Əvvəlinci məclis
Səhifə 1 / 2
Cavahir xanım (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük... Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam... Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.)
Əşrəf bəy (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan?
Cavahir xanım. Sənə qurban olum, ay xala oğlu, nə yaxşı sən gəldin. Evimiz yıxılıbdır, başına dönüm.
Əşrəf bəy. Nə olub, ay qız, nə olub?
Cavahir xanım. Nə olacaq? Hacı Salmanı tanıyırsanmı? Evi yıxılmış biçarə atamı tovlayıb, var-yoxunu əlindən alıb verib baramaya, indi deyirlər ki, Qara dəryada gəmi qərq olub, tamam barama batıb... Atam bu əhvalatı eşidən kimi başına hava gəlib, olub dəli, evdən qaçıb. Anam da pir, ocaq qalmayıb ora qaçmaya, bir molla və seyid qalmayıb, ona dua yazdırmaya. Özü də evdən baş götürüb itib.
Əşrəf bəy. Bu yaxşı iş olmadı... Həkim gətirmisizmi?
Cavahir xanım. Həkim-zad nə qayırır?.. Ancaq qalmışıq kişinin həşrinə, bilmirik nə çarə edək.
Əşrəf bəy. Bəs hacı özü haradadır?
Cavahir xanım. Mən sənə deyirəm ki, atam belə. adəticə olub dəli. Nə qədər yalvardım ki, ata, sənə qurban olum, getmə, bir az yat dincəl, məni də itələyib yıxdı ora, ayaqyalın, başaçıq, hədərən-pədərən danışa-danışa getdi.
Əşrəf bəy. Yaxşı ki, mən gəldim. Heç fikir eləmə, Cavahir, mən bu saat gedib lazımı binagüzarlıq elərəm. Həkim gərək, dərman gərək. Lazımdır hacını evdən çölə qoymamaq.
Cavahir xanım. Gözlərinə qurban olum, Əşrəf... Bax, səni qoymayacağam gedəsən, ta ki, atam yaxşı olub, dürüst sağ olanacan.
Əşrəf bəy. Durmaq yeri deyil, dəxi mən getdim... Ancaq xalam gələndə deyərsən ki, çox cəzə-fəzə eləməsin, Allah qoysa yaxşı olar.
Cavahir xanım. Get, Allah səni bizə çox görməsin. Get, Allah fəryadına yetsin. (Əşrəf gedir.) Pərvərdigara! Şükür sənə. Mənim bacılarım hərəsi gedib bir Allah bəndəsinə, öz evlərində rahat dolanırlar. Mən bədbəxt gərək belə müsibətə düçar olaydım?.. Mal-dövlət əldən gedib. Bundan sonra bizim günümüz nə təhər keçəcək, Allah bilir?! Yazıq canım, fağır canım!
Dilbər xanım (daxil olur, yorulmuş, bikef). Cavahir, o suyu mənə ver, dilim ağzımda yanıbdır, ayaqlarım qəbər olub... Görəsən mən hansı saatda dünya üzünə gəlmişəm? Mən olan günə daş düşəydi! Elə bu qalmışdı ki, qəza bizim başımıza gətireydi?
Cavahir xanım (su verib). Ana, gəlsənə ayaqlarını isti su ilə yuyam.
Dilbər xanım. Lazım deyil, bala, gedəcəyəm...
Cavahir xanım. Heç yerə getmək lazım deyil... İndi elə bu saat Əşrəf dava-dərman gətirəcək. Dedi ki, xalam çox cəzə-fəzə eləməsin və qorxmasın. Heç zad olmaz. Atamı da bu saat gətirəcəkdir.
Dilbər xanım. Əşrəfin gəlməyi yaxşı oldu... Sizə canım qurban, şəhər tamam dəyib bir-birinə. Hara gedirəm gədələr məndən əl çəkmirlər. Biri deyir pirə apar, biri deyir dua yazdır, birisi hırıldayır, birisi yalandan, guya ki, bizim dərdimizə qalır... Mən də inanıram... Nə bilim? Adamın əli yananda ağzına təpər... Mənə hər nə deyirlər, mən də onun dalınca gedirəm. Nə bilim? Hacı Salmanın evin Allah yıxsın, balaları qırılsın!
Cavahir xanım. Allaha yalvarmaqdan savay əlimizdən nə gələr?
Dilbər xanım. Məscid qabağında dizi üstə çöküb, nə qədər yalvarmışam, nə qədər söz demişəm.
Cavahir xanım. Yavaş bir, deyəsən atamı gətirirlər.
Əşrəf bəy (çöldən). Ay kişi, vallah, billah, tallah, mən səni aldatmıram... Bəri gəl, sən nə təhər adamsan? Bəri gəl deyirəm sənə. Bir gəl, de nədir sözün.
Hacı Qəmbər, Əşrəf bəy və Cəbi daxil olurlar, Dilbər xanım, Cavahir xanım hacını qucaqlayıb
Dilbər xanım. Ay kişi, evindən niyə qaçırsan? Bəri gəl, bir az dincəl.
Cavahir xanım. Ata məgər bizə sənin yazığın gəlmir?
Əşrəf bəy (acıqlı). Allahı sevərsiz, danışdırmayın, oturun yerinizdə. Nə xəbərdir?!
Hacı Qənbər –
Bir belə cəhəlkar adamlar olmaz, mən deyirəm:
Fikrində idi bir neçə turac ilə kəklik vursun,
Əvəzində oların sərçəni bozbaş edən əst.
O deyir, xeyr, qardaş, belə deyil... Bat-bat bexur, net rabatay. Yaramadı, getdi, batdı, itdi... İndi bunun cavabı nədir? O deyir: qaz vur, qazan dolsun. Mən deyirəm: xeyr, qardaş, yaramaz, bat-bat bexur, net rabatay! İndi yaydır, qazlar uçub gediblər... Əlavə mən deyirəm ki, əzizim, qoy gedim bu tiği-sitəmkarı oxalatdırım, Hacı Salmana qonaq gedim, o deyir: xeyr, olmaz, bat-bat bexur, net rabatay. Gəmi batdı, it də getdi, ip də getdi... Bu da beləsi... İndi necə olsun, Əşrəf, sən ağıllı oğlansan, buna nə deyirsən?
Əşrəf bəy. Mən deyirəm yorulmusan, get yat, bir az dincəl.
Hacı Qənbər. Təəccüb iş burasıdır ki, iki qulaqlarımın birisi mənə düşməndir, birisi dost... Sağ qulağım çığırır ki, vurulan qafilə sənindir, kirədar neçün ağlar? Sol qulağım çığırır: yalan deyir, çox qələt eləyir, bat-bat bexur, net rabatay. O dolu sandıqlar sağ olsun, biri ləl, biri cavahir... Sağ qulağım deyir ki, yüz min təbib neynəsin, bir fələk qarğamışa. Sol qulağım deyir: qələt eləmə, bir şəm ki, haqdan yana, heç bad ilə sönməz. Kafir uşaqları məni lap təngə gətiriblər, bilmirəm hansına inanım... Amma Hacı Salmana bir düdəməyi-hindi ilişdirməyim var... Belədir, Cəbi, ya yox?
Cəbi. Sənə gələn dərd-bəla gəlsin Cəbinin balalarına, yazıq ağa!
Hacı Qəmbər. Ayağımın birisi deyir: dərya topuqdandır, o birisi deyir: həri, ha-ha... Dərya Bakının neft quyularından da dərindir, ora düşən, get ay batandan sonra gəl. Bat-bat bexur, net rabatay... O qaldı İsrafilin düdək çalmağına. Yat ki, yatacaqsan... (uzada-uzada) Gəmi... dərya... barama... Hacı Salman... Hacı Qəmbər... qutrats!..
Cavahir xanım. Ata, heç bilirsənmi, gecədən nə keçibdir? Gəl gedək yataq, gəl, canım sənə qurban. Gəl axır biz də yazığıq!
Hacı Qəmbər. Gedək yataq. İsrafil zurnasını çalanacan (əlini ağzına tutub) du-u-u! Ay İsrafil qardaş, du-u-u!.. öləsən də yatıb durmayacağam, du-u-u!.. (Gedirlər.)
Əşrəf bəy. Xala, sən heç fikir eləmə, Allah qoysa hacı bir-iki günə yaxşı olar. O ki qaldı dövlətin əldən getməsinə, o barədə genə fikir lazım deyil. Mənim canımın da, malımın da təəllüqü var sizə. Mən bir gün də qoymaram ki, siz üsrət çəkəsiz. Mənim sizdən savay bir kəsim yoxdur.
Dilbər xanım. Allah səni bizə çox görməsin, həmişə ümid yeri eləsin, ay Əşrəf... Ancaq yaman bəlaya düşdük.
Əşrəf bəy. Sənin canın üçün, xala, hacının bu əhvalatından artıq məni bu gün müsəlman qardaşların hərəkəti qəmgin edibdir. Biçarə kişini bir hoydu-hoyduya götürmüşdülər ki, Allah göstərməsin... Vəhşi, nadan tayfa!
Dilbər xanım. Doğrudur, başına dönüm, Allah onların zülmün artırsın.
İmamqulu otağa girmək istəyir.
Cəbi. Sən nə istəyirsən, qardaş? Nə üçün gəlmisən? Nə var burada, qoymazsız görək dərdimiz nədir?
İmamqulu (burnunda). Gəlmişəm sənin sifətinə baxmağa... Rəhmətliyin oğlu, belə dur görüm... Əlbəttə, işim var ki, gəlirəm də.
Əşrəf bəy. Cəbi, qoy gəlsin görək nə deyir (gəlir). Nədir sözün, qardaş nə istəyirsən?
İmamqulu. Heç, bir elə artıq iş yoxdur... Deyirlər ki, hacı belə olubdur (şəhadət barmağın salıb ağzına çıxardır). Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm. Vəssalam. Nə lazım, qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil.
Əşrəf bəy. Buyur görək nə hesabdır.
İmamqulu. Hacının özünü görmək olmazmı?
Dilbər xanım. Hacı naxoşdur, yatır. Nədir sözün onu de?
İmamqulu. Hacını bu gün bazarda gördüm. Allah göstərməsin, çox yaman gündə. Allah kömək eləsin. Nə deyim... Ancaq, qardaş, bir çin külfətim var, zarafat deyil.
Əşrəf bəy. Allah xatirinə, qardaş, sözünü de, rədd ol, tul eləmə.
İmamqulu. Niyə belə tələsirsiz, ay bəy? Sizi mən burada yemirəm ha.
Əşrəf bəy. Əstəğfürullah! Ay tıntın qırışmal, hesabın nədir, onu de, artıq bizə niyə əziyyət verirsən?
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-yagisdan-cixdiq-yagmura-dusduk-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xırda xanım və yerində əyləşmiş... Əbdürrəhim daxil olur.*Xırda xanım**. Əbdürrəhim, necə oldular?
Üçüncü məclisƏhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır.*İskəndər bəy** (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum... Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!..
Dördüncü məclisƏhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında.*Xırda xanım**. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil... Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam... Xülasə, çox bədxab oldum... İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır. Pəri gəlir.)
DələduzƏhli-məclisMirzədadaş*
Başqa şairlərin şeirləri
Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
MəndədiBir qız ilə bir gəlinin bəhsi var,Gəlin deyər, bu gün meydan məndədi.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.