Səhifə 1 / 2

Əhvalat vaqe olur Hacı Osmanın kənd evində, otaq sadə cahazlanmış, altı kürsü və bir miz, Hacı Osman başında yekə papaq, kürsü üstündə əyləşib...

Gülpəri qolları çirməkli daxil olur.

Hacı Osman. Yaxın gəl görüm, ay arvad! Evimin sütunu, evimin direyi, gəl yanımda əyləş görüm, kefin necədir? Dinim, imanım arvad! Cah-calalım arvad!

Gülpəri. Bəri bax görüm, ay kişi! Bu gün sənə nə olubdur? Nə danışırsan? Çoxdanmı görüşməmişik? Ta nə deyim sənə?

Hacı Osman. Acığın tutmasın, arvad! Evimin bərəkəti... evimin şamı-çirağı.

Gülpəri. Qoca kişisən, otur yerində, Allah xatirinə! Kefin gəlməsin bircə!

Hacı Osman. Yer üzündə bərabərin yoxdur, ay arvad! Heç bilmirsən sən necə arvadsan, Mikayılın anası, “qədri-zər zərgar şünasəd”. Malım, dövlətim...

Gülpəri. Ta bəsdir! Uzun eləmə! Gör nə deyirəm...

Hacı Osman. De görüm nə istəyirsən, malım, dövlətim arvad!

Gülpəri. Çoban Vəli kişi gəlib səni görmək istəyir, elə bilir ki, yatmısan. Bir-iki pud yağ gətirib, üç də motal... Yağı qoymuşam əriməyə, motalları da duzlayıb qoydum anbara.

Hacı Osman. Çox yaxşı, çox gözəl... Vəli kişi gəlsin görüm, işlərimiz nə haldadır.

Gülpəri gedir, Vəli başında motal papaq, əlində çomaq, çiynində yapıncı daxil olur.

Vəli. Salam əleyküm.

Hacı Osman. Əleykəssalam, yaxın gəl görüm, a kişi, necə varsan? Kefin necədir? Uşaqların necədir? Əyləş, söylə görüm, yaylağa nə təhər getdin, nə təhər gəldin?

Vəli (əyləşib). Nə təhər gedəcəkdim?.. Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı... Yağışlıq oldu, yerdə toz da olmadı. Rahatca yetişdik yaylağa. Ancaq bir neçə qoyun axsadı, onları da yüklədim eşşəklərə, apardım getdim...

Cavad bəy (qıraqdan). Hacı, gəlmək olar?

Hacı Osman (Cavad bəyin qabağına çıxıb). Buyurunuz, qadan alım, buyurunuz! Vəli kişi də gəlibdir, onunla da görüşərsən...

Cavad bəy (daxil olub). Ya Allah, Vəli kişi! Kefin, damağın! Necəsən, a kişi? Çoxdandır səni görmürəm... Uşaqların necədir? Salamətdirlərmi?

Vəli. Çox sağ ol, dərdin alım, Cavad bəy! Çox sağ ol! Şəfaətin artıq olsun.

Hacı Osman. Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy?

Cavad bəy. Vəli kişinin qoçaq olmasına söz yoxdur... Ancaq bunu belə eşitmişəm ki, guya Məhəmməd kişinin qızı bəzi ovqat onu əzməçələyir...

Vəli. Kimi? Məni? Ağzı nədir!.. O günləri qoyunları sağmağa bir az gec çıxmışdı ki, başın üçün, Cavad bəy, yanbızına dəyənəyi belə yapışdırdım ki, küçük kimi zingildədi.

Cavad bəy. A kişi, dəlisən nəsən? Məgər bilmirsən ki, işlər dəyişib, indi arvada güldən ağır söz demək olmaz?.. Yaxşı ki, bu sözü yanımızda dedin, yoxsa, vallah, axırını edərdilər.

Vəli. Nə deyirsən a başına dönüm, Cavad bəy? Arvad mənim deyil? Döyərəm də, söyərəm də könlünü alıb barışaram da, kimə nə borc? Kimin nə ixtiyarı var mənnən arvadımın arasına girsin.

Cavad bəy. Olmaz, Vəli kişi, olmaz! İndiki hökumət elə deyil, xatalıdır, özünü işə salarsan, sərhesab ol!

Vəli. Nə xatası olacaq, a başına dönüm?.. Deyirəm: arvad mənimdir, döymüşəm, qurtardı getdi, ta məni asmayacaqlar ki!

Hacı Osman. Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları?

Vəli. A başına dönüm, nə çoxdur yağ, süd, qatıq, ayran yesinlər dama dönsünlər. Ta artıq onlara nə lazımdır? Ayda bir dəfə də keçidən, qoyundan kəsib yesinlər, dövlətindən köpəklərin də, çobanların da kefləri kökdür, nə qədər desən kökdür.

Hacı Osman. Bəri bax, Vəli, Qaraqoyunludan gələn köpəklər necə şeylərdir?

Vəli. Başın üçün, hacı, o Qaraqoyunludan gələn köpəklər özgə şeylərdir; belə köpəklər heç yerdə görünməyib. Qanıq, Pələş, Əlləş, Buzdar, Çənbər, Qarabaş, Alabaş... ta nə ərz eləyim?.. Hamısına can qurban eləməlidir. O günləri gecə gördüm köpəklər ulaşırlar. Fit verdim getdilər; yaxınlaşıb nə gördüm?.. Qanıq minib canavarın belinə, qarpıb boynunun dalından. Pələş! Əlləş! Qurban sizə, qoymayınız!.. Canavarı parçaladılar... Qanıq! Belə sənin tellərini sevim, deyib basdım bağrıma. O saat bir keçini sığırlayıb, kəsib parçaladım, atdım köpəklərin qabağına... Onun balaları olanda, öz balalarım təki saxlayacağam.. Gecələr yatmaq bilmir ki... Heyvan sübhə kimi dolanır sürülərin başına. Qalan köpəkləri də qoymur yatmağa... Bəs belə iti mən necə qucaqlamayım, bağrıma basmayım?..

Hacı Osman. Vəli, yataqlarımız nə haldadır? Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki?

Vəli. Milin düzündə qoyun korluq çəkər? Allah abad eləsin, ucu yox, bucağı yox, çək sürünü hara kefin istəyir... Özün də yanını ver yerə, al tütəyi əlinə, vəssalam... Qoyunlar xımırt-xımırt yesinlər, sən də ləzzət apar... Ta nə istəyirsən?

Cavad bəy. Yerinə olaydım, ay Vəli, dünyanın qeylü-qalından, dərd və qəmindən bixəbər qardaş. Təmiz havada, Məhəmməd kişinin qızı yanında... Yağ, pendir, qaymaq, süd, qatıq, ayran nə qədər kefindir ye, iç, dünyayi-aləmi alma vecinə... pəh, pəh, pəh, nə gözəl ömürdür, a kişi!

Vəli. Doğru deyirsən, a Cavad bəy, belədir ki, belədir. Vallah, belədir. Canın üçün belədir.

Cavad bəy. Bəri bax görüm... Neçə yaşın ola bilər?.. Mən ölüm, doğrusunu de.

Vəli. Bilmirəm, başına dönüm... Ancaq onu bilirəm ki, bu arvadım doqquzuncudur... Kimisini boşamışam, kimisi ölübdür. Nə bilim, a başına dönüm, neçə yaşım var?.. Sən özgə söhbət başlamısan, Cavad bəy, mənim də yolum uzaqdır... Mən gedirəm... Səlamət qal, hacı. Sən də səlamət qal, a Cavad bəy.

Hacı Osman. Xoş gəldin. (Vəli gedir.) Ruzigarın necə keçir, dərdin alım, a Cavad bəy? Çoxdandı səni görmürəm... Dəyirmanını verdin əkinçilərə, yerlərini həmçinin, onda pəs necə dolanırsan?

Cavad bəy. Ruzigarım bir növ babat keçir, hacı, bir tək bağnan dolanıram. Mikayıl nə işə məşğuldur? Eşitmişəm Firəngistana getmək istəyir, doğrudurmu?

Hacı Osman. Bəli, fikrində var. Ancaq bərk ilişib Hüseynəli xanın qızına. Qızın da məhəbbəti var, amma nə eləyəsən ki, xanın yanında bizim adımızı çəkmək olmur. O saat başlayır ki, mən ayağı çarıqlı, motalpapaq çobanın oğluna qız vermərəm. Onun sözündən mən motal papaqdan, çarıqdan əl çəkəcəyəm... Bundan sonra mən bir cır-cır çəkmə geyə bilmərəm ki.

Cavad bəy. Onda sarsaqlayıb xan. Dəvədən yıxılıb höt-hötündən əl çəkmir... Tamam mülklərini əlindən alıblar, tək bircə adı qalıb: Hüseynəli xan, ta nöşün naz-qəmzə eləyir, mən bilmirəm. o qanmır ki, iş təzə başlanıb, bir azdan sonra adı da yaddan çıxacaq.

Hacı Osman. O deyir ki, gec-tez mülklərin hamısını qaytaracaqlar. Heç qaytarmasınlar, xanlığımı ki, məndən ala bilməzlər. Basdırığım sağ olsun...

Cavad bəy. Xanın başı üçün, bir də o mülkləri görməyəcək. Heç adı da qalmayacaqdır. Başı üçün çox o yan-bu yan eləsə, basdırığı da əlindən gedər.

Hacı Osman. Bilirsən, Cavad bəy, xanzadələr bir azğın tayfadır ki, ağızları lazımınca örtülmür. Mikayıl da bir tək oğlan, qalmışam məəttəl.

Cavad bəy. Hürməklərinə baxma, əllərindən iş gələn deyillər... Burada xan bircə onu deyə bilər ki, Mikayıl mənim rəiyyətlərimi yoldan çıxarıb, mülk-əmlakımı əlimdən alıbdır, o mənə düşməndir, mən ona qız vermərəm... Amma onu qanmır ki, Mikayılda taxsır yoxdur, zəmanə belə gətirib... Bu barədə o məni müqəssir eləyir...

Hacı Osman. Axır ki, çətin işə düşmüşəm... Bilmirəm nə çarə qılım?

Cavad bəy. Mən gedərəm bir neçə mötəbər adamlar ilə bərabər cənab xanın qulluği-şərifinə, görək xanın cavabı nə olacaq?

Hacı Osman. Nə vaxt buyursan, mən də gedərəm...

Cavad bəy. Çox yaxşı, Novruz bayramına yaxın, mən sənə xəbər verərəm, gedərik... Balaca işim var, mən gedim.

Hacı Osman. Hara gedirsən? Əyləş, əyləş, dərdin alım... (Çağırır.) Tamaşa, ay qız, bir bəri gəl...

Tamaşa gəlir.

Hacı Osman. Ay qız, Cavad bəyi görmürsən? Nə üçün xoş gəldin eləmirsən?

Tamaşa. Cavad bəyə mənim canım qurban, xoş gəlibdir...

Cavad bəy. Hacı, gəlsənə mənimlə Şamamanın arasına girməyəsən...

Tamaşa. Cavad bəy, nöşün yadından çıxır, başına dönüm? Mənim adım Ta....ma...şa...dır. Şamama deyil, bildin?

Cavad bəy. Neyləyim, ay qız, ay Şabaş, qocalmışam, yadımdan çıxır.

Tamaşa. Bax, Cavad bəy, başına dönüm, hər dəfə sən bizə gələndə mən sənə deyirəm: mənim adım Şabaş deyil, Şamama deyil. Mənim adam Tamaşadır... Saxla yadında, neçə dəfə demişəm sənə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Ölülər” haqqında rəy

“Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir.“Açıq söz” qəzeti, 1 may 1916, №173*

1 dəq
“Ölülər”

Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır.Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə.

1 dəq
Teleqram

Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*

1 dəq
Tərcümeyi-halım

Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur.Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər.

6 dəq

Başqa şairlərin şeirləri