilməz... İndi qulaq as! Mən Leylanı vermişəm Ağa Heydərə və bu axşam da gərək iş tamam ola... O bir gözəl adamdı, nəcib, ağlı başında, dövləti həddən ziyadə. Əlavə özünün əvvəlinci övrətindən uşağı qalmayıb. Leyla xanım buyurur ki, mən ona getmərəm.

Rəhim. Leyla xanım nahaq yerə belə xoşbəxtlikdən əl çəkir... Amma tələsmək lazım deyil, ağa.

Ağa Kərim xan. Belə ittifaqdan əl çəkmək böyük axmaqlıqdır. Cehizsiz, xərci də özündən.

Rəhim. Cehizsiz, xərci də özündən... Allah mübarək eləsin... Xanımın danışmağı nahaqdır... Doğrudur, ağa, lazımdı ki, iş tamam olsun. Ancaq bilirsiniz nə var? Evlənmək ya ərə getmək tamam ömürdə bir dəfə olar və bu işə iqdam eləmək hər bir saatda asan iş deyil... Çox vaxt bədbəxt olan tapılır. Lazımdır ki, sinndə artıq təfavüt olmasın, olanda aqibəti salamat olmur.

Ağa Kərim xan. Cehizsiz, xərci də özündən... Başa düşürsən ya yox? Dəxi hanı, artıq nə lazım qurdalamaq... Yavaş, deyəsən bağda it hürür. Sən, Rəhim, gör Leylanı birtəhər yola gətirə bilərsənmi, mən bu saat qayıdıram. (Gedir.)

Leyla xanım. Evi yıxılmış pul adı çəkiləndə, elə bil ki, əzizlərinin adı çəkilir... Mən bir belə qəribə adam görməmişəm... Amma Rəhim, bilmirəm sən də nə danışırdın.

Rəhim. Cəhlkara haqq söz naxoş gələr... O hər nə desə, gərək cavab verəsən ki, bəli, belədir.

Leyla xanım. Mən qorxuram, Rəhim, kişi məni xataya sala. Höcət adamdır, ondan hər nə desən çıxar.

Rəhim. Bəli də! Rəhim ölmüşdü ki, səni onun əlindən alsınlar... And olsun Allaha, dünyayi-aləmi xaraba qoyaram... Mən atamı, anamı unudub bu qapıda səndən ötrü nökərçiliyi qəbul eləmişəm, səni dəxi əldən qoyacağam. Arxayın ol, Leyla, elə iş ola bilməz... Kişi budur gəlir, (bərkdən) qızın borcudur atası buyursa ki, qızım səni bir hambala verdim, gərək cavab versin ki, sahib-ixtiyarsınız, ata! Ələlxüsus o məqamda ki, cehizsiz və xərci də özündən ola...

Ağa Kərim xan (daxil olur). Bərəkallah, Rəhim, afərin! Bu gündən sən mənə artıq xoş gəlirsən. Allah qoysa, mərhəmətim sənə çox olacaq. Leyla, bundan sonra hər nə Rəhim desə, onun sözündən çıxmayasan, eşidirsənmi? Mən gedirəm şəhərə, lazımi şeyləri almağa, siz də yavaş-yavaş hazırlaşın.

Leyla xanım. Nə hazırlaşmaq? Vallah, bu saat başım bərk ağrıyır, gözlərimi də aça bilmirəm, bədənim titrəyir. (Gedir.)

Ağa Kərim xan (gedə-gedə). İndi qayıdıb dişlərini tökəcəyəm ha! A zalımın qızı, bircə başa düş eyy... Cehizsiz, xərci də özündən. Rəhim, sən Leylanı əldən qoyma. (Gedir.)

Rəhim. Leylanı əldən qoyan günü Allah məni yox eləsin... Ağa, dürüst arxayın ol... Leyladan əl çəkmərəm, ölsəm də... Zarafat deyil, cehizsiz, xərci də özündən... (Rəhim üzünü Leyla gedən tərəfə tutub.) Dünyada puldan yaxşı şey ola bilməz... Vaxt olar ki, Leyla xanım, atandan razılıq edərsən ki, məni dövlətli adama verdi. Cehizsiz, xərci də özündən... Atayın elə adı xandır, onda pul nə gəzir?.. Neylirsən kişinin cavanlığın? Nəcabəti, ağıl-kamalı, pulu olsun, pul! Qanırsanmı, Leyla xanım, pul, pul!

Ağa Kərim xan (çöldən). Bərəkallah, qoçağım Rəhim, afərin!

Rəhim (xan tərəfə baxıb). Özün öləsən, başın üçün, Ağa Kərim xan, Leylanı verdim, sən də verdin Ağa Heydərə...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tərcümeyi-halım

Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur.Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər.

6 dəq
Müsibəti-Fəxrəddin

Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı*Əfradi-əhli-məclis

18961 dəq
Əvvəlinci məclis

Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

189612 dəq
İkinci məclis

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)

189611 dəq

Başqa şairlərin şeirləri