Səhifə 1 / 3

Əhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə.

Kərbəlayı Rəcəb. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram.

Güldəstə. Rəcəb əmi doğrudan da çox təmiz adamdır, amma yazıq bir azca bədbəxt olubdur. Bunun yeddi ildir ki, arvadı ölüb, qalıb yalqız. Tikəni yox, bişirəni yox, günü keçir narahat.

Zinyət xanım. Dünyada nə çoxdur arvad. Birini alsın, tikəni də olsun, bişirəni də... Burada bir çətin iş yoxdur ki.

Güldəstə. Mən də çox deyirəm, Rəcəb əmi, yazıqsan get bir Allah bəndəsi al gətir, ömrün xoş keçsin. Elə deyir səbr elə, Güldəstə, səbr elə, vaxtı var. Bilmirəm vaxtı haçan olacaq?

Zinyət xanım. Ta burada bir səbr yeri yoxdur, ömür keçir, gün keçir, yeddi il də səbr olarmı?

Kərbəlayı Rəcəb. Xanım, doğrudur, ömür keçir, gün keçir, ancaq mənim bir gözləməm var. O olmasa idi, çoxdan evlənmişdim. Bir kişi var, o gərək ölə, ondan sonra mən də onun arvadını alam... O zalım oğlu zalım ölmür ki, ölmür... Öldürməyə də gücüm çatmır... Yeddi ildir ki, elə baxa-baxa qalmışam...

Zinyət xanım. Yox, kərbəlayı! Necə ki, görürəm, elə baxa-baxa qəbrə gedəcəksən. Çünki nə bilmək olar kim öləcək, kim qalacaq?

Kərbəlayı Rəcəb. Allah qoysa o kişi öləcək, mən qalacağam. Çünki mən gündə üç dəfə namaz qılıb, Allaha yalvarıram. Bir gün olar ki, Allah mənim duamı eşidər.

Zinyət xanım. Yazıq kişi, yeddi ildir namaz qılıb, gözləyir!.. Görəsən o arvad necə şeydir ki, kişini çöllərə salıb?.. Güldəstə, sən o arvadı tanıyırsanmı?

Güldəstə. Xeyr, tanımıram. Ancaq o gərək ya usta Xəlilin arvadı olsun, ya da ki iranlı var, onun arvadı.

Kərbəlayı Rəcəb. A xanım! Güldəstə özü yaxşı bilir ki, mən nə usta Xəlili tanıyıram, nə də İran əhlindən bir kəsi... Güldəstə iz itirir, vəssalam.

Zinyət xanım. Bəri bax, kərbəlayı, bircə mənə de görüm sən o arvad ilə heç görüşüb danışmısanmı? Yoxsa elə uzaqdan-uzağa ona aşiq-məşuq olmusan?

Kərbəlayı Rəcəb. Doğrusunu ərz eləyim, xanım, mən o arvadlan açıq danışmağa cürət etməmişəm, çünki o çox yaman adamdır, yaxın durası canavar deyil... Ancaq eyhaminən qandırmışam, o zalım balası da həmişə mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb-qarışdırıb, cavab da verməyə aciz qalmışam.

Güldəstə. O arvad səni istəmirsə, kərbəlayı əmi, acığın tutmasın, namaz sənə kömək etməyəcək. İstəyirsən gündə üç dəfə namaz qılma, sübhdən axşamadək, axşamdan sübhədək başını möhürə döy, ondan bir şey çıxmayacaq.

Kərbəlayı Rəcəb. Mən ancaq onu bilirəm ki, arvad nə qədər daş ürəkli olsa, onu yola gətirmək olar.

Güldəstə. Atam! Puldan pulun yox, maldan malın, özün qoca, şücaət də ki Allaha şükür, göz qabağında... Buyur görək daş ürəkli arvadı nə tövr yola gətirə bilərsən ki, o gəlib sənə arvad olsun?

Kərbəlayı Rəcəb. Mümkündür, Güldəstə, mümkündür. Belə bax, yıxılarsan arvadın ayağına, ağlarsan, yalvararsan, arvad nə qədər daş ürəkli də olmuş olsa, axır yumşalar.

Zinyət xanım. Sən ki bunu bilirsən, kərbəlayı, bəs nöşün durmusan? Get yıxıl arvadın ayağına, yalvar, yapış ətəyindən, o da ərindən boşansın, gəlsin sənə, qurtardı getdi. Burada çətin iş yoxdur ki.

Güldəstə. Kərbəlayı əmi, sən gəl çaşma! O arvad elə arvad olar ki, sən onun ayağına yıxılanda təpənə bir yumruq çaxar, beynin yerindən oynar, gijləşərsən... Xasiyyətin bilməyən atın dalına keçməzlər, əmican!

Kərbəlayı Rəcəb. Mən indiyə kimi elə o yumruqdan qorxub, ümidimi bir tək namaza bağlamışam da...

Zinyət xanım. Kərbəlayı! Xatırına dəyməsin, bişüursan, vallah bişüursan, yoxsa çoxdan işi qurtarmışdın getmişdi...

Kərbəlayı Rəcəb. Mən bişüuram?! Hay, hay! Xeyr a, xeyra, səhviniz var, mənə xanım “hüşt” desəniz, mən quş kimi uçaram. Nə buyurursunuz?..

Zinyət xanım. Çox yaxşı, indi ki sən belə qoçaqsan, “hüşt”! Uç göyə görüm necə uçursan? “Hüşt”, “hüşt”! Xa, xa, xa, xa, xa!.. Yox, kərbəlayı, olmadı.

Güldəstə. Allahın yolun düz gedə bilmir, göyə uçmağı qalmışdı... Kərbəlayı əmi, uçaydın ay y...

Zəng vurulur.

Kərbəlayı Rəcəb (gedə-gedə). Mənim ahu-naləm bir gün səni tutacaq, Güldəstə! Vallah, billah tutacaq, görərsən! Saxla yadında.

Zinyət xanım. “Mənim ahu-naləm bir gün səni tutacaq, Güldəstə!” Bu özgə söz oldu... Bəs iş belə imiş? Hə? Qocaya yeddi il namaz qıldıran cənabınız olub, hə? Hə??? Çox yaxşı, indi buyur görüm bu necə işdir?

Güldəstə. Nə iş ola bilər, kərbəlayının gijliyi... Deyir sənin kimi bir yoldaşım olsaydı, gecə-gündüz pərvanə kimi başına fırlanardım. Nökər kimi qulluq elərdim... Mən də özümü o yerdə qoymayıram ki, guya qanmıram o nə deyir. Axırda qışqırır: Güldəstə! Sən ki, arifsən, nöşün qanmırsan mən nə deyirəm? Budur aramızda olan söhbət.

Hacı Fərəc (qıraqdan). Kərbəlayı! Mən bu gün neçə nəfər adam çağırtmışam, gələcəklər, sən dur qapıda, gələn olsa qabaqca mənə məlum elə. (Zinyət xanım qaçır.)

Kərbəlayı Rəcəb. Baş üstə, hacı, daqladsız heç kimi buraxmaram.

Hacı Fərəc (daxil olub). Güldəstə, qızım, necəsiniz, salamatsınızmı? Necə dolanırsınız?

Güldəstə (üzü yaşmaqlı). Şəfaətiniz artıq olsun. Nöşün, hacı, yaman dolanmırıq.

Hacı Fərəc. Zinyət xanım necədir, xiffət eləmir ki?

Güldəstə. Necə ki, xiffət eləmir? Gecə-gündüz ağlayır. Elə sahibindən sonra, yəqin ki, ağlayacaq.

Hacı Fərəc (ucadan). Güldəstə! Sən bir ağıllı arvadsan, xatırın Zinyət xanımın yanında əzizdir. Sən gərək qoymayasan onu nəinki ağlamağa, hətta fikir-xiffət eləməyə. Mənim də borcumdur sənə artıq-artıq mehribanlıq edib, əlimdən gələn yaxşılığı müzayiqə etməyəm.

Güldəstə. Şəfaətiniz artıq olsun, hacı, əlbəttə, mənim borcumdur. Nə demək istər...

Hacı Fərəc (əyləşib). Ola bilərmi zəhmət çəkib Zinyət xanımı çağırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var, gərək onunla danışam.

Güldəstə. Hacı! Zinyət xanım naxoşlayıb. Yazığı bir başağrısı tutubdur ki, tərpənməyə taqəti yoxdur. Bu yan otaqda yatır.

Hacı Fərəc (ucadan). Şəhərdə nə qədər həkim var, mən bu saat hamısını tökərəm bura. Necə ola bilər ki, Zinyət xanımın başı ağrısın, mən də rahat əyləşim yerimdə? Elə iş ola bilməz. Hər tərəfə fayton göndərərəm, həkimlərin hamısını yığaram. (Qalxır getməyə.)

Güldəstə. Zəhmət çəkməyiniz, hacı, bir azdan sonra başağrısı çəkilib gedər. Bu əvvəlincə dəfə deyil. Bir balaca ki, ağladı, o saat başağrısı əmələ gəlir.

Hacı Fərəc (ucadan). Güldəstə, and olsun getdiyim Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, atamın ərvahına, Zinyət xanımın rahatlığı və səlamətliyi üçün mən canımdan, malımdan keçərəm. Zinyət xanım məgər kimdir və kimin yadigarıdır?

Güldəstə. Allah sizdən razı olsun, hacı. Zinyət xanımın da sizdən sivayı bir kəsi yoxdur. Əlbəttə, siz gərək onun fikrini çəkəsiniz.

Hacı Fərəc. Əlbəttə, əlbəttə! Mənim borcumdur... Bəri bax, Güldəstə, bu kağızın arasında bir qədər pul var. Apar Zinyət xanım qoysun sandığa, lazım olduqca xərcləsin.

Güldəstə. Necə ki mən bilirəm, evdə pul çoxdur. Hacı, yəqin ki, bu pulları Zinyət xanım almayacaq. Çünki siz xahiş edirsiniz, baş üstə, aparram. (Pulu alıb gedir.)

Hacı Fərəc (tək). Zinyət xanım! Sən özlüyündə mənə lazım deyilsən, amma sənsiz də bir belə dövlət ələ gəlməz. Həmin o sərmayədir məni dəli-divanə edib, rahat qoymayan. Zarafat deyil, dörd dəst iki-üç mərtəbə evlər, səkkiz dükan, altı yerdə bağlar, hamam... Cəmi banklarda nəqd pullar... Özünü yığışdır, Hacı Fərəc! Zinyət xanıma müştəri çoxalacaq, yatma, sərhesab ol, kişi! Yoxsa arvad əldən çıxar, dövlət keçər yad əlinə, evin yıxılar, yaman günə qalarsan, genə başlarsan qoyun dərisi satmağa.

Güldəstə (qayıdıb). Zinyət xanım ərz eləyir ki, Allah hacını bizə çox görməsin, Allah onun ömrünü uzun eləsin, nə qədər o var, mən hər bir işdən arxayın olacağam. Təvəqqe edirəm ki, hər nə qədər pul vüsul olsa, hacı versin banka... Bu saat evə pul lazım deyil. (Pulu qaytarır.)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci məclis

Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.*Mirzədadaş**. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.

3 dəq
Üçüncü məclis

Vaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir.*Məmmədəli** (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən?

6 dəq
Ağıçı

Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı.Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur.

18758 dəq
Mənim vaqiəm

– Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır!Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...”

18766 dəq

Başqa şairlərin şeirləri