Səhifə 1 / 2

Vaqe olur həmin otaqda. Əşrəf bəy daxil olur.

Əşrəf bəy. Gəldik çatdıq Mərəndə... İndi bir qoçaq oğlan istərəm burda mətləbi açıb iş düzəldə... Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır... İndi mən neyləyim?.. Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm... Hərçi badə bad... Ay Allah qonağı istəyən! Ay uşaq, evdə kim var?

Dilbər xanım (daxil olub). Bizə nə yaxşı qonaq gəlib, ay Allah! Əşrəf, yaxşısanmı, başına dönüm? Bir belə müddətdə bir yol heç olmasa bir kağız da yazmırdın... Bir adam da göndərmirdin.

Əşrəf bəy. Sizin canuvuza, macalım olmur, gecə-gündüz əlləşirəm; əkinçilikdir, nə bilim bağdır, dəyirmandır, asudə deyiləm...

Dilbər xanım. Hacı hər gün xəbər alır görəsən nə oldu ki, Əşrəfdən bir xəbər çıxmadı?

Əşrəf bəy. Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilmirəm. İşi də götürmüşəm böyük. Qapıdakı gədələr də gecə-gündüz mənlən əlləşirlər... İndi əlhəmdülillah evi tamam elədim, bağ-bağça öz yolilə düzəlir. Ancaq təkəm, bu yaman dərddir.

Dilbər xanım. Bu zəmanədə ev işi hər bir işdən asan olub, ancaq özün xahiş eləyəsən.

Əşrəf bəy. Mənim kimi yetimin işi bu barədə asan ola bilməz. Mənim bir kəsim yoxdur, səndən və hacıdan savayı.

Dilbər xanım. Hər kimin qızın istəsən, heç sənə müzayiqə eləməz, hələ deyəsən yalvarar verər... Sən göstər, mən gedim bir gündə tamam eləyim.

Əşrəf bəy. Məni bağışlayın, xala, tərkədəblik də olsa əlacım yoxdur... Nə lazım özgə qapısına getmək... Təvəqqe edirəm ki, məni siz və hacı oğulluğa qəbul eləyəsiz. Ərzim Cavahirin xoşbəxtliyidir.

Dilbər xanım. Cavahirin başını kəsməyə sənin ixtiyarın var, xalan sənə qurban!.. Sən bacımın balası, yadigarısan. Mənim artıq sözüm ola bilməz. Ancaq bilirsən, qadanı alım, lazımdır ki, bu işdə atasının və qeyri övladın xeyir-duası olsun. Kişi gələr evə, açıb ona deyərəm və onun nə cavabı olsa, sənə məlum edərəm.

Əşrəf bəy. Sahib ixtiyarısız. Ancaq təvəqqe eləyirəm mənim bu cür rəftarımı biədəb hesab eləməyəsiz.

Dilbər xanım. Nə danışırsan, Əşrəf? Kim sənə biədəb deyə bilər? Vallah, üzünə demirəm, sənin kimi cavan hələ bizim şəhərimizdə olmayıb. Əlavə, sən məgər özgəsən?

Əşrəf bəy. Mən həmişə sizi anam yerində qoymuşam... Allah şahiddir ki, bu sözdə xilaf yoxdur. (Saata baxıb). Yolum uzaqdır, xala, mənə rüsxət verin qulluğunuzdan mürəxxəs olum.

Dilbər xanım. Get, xalan sənə qurban. Hələ bu günlərdə, sənə xəbər göndərərəm.

Əşrəf bəy. Xudahafiz.

Dilbər xanım. Xoş gəldin... (Əşrəf bəy gedir.) Mübarək işdir, Allah çox xeyir versin... Bu halda şəhərimizdə Əşrəfdən münasib oğlan yoxdur... Cavahir əlbəttə bu işə razıdır, artıq söz ola bilməz. Mənim heç ümidim yoxdu ki, Əşrəf bəy bu fikrə düşə... Bundan sonra düşmən dəxi artıq yanacaq. Olsun, olsun! Yetər, Yetər. (Çağırır.) Artıq saxlamaq lazım deyil, bu günlərdə işi tamam elərik. (Yetər daxil olur.) Yetər, otağı yığışdır, hacının gələn vaxtıdır... Cavahir görəsən paltarı tikib qurtardımı? (Gedir.)

Yetər. Əşrəf bəy gələn kimi mən o saat duydum. Cavahir özü də elə eşitdi... Allah mübarək eləsin, heç belə münasib iş olmazdı... Tək oğlan, əl-ayağına dolaşan yox, cavan, göyçək, özü oxumuş, mülk-maşı. Artıq nə lazım? Buna deyərlər: nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım... Allah öz birliyi xatirinə mən yetimə də bir bəxt açsın.

Hacı Qəmbər (daxil olub). Ay qız, Yetər, nə qayırırsan, bala?

Yetər (başını aşağı salır). Heç, otağı yığışdırıram.

Hacı Qəmbər (zənnlə Yetərin üzünə baxır). Başını niyə aşağı salmısan, ay qız? Yuxarı bax görüm. Niyə rəngin qaçıb, naxoş-zad deyilsən ki, yaxın gəl görüm. Sənə yaxın gəl demirəm? (Gedib Yetərin qolundan tutur). Üzünə nə olub, qaralıb ay qız? (Çənəsindən qalxızır.) Kömürçü ha deyilsən. (Yetər yavaşdan çəkilib getmək istəyir.) Yetər...

Yetər (dayanır). Bəli.

Hacı Qəmbər. Get mənə bir az soyuq su gətir... (Yetər gedir.) Qəribə işə düşmüşəm, bir dəqiqə qızı görməyəndə dəli-divanə oluram... Bir xətadan qurtarıb dübarə təzə xətayə düçar olmuşam. Bilmirəm də nə tövr eləyim. Kəbindən savay bir əlac yoxdur, şəriətə görə də bu bir böyük savabdır. Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə lətifəni əldən qoysam mənə axmaq deyərlər. Hərçənd məsəldir “köpəyin iyə düşəni tuladan yeyin olar”, amma hələ mənə bu sinnimdə köpək demək olmaz, mən özümü heç bir cavana tay tutmaram. (Yetər su gətirir, hacı almır). Ay qız, Yetər, sən lap yekə qız olmusan ha, indi gərək sən on altı, ya on yeddi yaşında olasan... Sən bizim evə gələndə lap balaca uşaqdın... Ay qız, üzünü niyə yumursan? İstəyirsən sənə bir ətirli sabun alım?

Yetər (kənara). Qana bilmirəm bu nə deyir. (Hacıya.) Əgər içmək istəmirsiz, aparım.

Hacı Qəmbər. Yetər, gərək sənin atan-anan yadına düşməyə, sən çox balaca idin. (Yetər suyu yerə qoyub gedir.) Acığı tutdu. Eybi yoxdur, yavaş-yavaş yola gətirrəm. Hələ ürkütmək lazım deyil. Pəh, pəh, pəh! Nə qədər dedikcən gözəldir. Ondan masəva novrəstədir. Ah, dünya beş gündür, beşi də qara... Bir az istirahət elərik, əcəl yetib Əzrayıl da gələndə deyərik buyur!

Dilbər xanım (daxil olub). Ay kişi, yaxşı ki, bu gün tez qayıtdın evə. Sənə bir əhval deyim... Əşrəf bu gün gəlmişdi mənim yanıma. Deyir ki, hacıdan təvəqqe eləyirəm məni oğulluğa qəbul eləsin... Mənim, deyir, bir kəsim yoxdur sizdən savayı... Bu işə indi sən nə deyirsən?

Hacı Qəmbər (kənara). Nə yaxşı oldu... Cavahir əl-ayağımıza dolaşmaz. (Dilbər xanıma.) Bilirsən, arvad, nə var?.. Mənim bu axırı kı işimdə Əşrəf bizə həqiqət oğulluq elədi, bizə xəcalət verdi, özün borclu elədi. Ona görə insafdan uzaqdır ki, biz onun sözün yerə salaq. Əlavə mən belə qanıram ki, Əşrəfdən artıq oğlana biz Cavahiri verə bilməyəcəyik. Allah mübarək eləsin. Mən bu işə çox razıyam və şadam.

Dilbər xanım. Mən özüm də çox şadam və razıyam. Ancaq indi rüsxət verirsənmi ki, mən bu işə razı olmağımızı Əşrəfə məlum edəm?

Hacı Qəmbər. Əgər Cavahir özü də bu işə razı olsa, onda məlum eləyə bilərsən?

Dilbər xanım. Məni və Cavahiri qonaq çağırıblar, gərək elə bu saat gedək. Cavahirə də yolda deyərəm.

Hacı Qəmbər. Çox yaxşı, elə vaxtdır, gedin... (Dilbər xanım gedir.) Heç bir belə sahmanlı iş olmazdı. Arvadın başın qarışdırrıq Cavahirin işinə, başlarıq Yetərin işini. Qardaş, Allahdan gizlin deyil, bəndədən nə gizlin, dəxi tab-taqətim kəsilibdir, aşkar olmuşam Məcnun. (Gedib qapıdan qulaq asır.) Gedin izalə olun da!.. Mən görüm başıma nə çarə qılıram (səktə). Əgər Yetər razı olsa, mən işi elə bu gün tamam elərəm. İnşallah, Yetər ağasının sözün yerə salmaz... Bir neçə gün xəlvət saxlarıq, sonra Dilbər bilsə də eybi yoxdur. Çox atılıb düşər, mehrin sayaram qabağına, deyərəm xoş gəldin. (Gedib dübarə qulaq asır.) İtilib getməzlər də!.. Əlhəmdülillah, getdilər (səktə). Yetər, Yetər!

Yetər daxil olur.

Yetər. Nə buyurursuz?

Hacı Qəmbər. Getdilər?

Yetər. Bəli, getdilər...

Hacı Qəmbər. Çox əcəb, çox pakizə. (Yetər getmək istəyir.) Hara qaçırsan, ay qız? Bir az dayan görüm nə var. Cavahirin işinə sən nə deyirsən, razısanmı?

Yetər. Mən nəkarəyəm ki, razı olam ya olmayam... Mən bir yetim qız, özüm də qulluqçu.

Hacı Qəmbər. Sarsağın qızı, bu evdə əvvəlinci xanım elə sənsən. Ancaq orası var ki, sən o sinnə dolmusan ki, biz şəriətə görə olmuşuq bir-birinə naməhrəm; mən sənin üzünü görüb səsini eşidə bilmərəm; çox günahdır, nə qədər desən günahdır.

Yetər. Nə eybi var, ağa, mən bundan sonra sizə heç görünmərəm və danışmaram.

Hacı Qəmbər. O nahaq sözdür. Mən elə iş görə billəm ki, sən mənə məhrəm olarsan.

Yetər. Mən qana bilmirəm. Bir deyirsən ki, mənə baxmaq günahdır, bir də deyirsən məhrəm olaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 49

...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...

19112 dəq
Balaca mütəfərriqələr 50

Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).

19111 dəq
Balaca mütəfərriqələr 51

...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,

19112 dəq
Balaca mütəfərriqələr 52

Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!

19141 dəq

Başqa şairlərin şeirləri