– Bu nə halətdir, ağa Dərviş, yenə üzündən zəhər tökülür? Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub?

– Əyləş, əyləş! Söyləyim. Bu gün mənim üçün, əfəndim, çox-çox bəd keçib. Əvvəla, nadürüstün birisi, adı böyük, özü naxələf, – necə ki, məlum oldu,-mənə yazmışdı ki, tezlikdə Allah qoysa Bakı şəhərində sakin olan İran fəhlələri üçün bir mərizxana dövləti – İran tərəfindən təmir olunacaq və mən də bu xeyir xəbərə inanıb, hazırlaşmışdım ki, şəhəri dövr edib, bu əhvalatı camaata cari edəm. Nagah məlum oldu ki, bu xəbər bilmərrə yalanmış və tamam İranda elə şəxs yoxdur ki, bu iş ağlına gəlsin. Qəmgin olmağımın əvvəlinci səbəbi budur. Genə bir-iki saat bundan keçmiş bir şəxsi-irani mənzilə təşrif gətirib, mənim əhvalımı daha artıq xərab etdi. Allah ona qəzəb eləsin! O cənab başladı ki, mən təəccüb edirəm, necə namus-qeyrət qəbul edər ki, İranın bir qonunluq rəiyyətləri qohum və əqrəbadan, külfətdən əl çəkib diyarbədiyar düşüb özgə vilayətlərdə, başıqapazlı, köməksiz, narəva sifətlərdə muzdurluqda ömr keçirsinlər! Və nə tövr? Allah göstərməsin! Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hambal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. Hələ deyəsən ağam bir neçə damcı göz yaşı da tökdü!

Cənab gedəndən sonra dalandar Kərbəlayı Səfərqulu o saat mənzilə daxil olub dedi ki, ağa Dərviş, bilirsən bu kimdir? Bu cənaba tamada deyərlər, yəni fəhlə dəstəsinin külli-ixtiyarı. Zahiri xoş, batini Şümri-lənətulla! Əlavə əzin hərgah nağıl etsəm bu biçarə, bədbəxt fəhlələrin başlarına naibləri nə müsibət gətirirlər, yer-göy ağlar, ağa Dərviş...

– Kərbəlayı! Eyibdir sənin üçün yalan danışmaq. Belə iş ola bilməz!

– Ola bilməz?! Hay, hay! Xudahafiz, ağa Dərviş, xudahafiz! Ola bilməz, hmmm?

Kərbəlayının üzündən acı təbəssüm oxuyub ondan bəridi diz qucub dərd-qəmə aludə əyləşmişəm. Nə etməli, qardaşım?

Qonağım:

– Allah səbr versin, – deyib mənzildən çıxdı...

Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? Xudaya pərvərdigara, sən özün islamı cəhalətdən çıxart, Dərvişə də yazığın gəlsin!

“Həyat” qəzeti, 7 iyul 1905, №23

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri