Sevgilimin qılığı
Gecə cansız, gecə sakit, gecə lal!
Nə qədər uçsa da uçduqca xəyal.
Udur insanı bu zülmətli gecə,
Bu vəfasız, bu rütubətli gecə.
Ay uzaqlarda, küsüb gendə durur,
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafını şiddətli boran,
Sevgilimdir başım üstündə duran,
Yuxusuz gözləri hərdən süzülür,
Baxıb əhvalıma candan üzülür
Və deyir: "Yazma, yazıqsan, daha yat,
Düzələn şey deyil onsuz da həyat.
Nə mürəkkəb, nə kağız qalmadı, dur,
Bu esr şairi vaxtsız unudur...
Qapının ağzını almış qara qış,
Filosoflar belə şaşqın qalmış,
Bu həyatın dolaşıq yollarına,
Ac qalarsansa bu gündən yarına.
Bizə bir kimsə çörək verməyəcək,
Qadının "ver!", çocuğun "ver!" deyəcək.
Nə mürəkkəb, nə kağız qalmadı, dur!
Bu əsr şairi vaxtsız unudur...".
Xayır! Aldanma əziz arkadaşım,
Daşa dəysin də, qayıtsın da başım,
Ta ki, dünyadakı hər sirri bilim,
Uzun olsun da həyatımda dilim.
Demə sərsəm gecələr yolçusuyam,
Mən doyüşlərdə həyat ordusuyam!
Geri qalmaq - ölümün nərdivəni,
O qaranlıqlara qaytarma məni.
Sən deyirsən ki, "yazıqsan, daha yat,
Düzələn şey deyil onsuz da həyat".
Nə sənindir, nə mənimdir bu əməl,
Özgə bir yerdə danışma bunu gəl.
Düşün, ətrafını gör, bir də düşün,
Yoxsa mənasız olur hər gülüşün,
Daha xoşbəxt edəcəksən məni sən,
Özün öz taleyini həll etsən...
Sən deyirsən ki, "yazıqsan, daha dur,
Bu əsr şairi vaxtsız unudur".
Nə sənindir, nə mənimdir bu əməl,
Özgə bir yerdə danışma bunu gəl.
Qoparıb qəlbimi sən vurma daşa,
Gəl! Yaxın gəl! Oxuyub qıl tamaşa
Əsərimdən gorünən heykəlimi;
Tutma, qoy yazsın, əzizim, əlimi.
Nə rəyasət, nə cəlal istəyirəm,
Sadə hiss, sadə xəyal istəyirəm,
- Məni şerinlə sevindirdin, əvət!
- Yaşaşın öyləsə dünyada sənət!
Onun ardında nə hikmət görünür!.
Bütün insan və təbiət görünür.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-sevgilimin-qiligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostlar, badələri qaldırın içək!Gecə ulduzludur, hava da sərin.
GödəkcəDostum! Moskvada, iki il qabaq,Qarlı bir qış günü bir evə dolduq.
Yada sal məniAşıq Şəmşir, Dəlidağdan keçəndəKəklikli daşlardan xəbər al məni.
Qürbət eldəVaxtsız əcəl, get o yanda dayan, dur,Qürbət eldə can vermərəm ölümə!