Mənim vaqiəm
– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!
Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”
Bu sözləri xanın öz dilindən eşitdim. Mərhəba, necə nazikürək adamdır!
Xanın bu sözlərin eşidib, mənim ürəyim də nazikləndi, xahi nə xahi, zəndim düşdü xanın balalarının üstə.
Məzlum balalar!.. Atanız xam quşa uçurtma verir, sizi pərvazlandırır. Niyə Allah sizi bir sənətkar oğlu yaratmadı ki, heç bir fəhləlik sizə eyib gətirməsin? Halal, rahat bir qədər çörək sahibi olardınız və mən sizə məzlum deməzdim!.. Xan mərhum olandan sonra mülkü on yerə bölünür. Bu götür-götürü görməyəcəksiniz. İndi sizin təfavütünüz bir çobandan odur ki, sizin üstünüzdə qızıl təkbənd var, amma çoban belinə kəndir bağlayıb və onun üstə yarpaq kimi əsmir. Bir neçə müddətdən sonra sizin övladınız sizdən artıq məzlum olacaq. Elmsiz, ədəbsiz, tərbiyətsiz, qarnı ac. Və qarnı ac hər bəd əmələ gərək razı olsun.
Bu ağıllar əlbəttə mənim xəyalımdan keçdi. Əgər xan məndən bu bihəyalığı eşitsəydi, yəqin ki, xan kimi cuşə gələrdi.
Fəda olum sənə, xan, mən o kəsin oğluyam ki, sənin qapına bir çuval buğda təmənnasına çox gəlibdir. Demə ki, çörəyim sənə haram olsun, çünki o çörək sənin deyil. Onu alnında tər, milçək uda-uda qazanan rəiyyətdir ki, mən ona borcluyam. Xan, zəmanə qeyri zəmanədir. Mənim atam bədbəxtlərin biri idi ki, dilənçilik edirdi. Zəmanə ağıl və elm zamanıdır. Mən də on beş ildir ki, gahi ac, gahi tox elm oxuyuram və elm məni öyrədibdi nifrət ilə baxım o kəslərə ki, həmişə öz xeyirlərinə çalışırlar, qeyrilərinin başından basıb, əlini bir işə vurmayıb, tula ilə gününü keçirdələr. Bədbəxt, sənin köməyini millət istəmir. Rəhm elə öz uşaqlarına, elm və ağıl dalınca olub müftəxor olmasınlar. Layiq insan olsunlar və mən onlara nifrət ilə baxmayım, necə ki, sənin üzünə artıq tab edə bilməyib nifrət ilə baxıb düşdüm yola...
Xanlıq qapıdan fikrə piçidə, bilmərrə çıxdım bazara. Səs doğraması məni fikirdən ayıltdı; açdım gözümü, sağa və sola baxıb bir əcaibat gördüm ki, hər kəs onu görüb gülməsə, özü böyük əcaibatdır: tamam sövdəgər, əla şişpapaq hacılar şirin yuxuya bülənd olublar. Birisi ayağı bura başı ora, başı bura ayağı ora, ya ki qarnı üstə tirləmə. Birisi xoruldayır, birisi mürgüləyir, birisi fısqırırdı.
Bu gunə millət və məzhəb qardaşların görüb mən də güldüm. Amma mənim gülməyimdə qəm çox idi, nəinki şadlıq! “Əkinçi” istəyir ki, bu şəxslər ayılıb gözlərini açsınlar...
Fısqırd, hacı, fısqırd! Dədəmiz, babamız qəzetlə yuxusun qaçırtmayıb ha! Xorulda, hacı, xorulda. Bikar bəylər dükanda tənbəki torbasına azar verməsinlər. Nə vecinə ki, namazını da qılmasan. Dincəl, hər “Allahü əkbər”dən sonra borclun şeytan kimi gözünün qabağında olub zəhmət çəkməsin. Yat, gözünü bərk yum, pul tələsi çox artıb. Birisi qəzet satmaq istəyir, birisi məscid qabağında döşənən fəhlələrə pul yığıb, yağlı bozbaşı da verməsə kəsaləti artar. Yuxula, bəlkə sir-sifətin açıla! İstəyirəm səndən bir az danışam. İstədim hacını ayıldam, hacı dedi:
– Öləsən də durmaram!
Ayağını qalxızdım başı yatdı, başını qalxızdım ayağı yatdı.
– A kişi, bircə gör nə deyirəm, Allaha bax, aç gözünü! – yalvardım, yapışdım.
Axırdan-axıra hacı gözünü açdı. Amma məni görüb “pul tələsidir” – deyib hacı, bu ildi ölmüsən, bildirmi ölmüsən, təzədən tirləndi. Vaveylanı qalxızdım:
– Ay aman, ay dad!
Qonşu dükandan bir hacı bir bərk əsnəyib, zorba gəyirib, əsnəyə-əsnəyə başladı:
– Filani, hacı namazın qılıb, qoy yatsın...
Millət dərdi və təəssübü çəkən, qəm yemə! Nə qədər yaramız artsa, o qədər bərkişərik. Namərd də əgər milləti satsa, yenə biz birləşərik... Atıl kənara, hacı, oğlundan, qızından. Bizə bacı, bizə qardaş lazımdır. Bizə bacı lazımdır bacılarımızı oxutsun, öyrətsin. Bizə qardaş lazımdır qələmi ox, dili ox, sinəsi qalxan. Əgər xoruldamaq istəyirsən, əgər rahat olmaq istəyirsən buyur qəbrə, çoxdan köhnəlmisən, bizi bağışla...
Neçə müddətdi ki, vətəndə olmamışdım, istədim bəy, bəyzadələrimizi də görəm. Amma onları bir gündə tapıb əhvalpürsanlıq eləmək çox düşvardır. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır. Eləsi də var ki, bir növ-nəməklinin evində yaxşı nahardan sonra yüngülcə məşğuliyyət edir... Ya ki otağı bağlayıb özü içəridə çəkməsini yamayır, ya iki qonşu qarının yanına bir qəlyan çəkməyə gedib. Xülasə, heç bir igid çoban onları bir yerə cəm edə bilməz. Ona görə mən də üz qoydum qəbristanlığa. Ata-baba sözüdü: sənə əgər artıq qəm üz versə, get qəbristanlığa. Onda yəqin deyərsən ki, ah, nə qəm, nə dərd, dünya beş gündür, beşi də qara, dərd və qəm-kədər.
Üz qoydum şəhər kənarına. Amma bir evin yanından ötəndə ağlaşma eşitdim. Fikir etdim evə görə ölən dövlətlilərdəndir. Dayandım qapıda halva gözləməyə. Yarım saat keçməmişdi, bu evdən iki-üç yüz nəfər xanlar, bəylər, sövdəgərlər, gədalar dəstə ilə çıxdı. Xəbər aldım:
– Bu nədi?
Dedilər ki, molla Ş. İrandan bir xoşnəva mərsiyəxan gətirdib, təziyəyə başlayıb. Bu rəcəb ayı camaat yığılacaq bu mollanın öz mənzilinə...
Dəxi bəsdi, qardaş, artıq-artıq cavab lazım deyil...
Vətən dərdi çəkən bu iki yüz adamdan heç biri sənə həmdərd deyil. Sən şəhər içində, biyaban əhli səndən uzaqlaşır. Camaat ərzimə qulaq assın: insaflı mən, sahibi-həqq söz, heç kəsdən vəhmim yox. Siz mollanın evinə cəm olubsunuz, çünki siz tamam bikarsınız. And olsun Allaha, sizin bu sərgərdanlığınız məni yandırır, necə ki od yandırmaz. Əgər sən, qardaş, bu neçə saat ki mərsiyəxanın hədyanına qulaq asırdın, altı qəpik öz əhli-əyalına qazansaydın Allaha da, peyğəmbərə də, imama da xoş gələrdi. Siz bir mollanın – izzət, şövkət axtaranın, bir mərsiyəxanın – cib kəsənin əsirisiniz!
Nəfsə etiqadım yoxdur, sizlərdən uzaqdır. Sizlərdən bir başın qalxızıb “bu belə deyil” – deyən yox. Necə ki dərya üzündə lövbərsiz gəmi tufana qulamdır, siz də molla, mərsiyəxan qulusunuz. Molla, bu nə şövkətbazlıqdır? Mərsiyəxan, bu nə qulaq dibləmədi?!
Qardaşlar, molla yer üzünə gələndən ta indiyədək şövkət, izzət axtarıb. Bunu hər tayfanın tarixi isbat edir. Tamam şəhər əhli bilir ki, mərhum Mirzə Əlif, dua zoruna ona qulaq asan müsəlmanları (ancaq onları) cənnətə aparmağa söz verərdi.
Sənə fəda olum, xəlifə, sənin məqdurin var layiqi-xəlifə olmağa, öz şagirdlərini hər bir məqamda azar-bezardan saxlamağa. Plova az tamah elə. Əgər mən biləm ki, mənim ömrüm səninki kimi keçəcək, mən bir gün ömr etməzdim. Çünki bu tövr ömrü hər heyvan keçirər!
Molla qonaqların ötürüb, geri gələndə məni gördü. Gözünü mənə elə bərəltdi ki, mən vahimədən bilmədim bu molladır, ya ki xandı, bəydi, sövdəgərdi, ya ki çoban. Qan-tərin içində çığırdım:
– A ağa, Allaha bax, a bəy, Allaha bax, a molla, amandır, millət getdi əldən!
Öz sədama ayılıb, təzədən yorğanı çəkdim başıma, uzandım amma nə hacıyanə!
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-menim-vaqiem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan?– Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam.
Keçmişdə qaçaqlarƏhli-məclisİvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda*
Birinci məclisVaqe olur İvan bəyin evində, otaq xəlilər ilə bəzənmiş, mizlər, stullar düzülmüş, İvan bəy səndəl üstə əyləşib, dəftərxana kağızlarını bir-bir oxuyub, qol çəkib atır kənara, İsmayıl bəy və İbrahim bəy əyləşiblər... İskəndər qapının yanında ayaq üstə dayanıb.*İvan bəy**. Daha nə var, nə yox?
İkinci məclisVaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar.*İskəndər**. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək.
Başqa şairlərin şeirləri
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Şayistədir, ey murşidi-kamilimŞayistədir, ey murşidi-kamilim,Dostlar arasında etibar ola.