Ah, paxıllar!
Biri gedir, biri gəlir paxılların bu dünyada,Bir iblisdir ilan başlı, balıq qanlı bu insanlar.Bir şairin yalnız ömrü tor içində gedir bada...Nə yazıq ki, bu sirrimi nə anlayan, nə duyan var.
Haqqım varmı dövranımdan, vətənimdən inciməyə?"Xeyr! Xeyr!" – bu səs gəlir gecə-gündüz ürəyimdən.Mən öz kasıb sənətimi başlamışam "ellər" – deyəBu ilhamla, bu imanla öləcəyəm cahanda mən.
Fəqət, durur gözlərimin qarşısında bu iblislər,Ürəyimdə külək əsir, yarpaq düşür, çiçək solur...Gecəm keçir xəyal ilə, sual verir mənə səhər!– Hansı şair, hansı qələm öz vaxtında xoşbəxt olur?..
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-ah-paxillar
← → düymələri ilə keçid, R — təsadüfi şeir